Məhkəmə qərarları › İş №e-2-2(113)-4040/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4040/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4040/2023 05.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh eyni zamanda Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 oglunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı 14 dekabr 2021-ci il tarixli, 04/121 saylı X1 Kreditlər Üzrə Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsi üzrə 2309,83 manat əsas borc, 120,62 manat faiz borcu və 30,16 manat cərimə borcu olmaqla cəmi 2460,61 manat kredit borcunun və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı 14 dekabr 2021-ci il tarixli, 04/121 saylı X1 Kreditlər Üzrə Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsi üzrə 2309,83 manat əsas borc, 120,62 manat faiz borcu və 30,16 manat cərimə borcu olmaqla cəmi 2460,61 manat kredit borcunun və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli, 04/121 saylı X1 Kreditlər Üzrə Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsinə əsasən Cavabdeh1nə 14 ay müddətinə illik 20% olmaqla 6 281.84 (altı min iki yüz səksən bir manat səksən dörd qəpik) manat kredit verilmişdir. Kapital Bank” ASC ilə Cavabdeh2 arasında 14 dekabr 2021-ci il tarixli 06/121 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 14 dekabr 2021-ci il tarixli, 04/121 saylı X1 Kreditlər Üzrə Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh1 hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda 05 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 və Cavabdeh2 14 dekabr 2021-ci il tarixli Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsi üzrə 2 309,83 (iki min üç yüz doqquz manat səksən üç qəpik) manat əsas borc, 120,62 (yüz iyirmi manat altmış iki qəpik) manat faiz borcu və 30,16 (otuz manat on altı qəpik) manat cərimə borcu olmaqla cəmi 2 460,61 (iki min dörd yüz altmış manat altmış bir qəpik) manat kredit borcu təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin qanunvericiliyin tələblərinə əsasən yaranmış mübahəsinin qarşılıqlı razılıq əsasında həll olunmasından ötrü cavabdehə mediasiya təklifi göndərilmişdir. Daha sonra ilkin mediasiya sessiyanın keçirilməsi üçün Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət göndərilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilat ilkin mediasiya keçirilməsi barədə tərəflərə bildiriş göndərmişdir. Lakin İddiaçı ASC-dən başqa digər tərəflərdən heç biri mediasiya sessiyasında iştirak etməmişlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh eyni zamanda Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 oglu iddianı etiraf etmişdir .

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

7. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında baglanmış 14 dekabr 2021-ci il tarixli, 04/121 saylı X1 Kreditlər Üzrə Ümumi Müqaviləyə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsinə əsasən Cavabdeh1nə 14 ay müddətinə illik 20% olmaqla 6 281.84 (altı min iki yüz səksən bir manat səksən dörd qəpik) manat kredit verilmişdir. Müqavilə və ödəniş qrafiki tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.

10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

11. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

13. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

14. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərinə düşən öhdəliyi icra etməmişdirlər. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 6 281.84 (altı min iki yüz səksən bir manat səksən dörd qəpik) manat məbləğində pul cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

17. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 2309,83 manat, faiz borcu üzrə 120,62 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

19. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Ona görə də, cavabdehlərdən 30,16 manat cərimə borcu tutulmalıdır.

20. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul da, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Bakı 16 saylı Mediasiya təşkilatına ödənilmişdir.

22. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 14 dekabr 2021-ci il tarixli, 04/121 saylı X1 Kreditlər Üzrə Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsi üzrə 2309,83 manat əsas borc, 120,62 manat faiz borcu və 30,16 manat cərimə borcu olmaqla cəmi 2460,61 manat kredit borcu və ödənilmiş 60 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 14 dekabr 2021-ci il tarixli, 04/121 saylı X1 Kreditlər Üzrə Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 dekabr 2021-ci il tarixli 01 saylı Əlavəsi üzrə 2309,83 manat əsas borc, 120,62 manat faiz borcu və 30,16 manat cərimə borcu olmaqla cəmi 2460,61 manat kredit borcu və ödənilmiş 60 manat mediasiya xərci cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar