Məhkəmə qərarları › İş №e-2-2(113)-407/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-407/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-407/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “X1” (AzİnTelecom) MMC-nin nümayəndəsi X2 və Cavabdeh MMC-nin nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı “X1” (AzİnTelecom) MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” (AzİnTelecom) MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı müqavilə üzrə "xxxx" MMC-yə 6446,40 manat əsas, 1869,11 dəbbə və 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 8345,51 manatın tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə imzalanmışdır. Həmçinin tərəflər arasında 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə 05 noyabr 2018-ci il tarixdə 1 saylı əlavə imzalanmışdır. 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən "xxxx" MMC müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində Cavabdeh MMC-yə Virtual Server Xidmətlərini göstərmək razılığını bildirmiş və Virtual Server Xidmətlərinin göstərilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC bu müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində "xxxx" MMC tərəfindən göstərilən Virtual Server Xidmətlərindən istifadə edilməsinə razılığını bildirir və Virtual Server Xidmətləri üzrə ödənişlərin edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinin tələblərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göstərilən Virtual Server Xidmətlərinin təsviri və şərtləri hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavələri ilə müəyyən olunur. Cavabdeh MMC-nin nümayəndəsi, vəkili Vəkil iddiaya etiraz verərək, qeyd etmişdir ki, hazırkı iddia tələbi şifahi mülahizələrdən başqa heç bir sübutla təsdiqini tapmır və iddiaçı tərəf məhkəməyə və onlara irəli sürdüyü tələbi əsalandıran dəlillərini təqdim etməmiş, habelə təqdim etməkdən qəsdən yayınmışdir. Belə ki, iddiaçının istinad etdiyi 05.11.2018-ci il tarixli, 148HD2018 saylı “Xidmətin göstərilməsi haqqında” müqavilənin 2,.2-ci və 5.1 -ci bəndlərinin tələbləri tərəflərindən heç vaxt pozulmamış, əksinə iddiaçı tərəfindən adı çəkilən müqavilənin 1.1-ci, 2.1 -ci, 3.2-ci və 5.1 -ci bəndlərinin tələbləri kobud şəkildə pozularaq cavabdeh ”BOA STARTUP” MMC üçün qanunsuz və heç bir sübut və dəlillə təsdiqini tapmayan borc və dəbbu pulu hesablanmışdır. Əgər iddiaçı hazırkı tələbində səmimidirsə göstərildiyi ehtimal edilən Virtual Server Xidmətlərin “Xidmətin göstərilməsi haqqında” müqavilənin 3.2-ci bəndinin şərtlərinə uyğun olaraq hesab fakturalarını və aylıq təhvil təslim aktlarını cavabdeh ”BOA STARTUP” MMC-yə təqdim edildiyini sübuta yetirən dəlillərini məhkəməyə və cavabdeh tərəf olaraq onlara təqdim etmiş olardı. İddia predmetini təşkil edən 6446,40 manat məbləğində əsas borcdan görünür ki, guya həmin borc məbləği aylıq 364,20 manat xidmət haqqına uyğun olaraq təxminən 17 ay ərzində istifadə edilmiş Virtual Server Xidmətlərinə görə hesablanmış və yalnız bircə dəfə tərəflərindən 372,46 manat ödəniş həyata keçirilmişdir. Lakin, iddiaçı “Xidmətin göstərilməsi haqqında” müqavilənin 3.2-ci bəndlərinin tələblərinə zidd olaraq hazırkı iddia tələbini təsdiq edə biləcək hesab faktura və təhvil təslim aktını ”BOA STARTUP” MMC-yə hesab faktura təqdim etməmişdir. Buda onu düşənməyə əsas verir ki, idiaçıya bircə ay müddətinə göstərilmiş Virtual Server Xidmətlərinə görə 372,46 manat ödəniş həyata keçirilmişdir, lakin bundan sonra həmin xidmət iddiaçı tərəfində göstərilmədiyinə görə cavabdehə hesab faktura təqdim edilməmiş və nəticə etibarı ilə sözü gedən xidmət göstərilmədiyindən ödənişlərdə həyata keçirilməmişdir. Həmçinin, iddiaçı tərəf Müqavilənin 7-ci bəndindən irəli gələn yəni müqavilə üzrə öhdəliklərə xitam verilməsi ilə bağlı zəruri hərəkətləri (hüquqlarımdan) qəsdən istifadə etməmişdir. Bundan sui-istifadə edən iddiaçı tərəf 28.09.2020-ci il tarixdə yəni qeyd olunan müqavilə bağlandığı tarixdən təxminən 2 ilə yaxın vaxt keçdikdən sonra məqsədli şəkildə həmin vaxt ərzində göstərmədiyi xidmətlərə görə əsassız borc hesablayaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı 05.11.2018-ci il tarixli, 148HD2018 saylı “Xidmətin göstərilməsi haqqında” müqavilənin 3.2-ci bəndlərinin tələblərinə görə Müqavilə üzrə Virtual Server Xidmətlərinin başlanılma tarixi təqvim ayinin 15-i tarixinədək baş tutduqda Virtual Server Xidmətlərinin göstərilməsinə dair nəzərdə tutulan müddətə əsasən hesablanan ilk təqvim ayı üzrə Xidmət haqqinin ödənilməsi uçün İcraçı tərəfindən sifarişçiyə Virtual Server Xidmətlərinin başlanma tarixindən hesab-faktura təqdim edilməli idi və xidmət haqqı sifarişçi tərəfindən həmin təqvim ayinin sonunadək icraçıya ödənilməli idi. Həmçinin, qeyd olunan həmin bəndə əsasən ilk xidmət haqqından sonra və Müqavilənin müddətinin yerdə qalan hissəsi uzrə xidmət haqqının ödənilməsi üçün icraçı tərəfindən sifarişçiyə cari ayin 15-i tarixində hesab-faktura təqdim edildiyi təqdirdə sifarişçi tərəfindən cari ayın qalan 15 təqvim günü ərzində növbəti təqvim ayı üzrə göstəriləcək Virtual Server xidmətlərinə dair xidmət haqqı icraçıya ödənilməldir. Eyni zamanda müqavilə üzrə Virtual Server Xidmətlərinin başlanma tarixi təqvim ayının 15-i tarixində və ya tarixindən sonra baş tutduqda Virtual Server Xidmətlərinin göstərilməsinə dair nəzərdə tutulan müddətə hesablanan ilk təqvim ayı üzrə Xidmət haqqının və növbəti təqvim ayı üzrə Xidmət haqqının ödənilməsi üçün icraçı tərəfindən sifarişçiyə Virtual Server Xidmətlərinin başlanma tarixindən hesab-faktura teqdim edilməli və Xidmət haqqı sifarişçi tərəfindən növbəti təqvim ayının 15-i tarixinədək icraçıya ödənilməlidir. Müqavilənin müddətinin yerdə qalan hissəsi üzrə xidmət haqqının ödənilməsi üçün icraçı tərəfinden sifarişçiyə cari ayın 15-i tarixində hesab-faktura təqdim edilməli və sifarişçi tərəfindən cari ayin qalan 15 təqvim günü ərzində növbəti təqvim ayı uzrə göstəriləcək Virtual Server Xidmətlərinə dair xidmət haqqə icraçıya ödənilməlidir. Bununla yanaşı aylıq Virtual Server Xidmətlərinin göstərilməsi tamamlandıqdan sonra icraçı 2 nüsxədə tərtib edilmiş təhviltəslim aktını sifarişçiyə göndərməli idi və sifarişçi Təhvil-təslim aktını imzalamalı, tarixi qeyd etməli və icraçıya 5 iş günü ərzində geri göndərməli idi. Sifarişçi imzalanmış Təhviltəslim aktını 5 iş günü ərzində icraçıya geri göndərmədiyi təqdirdə, Təhvil-təslim akı əsasında görülmüş Virtual Server Xidmətləri Sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən Virtual Server Xidmətlərinin göstərilməsini və həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hesab faktura və aylıq təhvil-təslim aktı məhkəməyə təqdim edilməmiş, habelə həmin sübutlar tərəflərindən iddiaçı tərəfdən tələb edilsə də, onlara məlum olmayan səbəbdən həmin sübutlar təqdim edilməmişdir. İddiaçı tərəf Müqavilənin 1.1-ci və 2.1.1 -ci maddəsində göstərilən öhdəliyini icra etməmiş, habelə həmin müqavilənin şərtlərini kobud şəkildə pozulmuşdur. Hesab edirlər ki, hazırkı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1” (AzİnTelecom) MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, cəmiyyət tərəfindən elektron qaimələr cavabdehə göndərilmiş, bununla bağlı heç bir etiraz daxil olmamış, həmçinin təhvil-təslim aktlarıda tərəfə göndərilsə də, həmin aktlar geri qaytarılmamış, cavabdeh tərəfindən cəmi 372,46 manat məbləğində ödənişin edilmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, vəkili Vəkil iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05.11.2018-ci il tarixli, 148HD2018 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, icraçı - “X1” (AzİnTelecom) MMC bu müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində sifarişçiyə - Cavabdeh MMC-yə Virtual Server Xidmətlərini göstərməyi razılığını bildirir və virtual server xidmətlərinin göstərilməsini öhdəsinə götürür. Sifarişçi mövcud müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində icraçı tərəfindən göstərilən virtual server xidmətlərindən istifadə edilməsinə razılığını bildirir və virtual server xidmətləri üzrə ödənişlərin edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, “Sifarişçi” müqavilə şərtləri əsasında xidmət haqqını icraçının bank hesabına köçürmədikdə, natamam köçürdükdə hər gecikdirilən gün üçün 0,01 faiz dəyərində dəbbə pulunu ödəmək məsuliyyətini daşıyır. Tətbiq olunan dəbbə pulunun faizi icraçı tərəfindən təqdim edilən hesab-faktura əsasında əhatə olunan məbləğin 10%-dən artıq olmamalıdır. İcraçı dəbbə pulunun ödənilməsi barədə tələbi sifarişçiyə təqdim etdiyi gündən etibarən sifarişçi dəbbə pulunu 5 iş günü ərzində ödəmək məsuliyyətini daşıyır. “X1” (AzİnTelecom) MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilən elektron qaimələrdən görünür ki, Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı müqavilə əsasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 6818,86 manat məbləğində təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi iddiaçı “X1” (AzİnTelecom) MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “X1” (AzİnTelecom) MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, həmçinin təhvil-təslim aktları cavabdehə göndərilmiş (məhkəməyə bununla bağlı EMS sürətli poçt xidmətinin qəbzləri təqdim edilmişdir) və göstərilən xidmətə görə müvafiq elektron qaimələr tərtib edilmiş, Cavabdeh MMC isə buna etirazını bildirməmişdir. Göründüyü kimi cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək görülmüş xidmətlərin (işlərin) qarşılığına görə 6818,86 manat məbləğində puldan 372,46 manat ödəniş etmiş və 6446,40 manat məbləğində pulu ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 1869,11 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 253,60 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05.11.2018-ci il tarixli, 148HD2018 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 6446,40 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə görə 253,60 manat cərimə borcu, cəmi 6700 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1” (AzİnTelecom) MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 8315,71 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 6700 manatının (80,57%) təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 24,17 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1” (AzİnTelecom) MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.11.2018-ci il tarixli, 148HD2018 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 6446,40 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə görə 253,60 manat cərimə borcu olmaqla cəmi 6700 manat və dövlət rüsumu kimi ödənilmiş 24,17 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1” (AzİnTelecom) MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar