Məhkəmə qərarları › İş №e-2-2(113)-4042/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4042/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4042/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səmhdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Qapalı Səmhdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun хеyrinə - 017R********** saylı krеdit razılaşması üzrə 7015,18 manat krеdit bоrcu, 553,61 manat faiz bоrcu və 173,98 manat cərimə borcu olmaqla, ümumilikdə 7742,77 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 97,43 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017L**********68 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 017S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 (on dörd min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 6984,82 manat ödəmiş, onun 7015,18 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 126 gün üçün hesablanmış faiz borcu 553,61 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 126 gün üçün hеsablanmış cərimə 173,98 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Bank İddiaçı QSC ilə borclu Cavabdeh1, zamin X1 arasında bağlanmış xx.xx.2022ci il tarixli 017L**********68 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Borc alana 120 ay müddətinə 100000 manat məbləğində kredit ayırmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan hər bir Kredit üzrə borcunu, Kredit faizini, xərcləri və başqa məsrəfləri bu Müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq Kredit Sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda Ödəniş planına və ya Ödəniş haqları Cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin 4.4-cü bəndinə əsasən, Kredit faizi, qaytarılmalı Kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün Kredit Faiz Kreditin Faiz Dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Müqavilənin 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirlən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malik olması şərtləşdirilmişdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit alanın Bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Müqavilənin 5.1-ci bəndinə əsasən Bank Hesabının kreditləşməsi və Girov barədə qarışı Razılaşma eyni zamanda Cari Hesab müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında birgə məsuliyyət daşımağı və kredit alanla birgə bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 017L**********68 saylı Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** saylı krеdit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC Cavabdeh1 ümumi məbləği 14000 manat olan, illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə biznes krediti verməyə razılaşmışdır. xx.xx.2023-cü il 017S**********01 nömrəli Qoşulma barədə sazişə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 017L**********68 saylı Uzunmüddətli kredit və təminat müqaviləsinə zamin qismində qoşulmuşdur. Sazişin 1-ci bəndinə əsasən, zamin Kredit Alanın həmin Uzunmüddətli kredit və təminat müqaviləsini təmin etmək məqsədilə bu Sazişi imzalamaqla Müqaviləyə qoşulur və buna müvafiq olaraq Müqavilə üzrə Kredit Alanın həm bu Sazişin İmzalanması anınadək mövcud olan, həm da bu Saziş İmzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün Kredit Alanla birgə və tam məsuliyyət daşıyır. Kreditin verilməsi (köçürmə) barədə qəbzdən və hesabdan çıxarışdan görünür ki, İddiaçı QSC Cavabdeh1 hesabına 14000 manat kredit köçürmüşdür. xx.xx.2025-ci il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 7015,18 manat məbləğində əsas bоrcu, 553,61 manat məbləğində faiz bоrcu və 173,98 manat məbləğində cərimə borcu, cəmi 7742,77 manat borcu vardır. xx.xx.2022-ci il tarixli 017L**********68 saylı Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 017R********** saylı krеdit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 14000 manat olan aylıq faiz dərəcəsi 1.9167% olmaqla verilmiş kreditə görə Cavabdeh1 19 yanvar 2023-cü il tarixdən 19 dekabr 2025-ci il tarixinə qədər hər ayın 19,21,22-si 545 manat, sonuncu ay 523,32 manat ödəməlidir. İddiaçı QSC tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2025-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən qısa müddət ərzində əsasən ödənilməmiş pul vəsaitinin banka qaytarılması tələb edilmiş, əks halda kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunacağı və məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 97,43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 017L**********68 saylı Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** saylı krеdit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən iddiaçı Cavabdeh1 14000 manat məbləğində aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə kredit vermişdir. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə zamin Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 017L**********68 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə xx.xx.2023-cü il 017S**********01 nömrəli Qoşulma barədə sazişə əsasən zamin kredit öhdəliyin icra edilməməsinə görə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər krеdit razılaşması üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı etiraz etməmişlər.Nəticədə iddiaçının cavabdehlərə qarşı krеdit razılaşması əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2022ci il tarixli 017R********** krеdit razılaşmasına əsasən 7015,18 manat məbləğində əsas bоrc və 553,61 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixli 017L**********68 saylı kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən hesablanmış 173,98 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 173,98 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 97,43 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 017R********** saylı krеdit razılaşması üzrə 7015,18 manat əsas bоrc, 553,61 manat faiz bоrcu və 173,98 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7742 (yeddi min yeddi yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik bоrc, ödənilmiş 97 (doxsan yeddi) manat 43 (qırx üç) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səmhdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar