Məhkəmə qərarları › İş №e-2-2(113)-4075/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4075/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4075/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsgəndəroviçə qarşı “kredit müqaviləsinə dair pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsgəndəroviçə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi. İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı ilə Cavabdeh1 (bundan sonra - borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6-MCR-1-639-23 saylı kredit limitinin ayrılmasına dair Bank xidmətinin göstərilməsi üzrə standart şərtlərə 4 nömrəli Razılaşmaya əsasən borc alana ayrılan kredit limitinin məbləği 30000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə aylıq faiz dərəcəsi 2.50 %, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0.20 % müəyyən edilmişdir. Razılaşmanın 3-cü bəndinə görə Borc alan Razlaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətinin göstərilməsi üzrə standart şərtlər toplusunu oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razılaşdığını və Razlaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə mail edilməsinə etiraz etmədiyini bəyan etmişdir.

2. Həmçinin, iddiaçı ilə borc alan arasında xx.xx.2023-cü il tarixli, 6-MCR-1-639- 23/1 saylı kreditin verilməsinə dair Bank xidmətinin göstərilməsi üzrə standart şərtlərə 5 nömrəli Razılaşma (kredit müqaviləsinə dair) imzalanmış, həmin Razılaşma (kredit müqaviləsi) ilə iddiaçı tərəfindən borc alana biznes məqsədilə 18 ay müddətinə aylıq 1,83%-lə 10000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 12-ci bəndinə əsasən razılaşma xx.xx.2023-cü il tarixli 6-MCR-1-639-23 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinin 1 saylı Əlavəsinə əsasən kreditin aylıq ödənişi 657,19 manat müəyyən edilmişdir.

3. Eyni zamanda, iddiaçı ilə borc alan arasında xx.xx.2023-cü il tarixli bank hesabının açılmasına dair Razılaşma (Əlavə №1) imzalanmışdır. xx.xx.2023-cü il tarixli məxaric orderinə əsasən 9850 manat kredit vəsaiti borc alana verilmişdir.

4. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, Z/16056/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin, xx.xx.2023-cü il tarixli 6-MCR-1-639-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyırlar (zamanlik müqaviləsinin 1.1 və 4.2-ci bəndi).

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3702,48 manat əsas borc, 350,27 manat faiz borcu və 130,36 manat cərimə borcu olmaqla, cəmi 4183,11 manat borcun, 61,83 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən bor alana iddiaçının “MXD” filialından 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. Borc alan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 22%-lə 18 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2lə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2025-ci il martın 5-dək borc alanın banka kredit müqaviləsi üzrə 3702,48 manat əsas, 350,27 manat faiz, 260,71 manat cərimə borcu olmaqla, ümumilikdə 4313,46 manat borcu vardır. Borc alanaın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 260,71 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında, yəni 130,36 manat məbləğində tələb olunur.

b) İddiaya qarşı etirazın dəlilləri

7. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

16. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

18. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

26. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6-MCR-1-639-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 6-MCR-1-639- 23/1 saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 10000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.

28. 05.03.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, borc alanın xx.xx.2023-cü il tarixli, 6-MCR-1-639-23/1 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya əsas və faiz borc üzrə sonuncu ödəniş xx.xx.2024-cü il olmaqla, 578,8 manat əsas, 85,96 manat faiz borcuna görə olmuş, bundan sonra borc alanın əsas borc üzrə qalıq məbləği 3702,48 manat, faiz borcu üzrə qalıq məbləği 350,27 manat, cərimə borcu üzrə qalıq məbləğ 260,71 manat, cəmi borcu isə 4313,46 manat, kreditin bitmə tarixi xx.xx.2025-ci il göstərilmişdir.

29. Həmçinin, iddiaçı tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan müəyyən edilir ki, sözü gedən kredit müqaviləsi üzrə borc alan xx.xx.2024-cü il tarixdən sonra heç bir ödəniş etməmişdir.

30. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqal bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

31. Tələbin 130,36 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.

32. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

33. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 61,83 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 6-MCR-1-639-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 6-MCR-1-639- 23/1 saylı kredit razılaşması üzrə 3702,48 manat əsas, 350,27 manat faiz borcu, 130,36 manat dəbbə pulu, ümumilikdə 4183,11 məbləğində pul və ödənilmiş 61,83 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 İsgəndəroviçdən müştərək qaydada tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar