Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4023/2022 21.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli mövud borcun etirafı haqqında mücərrəd müqavilənin ləğv edilməsi, 60.000 (altmış min) avro borcun və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Macarıstan Respublikasında qeydiyyatda olmaqla həmin ölkədə fəaliyyət göstərir. Həmin müəssisə ilə Azərbaycan Respublikasında qeydiyyatda olmaqla fəaliyyət göstərən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində mövcud borcun etirafı haqqında mücərrəd müqavilə (sonrakı mətndə “müqavilə”) imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçı qarşısında olan 60.000 (altmış min) avro borcunu 01 mart 2022-ci il tarixindən etibarən 18 ay ərzində hər ay 3333,33 avro olmaqla tam həcmdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliklərin icrasını təmin etməmiş, bu səbəbdən də hazırkı mübahisə yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cvabdehin ümumi borcun 20000 avro hissəsini ödəməsi faktını təsdiq etdiklərini, bu halın onlara məhkəmə baxışında məlum olmasını qeyd edərək xx.xx.2021-ci il tarixli mövud borcun etirafı haqqında mücərrəd müqavilənin ləğv edilməsi, 40.000 (qırx min) avro borcun və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmanda keçirilməsini xahiş etmiş, daha əvvəlki məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, qarşı tərəfdən 2017-ci ildən damazlıq yumurtalar almış, uzun müddət birgə çalımışdır. Daha sonra ziyan olduğundan məktubla müraciət edərək, faizlərin azaldılmaısını xahiş etmişlər. 2018-ci ildə araşdırma aparılmış və müəssisəsnin zərərlə işləməsi təqdiqlənmişdir. 2018-ci ildə müqavilə bağlamış və yarı-yarıya ödəməyi öhdəliyini götürmüşlər. Ödənişlərə başladıqdan sonra “koronavirus” xəstəliyinin yayılması ilə əlaqədar iş qüvvəsi azalmış, fabrik fəaliyyətini dayandırmışdır. Pandemiya qurtardıqdan sonra isə yenidən fəaliyyətə başlamış, daha sonra qarşı tərəfin nümayəndəsi gəlmiş və ödənişin olunacağı ilə bağlı məlumat verilmişdir. Quş qripi olduğuna görə X1 malın qəbuluna icazə verməmişdir. Fors major halı kimi xarici şirkətdən mal ala bilməmişlər. Daha sonra Türkiyə ilə yenidən müqavilə bağlamış avqust ayında 10 min avro, daha sonra yenidən 10 min avro iddiaçının hesabına ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC “borcverən” "xxxx" MMC “borclu” olmaqla imzalanmış 7 sentyabr 2021-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borclu bu müqavilənin 2.2-ci bəndində göstərilmiş pul məbləğini (bundan sonra “borc” adlandırılacaq) bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürür. Bu müqavilə ilə borc verən ilə borclu arasında əvvəllər bağlanmış bütün yazılı və şifahi müqavilə və razılaşmalar xitam edilmiş hesab olunur. Borc verən öz növbəsində həmin borc məbləği tam həcmdə qaytarıldıqdan sonra borclu tərəfindən bu müqavilənin 2.2-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu bu müqaviləni imzalamaqla borc verənə aşağıda göstərilən borcunun olduğunu bəyan, etiraf və təsdiq edir: 2.2-ci bəndə əsasən borc məbləği - 60.000.00 (altmış min) avro təşkil edir. 4.1-ci bəndə əsasən borclu bu müqavilə ilə etiraf etdiyi borcu hər ay 3333,33 avro (üç min üç yüz otuz üç avro 33 sent) olmaqla 01 mart 2022-ci il tarixindən etibarən 18 (on səkkiz) ay ərzində tam həcmdə borc verənə qaytarılmasını öhdəsinə götürür. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubunda müqavilənin ləğv olunması və müqavilə üzrə öhdəlik olaraq götürülmüş 60.000 avro məbləğində pul vəsaitinin 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən məlum olur ki, "xxxx" MMC tərəfindən 400 manat məbləğində mediasiya xərci Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. 26 avqust 2022-ci il tarixli 33-2022 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən hər biri 10.000 avro olmaqla iki dəfə vəsait "xxxx" Şirkətinə məxsus bank hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə imzalanmış, "xxxx" MMC "xxxx" MMC-yə olan 60.000 avro məbləğində borcunu tam olaraq etiraf etmişdir. Tərəflər arasında borcun etirafına dair müqavilənin olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsini və müqavilədə nəzərdə tuulmuş borcun ödənilməsini tələb edir, cavabdeh isə maliyyə çətinlikləri ilə bağlı olaraq ödənişi vaxtında edə bilmədiklərini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 5.4-cü bəndində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, borclunun əmlak vəziyyətinin kəskin pisləşməsi və ya onun əmlakının borc verənin xəbəri olmadan özgəninkiləşdirilməsi və ya xərclənməsi barədə istənilən formada məlumat daxil olduğu halda, həmçinin bu müqavilənin 4.1-ci bəndində şərtləşdirilmiş aylıq ödənişlər gecikdirildiyi təqdirdə borc verən borcu dərhal tələb etmək və bunun üçün məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən borcun razılaşma üzrə müəyyən edilmiş şəkildə ödənilməməsi öz təsdiqini tapmış, eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında mövcud borcun maliyyə problemləri ilə bağlı ödənilmədiyini qeyd edilmişdir. Məhkəmə tərəflər arasında imzalanmış müqavilənin şərtlərini, eyni zamanda hər iki tərəfin nümayəndəsinin izahatlarını əsas götürərək hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbi əsaslı olduğundan təmin edilməli və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli mövud borcun etirafı haqqında mücərrəd müqavilə ləğv edilməli, cavabdeh tərəfindən 40.000 avro məbləğində ödəniş iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli mövud borcun etirafı haqqında mücərrəd müqavilə ləğv edilsin. "xxxx" MMC-dən 40.000 (qırx min) avro (ödəniş gününə avronun Azərbaycan manatına olan rəsmi məzənnəsinə uyğun olaraq) və 400 manat mediasiya xərci "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4023/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4023/2022
21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver