Məhkəmə qərarları › İş №e-2-2(113)-404/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-404/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-404/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X4, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2022-ci il tarixli, 0109/F-22 sayı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1.İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə 100.000 manat məbləğində kredit vermiş, borcalan isə krediti qəbul edərək bu müqaviləsə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə görə kredit əsas vəsaitin artırılması məqsədilə verilir. 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18% olmaqla cərimə faizi ödəyir. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. 3.4.1 və 3.4.3-cü bəndlərinə görə kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək və bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifəsidir. 6.4 və 6.5-ci bəndinə görə bu müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və borc alan tərəfindən əsas borcu, faizlər, cərimə və dəbbə pulu banka tam həcmdə ödənildikdən sonra müqavilə öz qüvvəsini itirir. Kredit müqaviləsi hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (borcalan) və X5 oğlu (zamin) arasında 22 iyun 2022-ci il tarixli, 0109/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilələrə görə zamin, borc alanın xx.xx.2022-ci il tarixli, MK 0109/F-22 nömrəli kredit müqaviləsinə əsasən Bankdan 36 ay müddətinə, illik 18% olmaqla aldığı 100.000 manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 2.1-ci bəndinə əsasən borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borcu, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə bank borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər. 3.1.1-ci bəndinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bank zamindən verilmiş kreditin və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Müqavilə bankın, borc alanın və zaminin imzaları və bankın möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ödəniş qrafikinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 100.000 manat, faizin məbləği 30.148,62 manat, cəmi ödəniləcək məbləğ 130.148,62 manat məbləğində müəyyən edilmişdir. Ödəniş qrafiki bank və borc alan tərəfindən imzalanmışdır.

4. İddiaçı ASC (bank) ilə X5 oğlu və Cavabdeh1 arasında 05 noyabr 2022-ci il tarixli, MK 0109/F-22 saylı zaminlik müqaviləsinə 01 saylı əlavəyə əsasən 22 iyun 2022-ci il tarixli, 0109/F-22 saylı zaminlik müqaviləsinə dəyişiklik edilərək zamin Osmanov X2 Nazilə Ağamusa qızı ilə əvəz edilmişdir. Əlavə bankın, borcalanın və zamin Cavabdeh1 imzaları və bankın möhürü ilə təsdiq edilmişdir. 5.İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipotekaqoyan-borcalan) arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəlikərn icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 2.1-ci bəndinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən 112,9 kv.m. ümumi sahədən ibarət mənzil ipoteka qoyulur. 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti: 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü(məbləği): illik 18 faiz olmaqla 100.000 manat; Öhdəliyin icra müddəti: kredit müqaviləsi üzrə vəsaitin borcalana verildiyi tarixdən xx.xx.2025-ci il tarixədək. 4.1-ci bəndinə əsasən ipotekasaxlayanın tələbi aşağıdakılar da daxil olmaqla tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə (cərimə) pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmeti ipoteka saxlayanda qaldıqda onun saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə, icra qeydi verilməsi üçün notarius xərcləri və digər xərclərin (icra, hərrac, qiymətləndirmə və s.) ödənilməsi. 9.1-ci bəndinə əsasəb bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borc alan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir. 9.2-ci bəndinə əsasən borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə annuitet ödənişlər 90 gün və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranması üçün əsas verən haldır. İpoteka müqaviləsi ipoteka saxlayan və ipoteka qoyan-borcalan imzalanmaqla notariat qaydasında təsdiq edilmişdir. 6.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq edilir ki, ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2020-ci il tarixli, RB/KM-1320 saylı müqaviləyə istinad edilmişdir.

7. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh2 100.000 manat kredit verilmiş, borcalan tərəfindən sonuncu dəfə xx.xx.2024cü ildə tarixində olmaqla müxtəlif vaxtlarda və məbləğlərdə ödənişlər edilmişdir. .

8. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh2 ipoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsi barədə bildiriş ünvanlanaraq yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli, LP-014/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzil real bazar dəyərinin 171.000 manat, likvid qiymətinin isə 154.000 manat dəyərində müəyyən edilmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, -/10019 saylı ekspert rəyinə əsasən Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-ci il tarixə əsas kredit borcu 78.529,81 manat, faiz borcu 2497 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

11. 27.03.2023-cü il tarixli sonuncu maliyyə arayışına əsasən İddiaçı ASC-nin 06.2022ci il tarixli MK0109/F-22 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 68.037,68 manat, faiz borcu 12.705,51 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

12. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 77 487.88 manat əsas, 3 588.55 manat faiz, 12 705.51 manat cərimə borcu olmaqla, cəmi borcu 93 781.94 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 51 manat məbləğində rüsumun, 420 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh2, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2na məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 112.9 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASCyə olan borcun ödənilməsi; xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22saylıkredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh2, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № MK 0109 /F-22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % olmaqla 36 ay müddətinə 100 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC və Cavabdeh1Ağamusa qızı arasında xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il taixli MK 0109/F-22 saylızaminlik müqaviləsinə 01 saylı əlavə bağlanmışdır. Əlavənin mahiyyəti ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli MK 0109/F-22 saylı zaminlik müqaviləsində dəyişiklik edilmiş, X5 oğlunun zaminliyi fiziki şəxs Cavabdeh1 zaminliyi ilə əvəz edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli MK 0109/F-22 saylı ipotekamüqaviləsinə əsasən Cavabdeh2na məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 112.9 kv.m ümumi sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 140 000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylıkredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 Banka 77.487,88 manat əsas, 3.588,55 manat məbləğində faiz, 12.705,51 manat cərimə borcu olmaqla, cəmi borcu 93.781,94 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsək də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylıkredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Banka dəyən bütün zərərin ( kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi, də daxil olmaqla Zamin bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə, məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir. 14.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.5, 247,3, 428.4, 445.2.1,448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 472.1-ci maddələrinə, «İpoteka haqqında» AR Qanununun 33 və 39.1-ci maddələrinə əsasən istinad etmişdir. 15.01.03.2024-cü il tarixdə iddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 66.037,68 manat əsas, 12.705,51 manat cərimə borcu olmaqla, cəmi 78.743,19 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 51 manat məbləğində rüsumun, 420 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh2, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 112.9 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi; xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh2, zamin - Cavabdeh1)tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

16.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

17. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

18. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

19. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

20. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

21. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

22. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşr redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - AR Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

23. “İpoteka haqqında” Qanunun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

24. AR MPM-in: a.103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. b.107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

25. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

26.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. 27.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 illik 18% dərəcəsi ilə 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. 28.İddianın kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-ci il tarixə (pretenziyanın göndərildiyi tarixə) əsas kredit borcunun 78.529,81 manat, faiz borcunun 2497 manat təşkil etməsi müəyyən edilmişdir. 29.Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. 30.Digər tərəfdən hesabdan çıxarışa əsasən müəyyən edilmişdir ki, ekspert rəyində borcun hesablandığı tarixdən sonra Cavabdeh2 tərəfindən mübahisəli kredit müqaviləsi üzrə cəmi 11.000 manat məbləğində ödəniş edilmişdir.

31. Beləliklə, xx.xx.2023-ci il tarixindən sonra mübahisəli kredit müqaviləsi üzrə edilmiş cəmi 11.000 manat məbləğində ödənişlərin 2497 manat hissəsini faiz borcundan, qalan 8503 manat hissəsini isə əsas borcdan çıxdıqda mübahisəli kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun 70.026,81 manat (78.529,81 manat-8503) olması, faiz borcunun isə olmaması 2497-2497=0) müəyyən edilir.

32. Odur ki, İddiaçı ASC-nin iddia tələbinin həcminin azaldılması barədə ərizəyə əsasən 66.037,68 manat əsas borcun tutulmasını tələb etdiyini nəzərə alaraq və işə iddia tələbi həddində baxaraq məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdehlərdən tutulacaq əsas borc məbləği 66.037,68 manat məbləğində müəyyən edilməlidir.

33. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.

34. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir. 35.Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (borcalan) və X5 oğlu (zamin) arasında 22 iyun 2022-ci il tarixli, 0109/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin X5 oğlu kredit alan Cavabdeh2 222 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Zaminlik müqaviləsinə 01 saylı əlavəyə əsasən həmin müqaviləsinə dəyişiklik edilərək zamin Osmanov X2 Nazilə Ağamusa qızı ilə əvəz edilmişdir.

36. Odur ki, məhkəmə zamin Cavabdeh1 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (əsas borc və dəbbə pulu olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. 37.Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. 38.Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipotekaqoyan-borcalan) arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 112,9 kv.m. ümumi sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. 39.İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. 40.Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112,9 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qaydada tutulmalıdır. 41.Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 42.İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyi alınmış və həmin rəyə əsasən ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzilin real bazar dəyərinin 171.000 manat, likvid qiymətinin isə 154.000 manat dəyərində müəyyən edilmişdir.

43. Qiymətləndirici şirkətin rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyəri "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən müəyyənləşdirilməlidir. 44.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 420 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

45. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (tələbin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 326 manat təşkil edir. 46.Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

47. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 48.Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 320 manat məbləğində pul vəsaiti, digər məhkəmə xərclərinin əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. 49.Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. 50.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi üzrə 66.037,68 manat məbləğində əsas krеdit bоrcu və 3000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 69.037,68 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 154.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 20 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar