Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-407/2023 04.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə, zaminlər, prosessual maraq, müqavilənin xitamı, ekspertiza xərci, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9624,19 manat əsas borc, 978,28 manat faiz borcu və 110,89 manat cərimə borcu olmaqla, ümumilikdə 10713,36 manat məbləğində kredit borcunun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Cavabdeh3 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 14 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kreditin müddəti 12 may 2020-ci il tarixli Əlavə Sazişə əsasən 14 yanvar 2023-cü il tarixədək, 29 oktyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə 14 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il iyulun 29-dək Cavabdeh3 banka 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9624,19 manat əsas borc, 978,28 manat faiz borcu və 110,89 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 10713,36 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1, 467, 472-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahatlar vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, xəbərdarlıq məktubu ilə kredit müqaviləsi üzrə bütün məbləğin deyil, həmin tarixə olan ödənilməmiş borc məbləğinin tam ödənilməsi tələb olunmuşdur.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 məhkəmənin iclaslarında iştirak edərək borcu qəbul etdiyini, lakin maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmədiyini, hissə-hissə ödəyə biləcəyini qeyd etmiş və ekspert rəyinin nəzərə alınmasını, zaminlərdən pulun tutulmamasını xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə olunmuş Kreditor "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh3 (Borc alan) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsinə əsasən, Kreditor Borcalana biznes fəaliyyəti məqsədi ilə 15000 manat məbləğində kredit verir (1.1, 1.2), kredit 36 ay müddətinə verilir (2.3). Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borc alan kreditora illik 30% ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30% təşkil edir. Kreditor 2.4.1-2.4.3-cü bəndlərdə qeyd olunan hallardan biri və ya bir neçəsi baş verdikdə, bu bənddə qeyd edilmiş faiz dərəcəsi üzrə hesablanmış borcun tələbindən həmin bəndlərdə göstərilən həcmdə imtina edə bilər. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən kredit vəsaitinin hərəkəti Kreditor tərəfindən Borc alan üçün açılan bank hesabı ilə təmin edilir, kredit vəsaiti müqavilə qüvvəyə mindiyi gündən gec olmayaraq kreditor tərəfindən borc alanın hesabına köçürülür, borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir.
11. Adıçəkilən müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, 15000 manat kredit məbləğini illik 25% ilə qaytarmaq şərti ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə hər ay üçün qrafikdə göstərilmiş annuitet məbləğini ödəmək barədə iddiaçı və Cavabdeh3 razılığa gəlmişlər.
12. Adıçəkilən kredit müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 13426,40 manat təşkil edir (1.1.2), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.3), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir (1.1.4), borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir (1.1.5).
13. Əlavə sazişə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə hər ay üçün qrafikdə göstərilmiş annuitet məbləğini ödəmək barədə iddiaçı və Cavabdeh3 razılığa gəlmişlər.
14. Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14983,12 manat təşkil edir (1.1.2), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.3), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir və əsas borc və faiz borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir (1.1.4), borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir (1.1.5).
15. Həmin Əlavə sazişə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə hər ay üçün qrafikdə göstərilmiş annuitet məbləğini ödəmək barədə iddiaçı və Cavabdeh3 razılığa gəlmişlər.
16. Qeyd olunan kredit müqaviləsi, kredit müqaviləsinə əlavə sazişlər və ödəniş cədvəlləri iddiaçı və Cavabdeh3 tərəfindən imzalanaraq təsdiq edilmişdir.
17. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı zaminlik müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borc alan (Cavabdeh3) tərəfindən Kreditor ("xxxx" İKB ASC) qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zamin (Cavabdeh1) öz öhdəsinə götürmüşdür (1.1). Müqavilənin 2-ci bəndinə əsasən aşağıdakı öhdəliklər təmin edilir: 15 000 manat kredit məbləği, 36 kreditin qaytarılma müddəti, illik 25% faiz məbləği, ödənişlər gecikdirildiyi halda günlük 5% gecikdirilmiş əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ. Həmin müqavilənin 4-cü hissəsinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borcların tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Adıçəkilən zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 13426,40 manat təşkil edir (1.1.1), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.2), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir(1.1.3).
19. Zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14983,12 manat təşkil edir (1.1.2), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.3), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir və əsas borc və faiz borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir (1.1.4).
20. Zaminlik müqaviləsi və müqaviləyə əlavə sazişlər iddiaçı və Cavabdeh1 tərəfindən imzalanaraq təsdiq edilmişdir.
21. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı zaminlik müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borc alan (Cavabdeh3) tərəfindən Kreditor ("xxxx" İKB ASC) qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zamin (Cavabdeh2) öz öhdəsinə götürmüşdür (1.1). Müqavilənin 2-ci bəndinə əsasən aşağıdakı öhdəliklər təmin edilir: 15 000 manat kredit məbləği, 36 kreditin qaytarılma müddəti, illik 25% faiz məbləği, ödənişlər gecikdirildiyi halda günlük 5% gecikdirilmiş əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ. Həmin müqavilənin 4-cü hissəsinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borcların tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
22. Adıçəkilən zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 13426,40 manat təşkil edir (1.1.1), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.2), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir(1.1.3).
23. Zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixdə bağlanmış 1 saylı Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14983,12 manat təşkil edir (1.1.2), müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır (1.1.3), müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir və əsas borc və faiz borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir (1.1.4).
24. Zaminlik müqaviləsi və müqaviləyə əlavə sazişlər iddiaçı və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiq edilmişdir.
25. İş materiallarına əlavə edilmiş 29 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, arayışın verildiyi tarixə kredit müqaviləsi üzrə əsas borcu 9624,19 manat, faiz borcu isə 978,28 manat təşkil edir.
26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-407/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 14 mart 2023-cü il tarixli 9/1110 nörməli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsi üzrə (Əlavə sazişlər nəzərə alınmaqla) 29 iyul 2022-ci il tarixə (maliyyə arayışının verildiyi) əsas borc 10347,39 manat, faiz borcu 223,36 manat təşkil edir.
27. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh3 verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 kredit məbləğini təşkil edən 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
28. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 9624,19 manat əsas borc, 978,28 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.
29. Cavabdeh3 iddiaya etiraz etmir, ekspert rəyinin nəzərə alınmasını xahiş edir.
30. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
31. Məhkəmə adıçəkilən cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
33. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
34. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
35. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.
36. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
38. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
39. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
40. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
42. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
43. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. ... Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
44. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya tətbiqi barədə təklif göndərməklə (xx.xx.2022) və iddia ərizəsini cavabdehə çatdırmaqla (xx.xx.2022) kredit müqaviləsi üzrə bütün qalıq əsas və faiz borcunu tam tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və müqavilə xitam edilmişdir. Belə olan halda, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunu tam tələb edə bilər.
45. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
46. Hesabdan çıxarışdan görünür ki, ekspert qarşısında sual qoyulan tarixdən (xx.xx.2022) sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 80 manat ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmişdir.
47. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli 11-MZ2-1-0-2558-19 saylı kredit müqaviləsi üzrə əsas borc ekspert rəyinə əsasən 10347,39 manat müəyyən olunsa da, iddiaçı 9624,19 manat əsas borc tələb edir. Həmçinin xx.xx.2023-cü il tarixdə 80 manat ödəniş də əsas borc məbləğindən (10347,39-80) silinmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iddia tələbi həddində işə baxmalı olduğundan məhkəmə hesab edir ki, cavabdehlərdən 9624,19 manat əsas borc tutulmalıdır. Həmçinin, faiz borcu da ekspert rəyinə uyğun olaraq 223,36 manat tutulmalıdır.
48. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
49. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
50. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
51. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli 11- MZ2-1-0-2558-19 saylı kredit müqaviləsi üzrə 9624,19 manat əsas borc, 223,36 manat faiz borcu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
52. İddiaçı 110,89 manat cərimə məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir.
53. Kredit müqaviləsinin 4.8-ci bəndinə görə, kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gündəlik 5% dəbbə pulu, gecikmənin 16-cü günündən başlayaraq kreditor müqavilənin 2.4-cü bəndində nəzərdə tutulmuş faiz borcunu tələb hüququnu tam olaraq bərpa edir və borcalan həmin bənddə nəzərdə tutulmuş 30% dərəcəsilə hesablanmış faizləri kreditora ödəməlidir.
54. Zaminlik müqavilələrinin 2 və 4-cü bəndlərinə əsasən, zaminlik müqaviləsinə ödənişlər gecikdirildiyi halda günlük 5% gecikdirilmiş əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ təmin edilir. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borcların tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
55. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
56. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləği ağlabatan və ədalətlidir və cərimə olaraq 110,89 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
57. İddia ərizəsinə əlavə edilmiş 20.09..2022-ci il tarixli, MŞB/5-03236 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş və 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 14 mart 2023-cü il tarixli 9/1110 nörməli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 150 manat təşkil edir.
59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
61. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
62. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 186 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pulun 140 manatı müştərək qaydada cavabdehlərdən, 10 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9624 (doqquz min altı yüz iyirmi dörd) manat 19 (on doqquz) qəpik əsas borc, 223 (iki yüz iyirmi üç) manat 36 (otuz altı) qəpik faiz borcu, 110 (yüz on) manat 89 (səksən doqquz) qəpik cərimə borcu olmaqla, ümumilikdə 9958 (doqquz min doqquz yüz əlli səkkiz) manat 44 (qırx dörd) qəpik məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 186 (yüz səksən altı) manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 140 (yüz qırx) manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 10 (on) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizaMərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova