Məhkəmə qərarları › İş №e-2-2(113)-408/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-408/2024

22.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-408/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilmiş hesab olunması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq icarə müqaviləsi, müqavilədən könüllü imtina, müqavilənin ləğv edilmiş hesab edilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilmiş hesab olunması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MTK) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 14 fevral 2018-ci il tarixdə bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, V.Polotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən 741 saylı məhəllədə 4006 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında 1440 nömrəli torpaq icarəsi müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 614 nömrəli 24 dekabr 2014cü il tarixli sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya icazə verilmiş, sərəncamda qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün xx.xx.2015-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MTK-ya 13056 nömrəli inşaat pasportu təqdim edilmiş, xx.xx.2018-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyəti və İddiaçı MTK arasında 1440 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. 2.2. İcarə müqaviləsinin 1.1-ci və 1.3-cü bəndlərinə görə, icarənin mahiyyəti və məqsədi dövlət fonduna aid 4006 kv.m torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın icarəsinə verilməsi və həmin torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi təşkil edir. Müqavilənin 7.4-cü maddəsinə görə, İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyətinin hesabına hər il 21 312,35 manat icarə haqqı ödəməlidir. 2.3. İddiaçı MTK keçən müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən 741 saylı məhəllədə çoxmənzilli yaşayış binasının inşasını başa çatdırmış, binada yerləşən mənzillər və qeyriyaşayış sahələri üçüncü şəxslərə satılmış, bununla bağlı müvafiq alqı-satqı müqavilələri bağlanmış, alıcılar mənzillərin dəyərini ödəmiş, daşınmaz əmlaklara mülkiyyət hüquqları əldə etmişlər. 2.4. İcarə müqaviləsində göstərilmiş məqsədə çatılmış, yaşayış binası tikilib sakinlərin mülkiyyətinə verilmişdir. Həmin vaxtdan da İddiaçı MTK icarəyə verilmiş torpaq sahəsindən istifadə etmir. Bağlanmış torpaq icarə müqaviləsinin qüvvədə saxlanılmasına zərurət qalmadığından İddiaçı MTK icarəsinə verilmiş torpaq sahəsindən könüllü imtina etməsi və müqaviləyə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, ərizə xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən qəbul edilmiş, lakin hər hansı münasibət bildirilməmişdir. Ona görə də hesab edirlər ki, ərizənin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən alındığı xx.xx.2023-cü il tarixdən icarə müqaviləsi xitam verilmiş hesab olunmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 178.8, 421-424-cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsi) 73, 75-cimaddələri, “Torpaq icarəsi haqqında” Qanunun 7, 73, 75-ci maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 35.1-ci maddələri və s. göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, binanın istismara hazırlıq aktı olsa da, bina istismara qəbul edilməyib. Binanın istismara qəbul edilməməsinin səbəbi 2 girişdən ibarət olan binanın bir girişinin hündür inşa edilməsidir. Bununla bağlı icra hakimiyyətinə şifahi qaydada müraciətlər olunub, lakin nəticə yoxdur.

6. Məhkəmənin iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsinin xitam verilmiş hesab olunması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 614 nömrəli sərəncamından görünür ki, İddiaçı MTK-nın xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin kooperativə icazə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi və sahiblərinə vəsaitin ödənilməsi İddiaçı MTK-ya həvalə edilmişdir.

10. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 21 və 23 saylı binalarda yerləşən müxtəlif mənzillər 2017-ci ildə X1 adına rəsmiləşdirilmişdir.

11. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti ilə (icarəyə verən qismində) İddiaçı MTK (icarəçi qismində) arasında 14 fevral 2018-ci il tarixdə bağlanmış 1440 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 614 nömrəli sərəncamı və 13056 saylı xx.xx.2015-ci il tarixli inşaat pasportuna əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində 741 saylı məhəllədə sahəsi 4066 kv.m torpaq sahəsini yaşayış binasının tikintisi üçün 49 il müddətinə icarəyə verməyi, icarəçi isə torpaq sahəsindən təyinatı üzrə istifadə edərək hər il 21 312,35 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin görünür ki, müqaviləni icarəçinin adından MTK-nın direktoru Nazlı Əliyeva imzalamışdır.

12. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 34 nömrəli obyektin tikintisinə icazədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində 0,4066 ha torpaq sahəsində yaşayış binasının tikintisinə dair İddiaçı MTK-ya icazə verilmişdir.

13. İş materiallarında olan MKTB 16 saylı MKİS-in xx.xx.2021-ci il tarixli 53 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində 741 saylı məhəllədə tikinti və söküntü işlərinə xx.xx.2021-ci il tarixdə başlanılmışdır.

14. İş materiallarında olan 2020-2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının İddiaçı MTK-ya məxsus olduğu, binada yerləşən mənzil və qeyri-yaşayış sahələrinin bir hissəsinin dəyərinin ödənildiyi, bir hissəsinin əvəzləşmə yolu ilə verildiyinə dair ayrı-ayrı şəxslərə maliyyə arayışları verilmişdir.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ö/006215 nömrəli istismara hazırlıq aktından görünür ki, həmin akt ünvan 2 ünvanda 1 ədəd 2 girişli 12 (8,9,10 və 12 pilləli) mərtəbə yaşayış binasında tikinti-quraşdırma işlərinin, sifarişçi (İddiaçı MTK) tərəfindən texniki nəzarətin, podratçı ("xxxx" MMC) tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi ("xxxx" MMC) tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq etmək üçün verilmişdir.

16. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, yaşayış binasının inşasının başa çatdırıldığı, binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin iddiaçı tərəfindən üçüncü şəxslərə satıldığı, bununla bağlı alqı-satqı müqavilələri bağlandığı, alıcıların mənzillərin dəyərini ödədiyi, daşınmaz əmlaklara mülkiyyət hüquqları əldə etdiklərinə istinad edilərək icarə müqaviləsində göstərilmiş məqsədə çatıldığı qeyd edilməklə MTK tərəfindən icarəyə verilmiş torpaq sahəsindən könüllü imtina edildiyi qeyd edilərək tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi xahiş olunmuşdur.

17. İş materiallarında olan xəbərnamədən görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.

18. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 614 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya icazə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi və sahiblərinə vəsaitin ödənilməsi həmin kooperativə həvalə edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 21 və 23 saylı binalarda yerləşən müxtəlif mənzillər 2017-ci ildə X1 (MTK-nın direktoru) adına rəsmiləşdirilmiş, Bakı Şəhər İcra Hakimiyyəti ilə (icarəyə verən qismində) İddiaçı MTK (icarəçi qismində) arasında 14 fevral 2018-ci il tarixdə 1440 nömrəli icarə müqaviləsi bağlanmış, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində 741 saylı məhəllədə sahəsi 4066 kv.m torpaq sahəsini yaşayış binasının tikintisi üçün 49 il müddətinə icarəyə verməyi, icarəçi isə torpaq sahəsindən təyinatı üzrə istifadə edərək hər il 21 312,35 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüş, yaşayış binasının tikintisinə xx.xx.2020-ci il tarixdə icazə verilmiş, tikinti və söküntü işlərinə xx.xx.2021-ci il tarixdə başlanılmış, mənzil və qeyri-yaşayış sahələrinin dəyərinin ödənildiyi, əvəzləşmə yolu ilə verildiyinə dair ayrı-ayrı şəxslərə maliyyə arayışları verilmişdir. Bundan sonra ünvan 2 ünvanda 1 ədəd 2 girişli 12 (8,9,10 və 12 pilləli) mərtəbə yaşayış binasında tikintiquraşdırma işlərinin, sifarişçi (İddiaçı MTK) tərəfindən texniki nəzarətin, podratçı ("xxxx" MMC) tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi ("xxxx" MMC) tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq etmək üçün xx.xx.2023-cü il tarixli istismara hazırlıq aktı verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək icarəyə verilmiş torpaq sahəsindən könüllü imtina etdiyini bildirmiş və müqaviləyə vaxtından əvvəl xitam verilməsini xahiş etmiş, ərizə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.

19. İddiaçı bildirir ki, torpaq sahəsi yaşayış binasının inşası məqsədi ilə icarəyə götürülmüş, yaşayış binası inşa edilərək mənzillər və qeyri-yaşayış sahələri özgəninkiləşdirilmiş, bununla da icarə müqaviləsinə göstərilmiş məqsədə çatılmışdır. Ona görə də icarəyə verilmiş torpaq sahəsindən könüllü imtina edilərək bu barədə cavabdehə ərizə ilə müraciət olunmuşdur. İddiaçı torpaq sahəsindən könüllü imtina barədə ərizənin cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2023-cü il tarixdən icarə müqaviləsinə xitam verilmiş hesab olunmasını tələb edir.

20. Cavabdeh tərəf iddiaya etiraz təqdim etmir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və iddia tələbi torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsi ilə bağlı olduğundan iddia tələbinin qanuni əsasının məzmununun şərh edilməsini zəruri sayır.

22. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisənin həlli üçün tətbiq olunacaq hüquq normasının aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına nəzər yetirilməlidir.

23. Belə ki, həmin Qərara əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.

24. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuşdur ki, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.

25. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası isə həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

26. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsasları göstərilmiş və həmin əsaslardan biri kimi torpaq sahəsindən könüllü imtina müəyyən edilmişdir.

27. Hazırkı mübahisə üzrə iddiaçı tələbinin faktiki əsası kimi torpaq sahəsindən könüllü imtina etdiyinə əsaslanır.

28. Məhkəmə bildirir ki, qeyd olunan əsas üzrə, yəni Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş torpaq sahəsindən könüllü imtina əsası ilə torpaq sahəsi üzərində icarə hüququnun xitamı üçün həlledici meyar məhz torpaq icarəçisinin torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etməsi və bu barədə müvafiq ərizə verməsidir.

29. Belə ki, Mənzil Məcəlləsinin 109-cu maddəsinə əsasən məhkəmə qeyd edir ki, Mənzil-Tikinti Kooperativi kooperativin bir növü olmaqla binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır və mövcudluğunu binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququnun qanunvericilikdə müəyyən olunmuş qaydada keçənədək saxlayır.

30. Mülki Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.

31. Mənzil-Tikinti Kooperativinin yaradılması məqsədlərini vəzifələri ilə qarşılıqlı təhlil edən və Mülki Məcəllənin qeyd olunan normasını nəzərə alan məhkəmə qeyd edir ki, Mənzil-Tikinti Kooperativinin vəzifəsi yalnız binanın tikintisi ilə məhdudlaşmayıb binanın tikintisi ilə bağlı lazımi qaydada sənədləşmələrin aparılmasını, müvafiq tədbirlərin görülməsini, o cümlədən yaşayış binasının tikintisinə icazənin alınmasını, binanın istismara hazırlanmasını, binanın istismarına icazə alınmasını özündə ehtiva edir. Hazırkı iş üzrə isə binanın istismarı üçün icazə alınmamışdır.

32. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarından görünür ki, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən tikintiyə icazə sənədi, xarici və daxili mühəndiskommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, tikinti obyektinin ünvanı haqqında arayış, liftlərin istismara qəbulu aktı, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı, tikinti obyektinin sanitargigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı, obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış, obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikintiquraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə), obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt, sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı, tikintiquraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı), sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri əldə edilir.

33. Göründüyü kimi, tikintiyə icazə alınması üçün tələb olunan sənədlərin geniş siyahısı təsbit olunmuşdur və hazırkı iş üzrə qeyd olunan sənədlərin təqdim olunaraq binanın istismarı üçün icazənin alınması öhdəliyini iddiaçı daşıyır. Lakin iddiaçı binanın istismara qəbul olunması üçün şifahi qaydada müraciət olunduğunu bildirir, binanın istismara qəbul olunmadığını təsdiq edir.

34. Məhkəmə bildirir ki, torpaq icarəsi müqaviləsindən icarəçinin könüllü imtinası icarə münasibətlərinə xitam vermək üçün ərizənin verilməsində təzahür edən iradə ifadəsi ilə faktiki imtinanı göstərən hərəkətlərin və ya hərəkətsizliyin vəhdətini tələb edir. Bu mənada faktiki imtinanın məzmunu reallaşmadan icarəçinin iradə ifadəsi həqiqi hesab oluna bilməz. Başqa sözlə, hərəkəti və ya hərəkətsizliyi ilə icarə münasibətlərini obyektiv olaraq davam etdirən şəxsin subyektiv iradəsi - ərizə ilə müraciəti özü-özlüyündə icarə müqaviləsinin xitamı ilə nəticələnə bilməz.

35. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı binanın inşasını başa çatdırdığını, mənzillərin və qeyri-yaşayış sahələrinin üçüncü şəxslərə satdığını qeyd edərək icarəyə verilən torpaq sahəsindən könüllü imtina etdiyini bildirsə də, icarə obyekti olan torpaq sahəsində tikilən yaşayış binası ilə bağlı öhdəliklərini tam icra etməmiş, binanın istismara qəbul olunması ilə bağlı lazımi hərəkətləri yerinə yetirməmişdir. Bu mənada icarəçi icarə müqaviləsindən imitna etsə də, faktiki olaraq icarə münasibətlərinin xitamına yönələn hallar mövcud deyildir. Beləliklə, iddiaçı torpaq sahəsindən könüllü imtina etdiyinə əsaslansa da, inşa olunmuş bina ilə bağlı icra edilməli öhdəlikləri qalmaqda davam etdiyindən iddiaçının torpaq sahəsindən faktiki olaraq da imtina etməsi təsdiq olunmur.

36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilmiş hesab olunması” tələbi təmin oluna bilməz.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

37. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən 20 manat mediasiya xərci və 80 manat dövlət rüsumu ödənilmişdir.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə iddia tələbinin rədd olunduğunu nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilmiş hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar