Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4068/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 20304,75 ABŞ dolları - bundan 9427,04 ABŞ dolları əsas borc, 3812,88 ABŞ dolları faiz borcu, 5678,85 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1385,98 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 193,56 manat (yüz doxsan üç manat əlli altı qəpik) dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə illik 19,5% dərəcəsi ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 14687,51 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1 USD=1,40 manat) məzənnə əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 427.3, 442, 445, 445.3, 445.7, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 739.1, maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı iddia müddətinin tətbiq edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 9427,04 ABŞ dolları əsas, 3812,88 ABŞ dolları faiz, 5678,85 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1385,98 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 193,56 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması ilə bağlı məhkəməyə müraciət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialından ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 19.5 % dərəcəsi ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit alınmışdır. Bir müddət ödəniş etdikdən sonra dolların qalxması səbəbindən ödəniş olunmamışdır. 2017-ci ildə bank işçiləri cavabdehin iş yerinə gələrək restruktrizasiya müqaviləsi bağladılar. Həmin vaxtdan sonra cəmi 3 ay ödəniş edildi, ondan sonra isə heç bir məbləğ ödənilməmişdir. Yəni 2017-ci ildən maddi vəziyyəti pisləşdiyindən heç bir ödəniş edə bilməmişdir. Qeyd olunan vaxtdan, yəni 2017-ci ildən 8 il, 2015-ci il əsas kredit müqaviləsindən isə 10 il keçdikdən sonra pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Halbuki Mülki Məcəllədə kredit müqaviləsi üzrə iddia müddəti 3 il qeyd olunmuşdur. Belə çıxır ki, bank müddəti ötürmüş sayılmalıdır. Onların tələb etmə hüququ 2017-ci ildən artıq yaranmışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bank 3 illik müddəti ötürməyərək, məhkəməyə müraciət etmişdir.
6. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, 2017-ci ildən bank heç bir hərəkət etməmiş və müddəti ötürmüşdür. Bununla bağlı ərizə təqdim olunubdur. Hazırkı vəziyyətdə dolların məbləği artmışdır və bu da şəxsin vəziyyətini ağırlaşdırır. İddianın rədd olunması xahiş olunur.
7. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir; 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən kreditor borcalana 14200 ABŞ dolları məbləğində kredit verir; 2.2-ci bəndinə əsasən müqaviləyə əsasən kredit borcalana dövriyyə məqsədilə verilir; 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilir; 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 19.5% ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 21,623% təşkil edir; 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 39% dərəcəsilə, aylıq isə 3,25% dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir; 3.1-ci bəndinə əsasən müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir; 5.1-ci bəndinə əsasən müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi ümumi dəyəri 24300 manat olan daşınar əmlakın girovu qeyd edilmişdir; 6.1-ci bəndinə əsasən borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə kreditor verdiyi krediti hesablanmış faizlərlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Müqavilə tərəflərin imzası və ləğv prosesində olan İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 19,5% olan 14200 ABŞ dolları məbləğində kreditin verilməsi barədə razılıq əldə edilmişdir. Əlavə tərəflərin imzası və ləğv prosesində olan İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
9. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********21 saylı kassa məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh oğlunun bank hesbaına 14200 ABŞ dolları ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən əsas kredit ödənişi qeyd edilmişdir. Order tərəflərin imzası ilə təsdiq edilmişdir.
10. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh oğlu tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2017-ci ilədək 14200 ABŞ dolları əsas, 3064,33 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 17264,33 ABŞ dolları məbləğində vəsait ödənilməsi barədə razılıq əldə edilmişdir. Ödəniş cədvəli tərəflərin imzası və ləğv prosesində olan İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
11. Tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə saziş ilə müqaviləyə dəyişikliklər edilmişdir: Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 14687,51 ABŞ dolları təşkil edir; Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD=1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir; Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 10792,69 ABŞ dolları əsas borc, 2625,38 ABŞ dolları faiz borcu və 1269,44 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Əlavə tərəflərin imzası və ləğv prosesində olan İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
13. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müqavilə üzrə borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3359 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən Cavabdeh İddiaçı ASCyə olan borcu xx.xx.2022-ci il tarixə (müqavilənin bitmə tarixi) əsas borc üzrə 9225,57 ABŞ dolları, faiz borcu üzrə 3433,96 ABŞ dolları olmaqla, 12659,53 ABŞ dolları, xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarix) əsas borc üzrə 9225,57 ABŞ dolları, faiz borcu üzrə 3433,96 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu 1373,59 ABŞ dolları olmaqla, ümumilikdə 14033,12 ABŞ dolları təşkil edir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 24 ay müddətinə illik faiz dərəcəsi 19.5% olan 14200 ABŞ dolları məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********21 saylı kassa məxaric orderinə əsasən bank tərəfindən Cavabdeh oğlunun bank hesabına 14200 ABŞ dolları ödəniş edilmişdir. Tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə saziş ilə müqaviləyə dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 14687,51 ABŞ dolları təşkil etmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
20. Həmçinin cavabdeh kredit müqaviləsi üzrə 3 illik iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Hesab olunur ki, vəsatət əsassızdır. Belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Beləliklə, müddət ötürülmədən iddia ilə məhkəməyə müraciət olunmuşdur.
21. İddia tələbinin bir hissəsini Cavabdeh 9427,04 ABŞ dolları əsas borc, 3812,88 ABŞ dolları faiz borcunun tutulması təşkil edir.
22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, ekspert rəyini nəzərə alaraq hesab edir ki, əsas borc və faiz borcunun tutulmasına dair iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 9225,57 ABŞ dolları (doqquz min iki yüz iyirmi beş dollar əlli yeddi sent) əsas borc, 3433,96 ABŞ dolları (üç min dörd yüz otuz üç dollar doxsan altı sent) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3359 saylı ekspert rəyini əsas götürmüşdür. Belə ki, ekspert rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan əsas borcu 9225,57 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (müqavilənin bitmə tarixi) faiz borcu 3433,96 ABŞ dolları təşkil etmişdir.
23. İddia tələbinin digər hissəsini Cavabdeh oğlundan kredit müqaviləsi üzrə 5678,85 ABŞ dolları cərimə borcunun tutulması təşkil edir.
24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, 300 (üç yüz) ABŞ dolları məbləğində müəyyən edilməlidir.
26. İddia tələbinin digər hissəsini 5 faizlə hesablanmış 1385,98 ABŞ dolları faiz borcunun tutulması təşkil edir.
27. Məhkəmə hesab edir ki, icra gecikdirildiyindən Cavabdeh oğlundan kredit müqaviləsi bitəndən sonra 5 faizlə hesablanmış 1373,59 ABŞ dolları (min üç yüz yetmiş üç dollar əlli doqquz sent) faiz borcu tutularaq ləğv prosesində olan “Dəmirbank ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, ekspert rəyinə əsasən 5 faizlə hesablanmış faiz məbləği 1373,59 ABŞ dolları təşkil etmişdir.
28. Həmçinin iddiaçı cavabdehdən iş üzrə ödənilmiş 193,56 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 136,6 manat (yüz otuz altı manat altmış qəpik) Cavabdeh oğlundan tutularaq banka ödənilməlidir.
30. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pulun 35,3 manat (otuz beş manat otuz qəpik) hissəsi Cavabdeh, 14,7 manat (on dörd manat yetmiş qəpik) hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 9225,57 ABŞ dolları (doqquz min iki yüz iyirmi beş dollar əlli yeddi sent) əsas borc, 3433,96 ABŞ dolları (üç min dörd yüz otuz üç dollar doxsan altı sent) faiz borcu, illik 5%-lə hesablanmış 1373,59 ABŞ dolları (min üç yüz yetmiş üç dollar əlli doqquz sent) faiz borcu, 300 (üç yüz) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 14333,12 ABŞ dolları (on dörd min üç yüz otuz üç dollar on iki sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136,6 manat (yüz otuz altı manat altmış qəpik) pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 35,3 manat (otuz beş manat otuz qəpik) hissəsi Cavabdeh, 14,7 manat (on dörd manat yetmiş qəpik) hissəsi isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova