Məhkəmə qərarları › İş №e-2-2(113)-4071/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4071/2022

20.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4071/2022 20.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, "X4 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun əsassız hesab edilməsi və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "X4 Məhsulları” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB tərəfindən ona hesablanmış ƏDV daxil olmaqla 13124 manat borcun əsassız hesab olunması və dəymiş maddi ziyanın əvəzi olaraq 13124 manat pul vəsaitinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının qaz xətti üzərində quraşdırılmış Elster G1600 markalı, 10524976 nömrəli qaz sayğacı cavabdeh təşkilatın idarəsi olan X7 İstismar İdarəsinin İmişli Xidməti Sahəsinin əməkdaşları tərəfindən 05 may 2021-ci il tarixində sökülərək yoxlama aparılması üçün laboratoriyaya göndərilmişdir, əvəzində isə Turbin tipli, G-1600 markalı, 10517234 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh təşkilatın Meterologiya Departamenti ilə Azərbaycan Meterologiya İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixində SS № 29/1640-01021 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt tərtib edilmişdir. Aktda texniki nasazlığa (impuls ötürücünün nasazlığına) istinad olunaraq sayğacın mexaniki hissəsindən keçən 36984 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmişdir. Sayğacın yaddaş arxiv göstəricilərinə əsasən korreksiya əmsalının orta qiyməti 1,57 olduğundan nasazlıq səbəbindən artıq hesablanmış qaz sərfiyyatının 57695 m3 (36984 x 1,57) olması nəzərə alınaraq, cavabdeh təşkilatın X7 İstismar İdarəsi iddiaçının ƏDV daxil 13124 manat borcu olduğu qənaətinə gəlmiş və müvafiq elektron qaimə-faktura təqdim etmişdir. İddiaçı aparılan yoxlama və gəlinən nəticə ilə razı olmamış, buna görə də cavabdeh təşkilata və digər analoji qurumlara şikayət yazmaqla mübahisəli məsələnin qanuni və ədalətli bir şəkildə həll olunmasına çalışsa da, cavabdeh təşkilat və onun idarəsi X7 İstismar İdarəsi mövcud mövqeyini dəyişdirməmiş, əksinə borcun ödənilmədiyi təqdirdə iddiaçının qaz təchizatının dayandırılacağını bildirmişdir. Qaz təchizatı iddiaçının sahibkarlıq fəaliyyətinin mühüm parçası olduğu və qaz təchizatının dayandırılacağı təqdirdə iddiaçıya külli miqdarda ziyan dəyəcəyi üçün iddiaçı legitimliyini qəbul etmədiyi və əsassız hesab etdiyi 13124 manat borc məbləğini məcbur qalıb ödəmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azəriqaz İB tərəfindən ona hesablanmış ƏDV daxil olmaqla 13124 manat borcun qanunsuz və əsassız hesab olunaraq silinməsi və dəymiş maddi ziyanın əvəzi olaraq 13124 manat pul vəsaitinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: Cavabdeh İB-nin "X4 Məhsulları” MMC-yə ünvanlanmış 09 fevral 2022-ci il tarixli məktubuna əsasən verilmiş rəyə görə ******* m3 qazın sərfiyyatı temperatur T=20 0C olmaqla hesablandığı üçün ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq yenidən hesabat aparılmış və 58850 m3 uçotu düzgün aparılmayan təbii qazın həcmi və 12947 manat məbləğində dəyəri müəyyənləşdirilmişdir. Hazırda müəssisənin istehlakçı hesabında yaranmış borc tam ödənildiyindən 08 fevral 2022-ci il tarixinə təbii qazdan istifadəyə görə borcu yoxdur. 11 yanvar 2022-ci il tarixli hesab-fakturaya əsasən "X4 Məhsulları” MMC-nin 31 dekabr 2021-ci il tarixinə borcu 18721,25 manat təşkil edir. 11 yanvar 2022-ci il tarixli hesab-fakturaya əsasən "X4 Məhsulları” MMC-nin 31 dekabr 2021-ci il tarixinə borcu 5596,68 manat təşkil edir. 11 fevral 2022-ci il tarixli hesab-fakturaya əsasən "X4 Məhsulları” MMC-nin 31 yanvar 2022-ci il tarixinə borcu 6899,61 manat təşkil edir. 09 may 2022-ci il tarixli hesab-fakturaya əsasən "X4 Məhsulları” MMC-nin 30 aprel 2022-ci il tarixinə borcu 3796,54 manat təşkil edir. 01 oktyabr 2021-ci il tarixli 29/1640-01021 nömrəli sayğacın istismara yararlığı haqqında arayışa əsasən G1600 markalı turbin tipli “Elster” qaz sayğacının istifadəyə yararlı olması müəyyən olunmuşdur. 25 may 2021-ci il tarixli, SS 29/1640-01021 nömrəli akta əsasən xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış G1600 markalı turbin tipli “Elster” qaz sayğacı xx.xx.2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində xətaların normaya uyğun olması, batareya, temperatur çeviricisi və impuls ötürücüsünün tələb olunduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 143573 saylı elektron qaiməyə əsasən 3618,97 manat, xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 521639 saylı elektron qaiməyə əsasən 18543,68 manat, xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 257348 saylı elektron qaiməyə əsasən 6722,04 manat, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 910469 saylı elektron qaiməyə əsasən 8772,14 manat, xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 524830 saylı elektron qaiməyə əsasən 6753,16 manat "X4 Məhsulları” MMC-nin borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2021-ci il tarixli ******* saylı akta əsasən obyektə baxış keçirilən zaman G-1600 markalı sayğacda impuls ötürücüsünün nasaz olması, temperatur çeviricisinin naqilinin pozulması nəticəsində sayğacın alarm rejimində işləməsi müəyyən olunmuşdur. abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə borcu (qalıq və aktlar üzrə) 12947 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, SS 29/1640-01021 saylı akta əsasən impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 36984 m3 çoxdur. İmpuls ötürücüsü nasazdır. Temperatur həddinin aşılması nəticəsində alarm rejimdə sərfiyyat Tf ~ 20 0C ilə aparılmışdır. Bununla əlaqədar uçotu düzgün aparılmayan təbii qazın həcmi – 58850 m3 və dəyəri – 12947 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Lakin, aparılan yoxlama nəticəsində iddiaçıya uçotu düzgün aparılmayan təbii qazın dəyəri 13124 manat məbləğində deyil, 12947 manat məbləğində müəyyənləşdirilmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 12947 manat borc silinərək iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X4 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən "X4 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 12947 manat məbləğində borc silinsin. 12947 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "X4 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar