Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-405/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı ASC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3.597.230,36 manat borc olmaqla – bundan 3.242.617,69 manat əsas, 223.106,51 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 131.506,16 manat faiz borcunun, iş üzrə ödənilmiş 2589 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, H05 saylı Kredit müqaviləsinə əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 6 (faiz) faiz dərəcəsi ilə ******* (iki milyon bir yüz qırx min beş yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli əlavəyə əsasən məbləği AZN valyutasına mübadilə edilmiş, əsas borc 3246617,69 (üç milyon iki yüz qırx altı min altı yüz on yeddi manat altmış doqquz qəpik) manat, faiz borcu isə 3246,59 (üç min iki yüz qırx altı manat əlli doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2021-ci il tarixinə artırılmışdır. Kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalan borcverənə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsinin 5.1.2-ci bəndinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və yaxud qismən ödənildikdə borcalana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvək icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********071 saylı xx.xx.2024-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 3.597.230,36 (üç milyon beş yüz doxsan yeddi min iki yüz otuz manat otuz altı qəpik) manat təşkil edir. Bundan 3242617,69 (üç milyon iki yüz qırx iki min altı yüz on yeddi manat altmış doqquz qəpik) manat əsas, 223106,51 (iki yüz iyirmi üç min bir yüz altı manat əlli bir qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 131506,16 (bir yüz otuz bir min beş yüz altı manat on altı qəpik) manat borc təşkil edir.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Yusubov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin:
7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı ASC-nin “Dostluq” Fililalı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 6% olmaqla ******* ABŞ dolları məbləğində 24 ay müddətinə kredit verilmişdir.
13. Müqavilənin 4.2-ci bəndinə görə borc alan tərəfindən kreditin qaytarılması xx.xx.2016-cı il tarixindən başlayaraq xx.xx.2018-ci il tarixinə kimi faizlər rüblük olaraq əsas məbləğ isə müddətin sonunda müəyyən olunacaq. Ödəniləcək kredit, o cümlədən ona hesablanmış faizlər, borcverənin hesabına ödənilir və ya köçürülür.
14. Müqavilənin 4.6-cı bəndinə görə gecikdirilmiş borc yarandıqda borc alan borc verənə gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,01% miqdarında dəbbə (penya) pulu ödəyir.
15. İddiaçı ASC-nin “Dostluq” Fililalı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavəyə əsasən, cavabdehə verilmiş kreditin ******* ABŞ dolları məbləğində qalıq məbləği və 2140,56 ABŞ dolları məbləğində faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək xx.xx.2016-cı il tarixinə qalıq borcu 3246617,69 manat, faiz məbləğdən 3246,59 manat təyin edilmişdir.
16. İddiaçı ASC-nin “Dostluq” Fililalı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsinə xx.xx.2018-cı il tarixli əlavəyə əsasən, xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə kreditlin qalıq məbləğinin istifadə müddəti 24 ay müddətinə, illik 6% hesablamaq şərti ilə xx.xx.2019-cu il tarixinə qədər uzadılmışdır.
17. İddiaçı ASC-nin “Dostluq” Fililalı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə kreditlin qalıq məbləğinin istifadə müddəti illik 6% hesablamaq şərti ilə xx.xx.2020-ci il tarixinə qədər uzadılmışdır.
18. İddiaçı ASC-nin “Dostluq” Fililalı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə kreditlin qalıq məbləğinin istifadə müddəti illik 6% hesablamaq şərti ilə xx.xx.2021-ci il tarixinə qədər uzadılmışdır.
19. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas borc 3242617,69 manat, faiz borcu 223106,51 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 131506,16 manat təşkil edir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/741 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borc 2823677,79 manat, faiz borcu 0 manat, illik 5% dərəcəsi ilə faiz borcu 411075,63 manat təşkil edir.
21. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh MMC-yə iddiaçı ilə bağladığı xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsinə əsasən illik 6% olmaqla ******* ABŞ dolları məbləğində krеdit verilmişdir. Tərəflər arasında həmin kredit müqaviləsinə əlavələr bağlanmış, kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavə ilə, cavabdehə verilmiş kreditin ******* ABŞ dolları məbləğində qalıq məbləği və 2140,56 ABŞ dolları məbləğində faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək xx.xx.2016-cı il tarixinə qalıq borcu 3246617,69 manat, faiz məbləğdən 3246,59 manat təyin edilmiş, xx.xx.2018-cı il tarixli əlavə ilə xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə kreditlin qalıq məbləğinin istifadə müddəti 24 ay müddətinə, illik 6% hesablamaq şərti ilə xx.xx.2019-cu il tarixinə qədər uzadılmış, xx.xx.2019-cu il tarixli əlavə ilə xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə kreditlin qalıq məbləğinin istifadə müddəti illik 6% hesablamaq şərti ilə xx.xx.2020-ci il tarixinə qədər uzadılmış və xx.xx.2020-ci il tarixli əlavə ilə xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə kreditlin qalıq məbləğinin istifadə müddəti illik 6% hesablamaq şərti ilə xx.xx.2021-ci il tarixinə qədər uzadılmışdır. Cavabdeh krеdit müqaviləsinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə qalıq əsas borc tutularaq iddiaçıya ödənilməli, cavabdehdən tutulacaq əsas borcun məbləği xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməli, iddia faiz borcunun tələb edilməsi hissəsində isə təmin edilməməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/741 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə xx.xx.2016-cı il tarixli, H05 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan faiz borcu 0 manat təşkil edir.
29. Bundan əlavə iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 131506,16 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
33. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
34. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
35. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
36. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
40. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
41. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan, cavabdeh tərəfindən də təkzib edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə təmin edilməlidir.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/741 nömrəli ekspert rəyi ilə illik 5% dərəcəsi ilə faiz borcu 411075,63 manat müəyyən edilsə də məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından tələb bu hissədə iddia tələbi həddində təmin edilməlidir.
43. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2823677,79 manat əsas borc, 131506,16 manat illik 5 faizlə hesablanmaqla faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 2267,59 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 321,41 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
46. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 (100 manat + 50 manat) manat təşkil edir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 150 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2823677,79 manat əsas borc, 131506,16 manat illik 5 faizlə hesablanmış borc, 2267,59 manat dövlət rüsumu, ümumilikdə 2957451,54 (iki milyon doqquz yüz əlli yeddi min dörd yüz əlli bir manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 321,41 (üç yüz iyirmi bir manat qırx bir qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova