Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4042/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarantiya müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı 17 iyul 2019-cu il tarixli 2019/Q-986 saylı qarantiya müqaviləsi üzrə cəmi 1500 ABŞ dolları məbləğində komissiya haqqının, iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 45.50 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı 17 iyul 2019-cu il tarixli 2019/Q-986 saylı qarantiya müqaviləsi üzrə cəmi 1500 ABŞ dolları məbləğində komissiya haqqının, iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 45.50 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə (bundan sonra “Qarant” adlanacaq) "xxxx" MMC arasında (bundan sonra “Prinsipal” adlanacaq) bağlanmış 17 iyul 2019-cu il tarixli 2019/Q-986 saylı qarantiya müqaviləsinə əsasən “LATA” ilə (bundan sonra “Benefisar” adlanacaq) “Prinsipal” arasında bağlanmış 03 yanvar 2011-ci il tarixli müqavilə üzrə aviabiletlərin satışı üçün “Prinsipal”ın xahişi ilə “Benefisar”a 50000 ABŞ dolları məbləğində bank qarantiyası verilmişdir. Qarantiya müqaviləsinin 4.3.1-ci bəndinə əsasən “Prinsipal” “Qarantiya”nın təqdim edildiyi gündən üç gün ərzində qarantiyanın buraxılmasına görə “Qarant”a qarantiya məbləğinin 3 faizi məbləğində (50000 X 3%) – yəni 1500 ABŞ dolları məbləğində komissiya haqqının ödənilməsini və “Qarant” tərəfindən müvafiq tələb təqdim edildikdən sonra isə iki gün ərzində “Qarant”ın “Qarantiya” üzrə öhdəliklərinin icrası ilə yaranan bütün xərcləri və itkiləri “Qarant”a ödəmək barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq tələb olunan komisiya haqqı bu günə kimi “Prinsipal” tərəfindən “Qarant”a ödənilməmişdir. Qarantiya müqaviləsinin 4.3.3-cü bəndinə əsasən “Prinsipal” qarantiya üzrə “Qarant” qarşısında öz üzərinə götürdüyü öhdəliklərə görə bütün aktivləri ilə məsuliyyət daşıyır. Həmin müqvilənin 5.2-ci bəndinə əsasən müqavilənin 4.3.1-ci bəndində göstərilmiş komissiya haqqının vaxtında ödənilməməsinə görə “Prinsipal” hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 0.1 faizi miqdarında “Qarant”a cərimə ödəməlidir. Qarantiya müqaviləsinin 5.5-ci bəndinə əsasən bu müqavilənin və ya “Qarantiya” müddətinin başa çatması tərəfləri bu müqavilənin və ya “Qarantiya”nın qüvvədə olma zamanı etməli olduqları, lakin etmədikləri öhdəliklərdən azad etmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)- 130/2020 saylı Qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Banklar haqqında Azərbaycan Respublikasının Qanununun 72.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Qarantiya müqaviləsi üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi barədə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə əvvəlcə şifahi, sonra isə 21 dekabr 2022-ci il tarixli və 24 yanvar 2023-cü il tarixli bildirişlərlə isə yazılı müraciət edilməsinə baxmayaraq cavabdehlər tələb olunan komissiya haqqının banka ödənilməsini təmin etməmişlər. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “komissiya haqqının ödənilməsi” tələbinə dair mübahisə ilə əlaqədar Bakı 10 saylı Mediasiya Təşkilatında 04 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 04 mart 2023-cü il tarixli MŞB/10-001127 nömrəli arayış tərtib edilmişdir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. 483-cü maddəsinə əsasən əgər qarantiyada ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə minir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.
9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İşin müəyyən edilən halları ondan ibarətdir ki, mübahisə qarantiya müqaviləsi üzrə komissiya haqqının ödənilməsi ilə bağlıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında 17 iyul 2019-cu il tarixli 2019/Q-986 saylı qarantiya müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, “LATA” ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 yanvar 2011-ci il tarixli müqavilə üzrə aviabiletlərin satışı üçün cavabdeh "xxxx" MMC-nin xahişi ilə “LATA”ya 50000 ABŞ dolları məbləğində bank qarantiyası vermişdir. Qarantiya müqaviləsinin 4.3.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MMC qarantiyanın təqdim edildiyi gündən üç gün ərzində qarantiyanın buraxılmasına görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarantiya məbləğinin 3 faizi məbləğində, yəni 1500 ABŞ dolları (50000 X 3%) məbləğində komissiya haqqının ödənilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tələb təqdim edildikdən sonra isə iki gün ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarantiya üzrə öhdəliklərinin icrası ilə yaranan bütün xərcləri və itkiləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəmək barədə öhdəlik götürmüşdür. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 2019/Q-986-1 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 bank qarşısında cavabdeh "xxxx" MMC-nin 17 iyul 2019-cu il tarixli 2019/Q-986 saylı qarantiya müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qarantiya və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya qarantiya və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, qarantiya üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Bakı 10 saylı Mediasiya təşkilatına ödənilmişdir.
14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 17 iyul 2019-cu il tarixli 2019/Q-986 saylı qarantiya müqaviləsi üzrə cəmi 1500 ABŞ dolları məbləğində komissiya haqqı, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiyaya dair xərc və ödənilmiş 45.50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev