Məhkəmə qərarları › İş №e-2-2(113)-408/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-408/2023

06.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-408/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən 09/178 (**********41000 uçot nöqtəsi) nömrəli abunə kodu üzrə yazılmış 631314,50 manat pulun silinməsi, ilkin mediasiyada iştirak edilməsinə görə ödənilmiş 400 manat və hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat pulun, cəmi 900 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən 09/178 (**********41000 uçot nöqtəsi) nömrəli abunə kodu üzrə yazılmış 631314,50 manat pulun silinməsi, ilkin mediasiyada iştirak edilməsinə görə ödənilmiş 400 manat və hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat pulun, cəmi 900 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən obyekti 2014-cü il tarixdən iddiaçının istifadəsində olmaqla cavabdehlə aralarında “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” bağlanmışdır. Eyni zamanda bağlanmış müqaviləyə əsasən sayğac quraşdırılmış və 09/178 (**********41000 uçot nöqtəsi) abunə kodu verilmişdir. Müqavilə bağlandıqdan sonra istehlak olunmuş elektrik enerjisinin dəyəri vaxtlı-vaxtında ödənilmişdir. Sonradan məlum olmuşdur ki, abunə kodu 09/178 olan obyektin elektrik enerjisinə görə 631314,50 manat dəyərində borc yaranmışdır. Həmən borc yaranma tarixinə görə xx.xx.2001-ci il tarixdən əvvəlki dövrə aid olmuşdur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edərək qanunsuz olaraq yazılmış 631314,50 manat borcun silinməsi xahiş olunmuş, cavabdehin xx.xx.2022-ci il tarixli, 7- 01/07/İ-282/7669 nömrəli məktubuna əsasən müraciətinə cavab olaraq bildirilmişdir ki, bu borc xx.xx.2001-ci il tarixində əvvəlki dövrdə yarandığından kompyuter informasiya bazasında borcun yaranma səbəbinin araşdırılması mümkün olmamışdır. Beləliklə, qeyd olunanlardan göründüyü kimi cavabdehlə 2014-cü ildə Elektrik enerjisi alqı-satqı müqaviləsi bağlanmış olsa da, həmin müqavilədən əvvəlki dövrdə yaranmış və ona heç bir aidiyyatı olmayan borcun tələb edilməsi, eyni zamanda həmin borcun adından silinməsindən qanunsuz olaraq imtina edilmişdir. Yəni həmin dövlərdə həmin obyekt iddiaçının istifadəsində olmamışdır. Belə olan halda da həmin borcun ondan tələb edilməsi tamamilə əsassızdır. Bütün bu qeyd olunanlar istehlakçı olaraq hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli 7-01/07/1- 282/7669 nömrəli cavab məktubundan və Abunə haqqında məlumat vərəqindən göründüyü kimi 09/178 nömrəli abunə kodunda 631314,50 manat borc mövcuddur. Lakin həmin borc xx.xx.2001-ci il tarixə qədər yaranmış olan borcdur. Məlumdur ki, xx.xx.2001-ci il tarixində 1 ABŞ dolları 4775 Azərbaycan manatı müəyyən olunduğu halda xx.xx.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası həyata keçirilmişdir. Bu da o deməkdir ki, borc günün məzənnəsinə uyğun olaraq 126 manat (631 314,50 : 5000=126) təşkil edir. Eyni zamanda bildirir ki, iddiaçı ilkin mediasiyada iştirak edilməsinə görə ödənilmiş 400 manat məbləğin ona qaytarılmasını tələb etmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasıya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin 3.1-ci bəndinə əsasən kommersiya işləri üzrə iddia qiyməti 500 manatadək olduqda mediasiya xidmətinin göstərilməsinə görə haqq 20 manat təşkil edir. Borc köhnə dövrün borcu olmağına baxmayaraq abonent tərəfindən istifadə edilmiş elektrik enerjisinə görə yaranmış olan borcdur və abonent tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 0199/İ-410/9714 saylı məktubdan görünür ki, 09/178 (**********41000 uçot nöqtəsi) nömrəli kod üzrə qeyriyaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 631314,50 manat məbləğində borcun xx.xx.2002-ci il tarixinə qədər qeyri-yaşayış sahəsində istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Göstərilən məbləğin ödənişi abonentdən yalnız, Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 7-01/07/İ- 282/7669 saylı məktubdan görünür ki, abunə kodu 09/178 olan obyektin elektrik enerjisinə görə 631314,50 manat dəyərində borc xx.xx.2001-ci il tarixindən əvvəlki dövrə aiddir. Bu borc xx.xx.2001-ci il tarixindən əvvəlki dövrdə yarandığından kompüter informasiya bazasında borcun yaranma səbəbinin araşdırılması mümkün olmamışdır. Abunə haqqınının surətindən görünür ki, iddiaçıya məxsus 09/178 (**********41000 uçot nöqtəsi) nömrəli abunə kodu üzrə yazılmış 631314,50 manat borc xx.xx.2001-ci il tarixədək yaranmış borc olmaqla köhnə Azərbaycan manatı ilə hesablanmış və yeni Azərbaycan manatı ilə həmin borc məbləği 126,26 manat (631314,50 / 5000 = 126,26) təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus 09/178 (**********41000 uçot nöqtəsi) nömrəli abunə kodu üzrə yazılmış 631314,50 manat borc xx.xx.2001-ci il tarixədək yaranmış borc olmaqla köhnə Azərbaycan manatı ilə hesablanmış və yeni Azərbaycan manatı ilə həmin borc məbləği 126,26 manat (631314,50 / 5000 = 126,26) təşkil edir. Göstərilən borc məbləğin ödənilməsi cavabdeh tərəfindən iddiaçıdan tələb olunur (cavabdehin xx.xx.2021-ci il tarixli 0199/İ-410/9714 saylı məktubu və iddia ərizəsinə etiraz). Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən cavabdeh iddiaçıya hər ay üzrə elektrik enerjisinin verilməsi xidmətləri göstərməyi, iddiaçı isə həmin xidmətin hər ay üzrə dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Yəni iddiaçı göstərilən xidmətlərə görə cavabdehə hər ay üçün, yəni vaxtaşırı ödənişlər etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən biri də vaxtaşırı ödənişlər üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. İşdə olan Abunə haqqındadan müəyyən olunur ki, mübahisələndirilən 631314,50 manat, yeni Azərbaycan manatı ilə 126,26 manat borc məbləği xx.xx.2001-ci il tarixədək olan dövrdə yaranmış borc məbləğidir ki, bu halda məhkəmə hesab edir ki, həmin borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2001-ci il tarixədək olan 631314,50 manat, yeni Azərbaycan manatı ilə 126,26 manat borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən iddia təmin edilməklə göstərilən borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 899 saylı qəbzin surətindən görünür ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə Abşeron rayon Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 400 manat məbləğində mediasiya xərcinin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçıya məxsus abunə koduna yazılmış 631314,50 manat borcun köhnə Azərbaycan manatı ilə hesablanması müəyyən olunmuşdur, lakin cavabdeh tərəfindən iddiaçıya bu barədə məlumat verilməmiş, nəticədə həmin borc məbləğini yeni Azərbaycan manatı ilə hesablandığını hesab edərək, o məbləğə uyğun mediasiya xərci çəkmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci cavabdehdən tam tutulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09/178 (**********41000 uçot nöqtəsi) nömrəli abunə kodu üzrə yazılmış köhnə Azərbaycan manatı ilə 631314,50 manat, yeni Azərbaycan manatı ilə 126,26 manat borc silinsin. İlkin mediasiyada iştirak edilməsinə görə ödənilmiş 400 manat və hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat, cəmi 900 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar