Məhkəmə qərarları › İş №e-2-2(113)-4082/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4082/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4082/2022 28.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2370,66 AZN (iki min üç yüz yetmiş manat altmış altı qəpik) icarə haqqı borcu və ona hesablanmış 1422,39 AZN (min dörd yüz iyirmi iki manat otuz doqquz qəpik) cərimə borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60,0 AZN (altmış manat 00 qəpik) dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2412-2413 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 68,0 kv.metr ölçüsündə olan 2412-2413 nömrəli mağazanı icarəçi Cavabdeh icarəsinə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 242 (iki yüz qırx iki) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 2412- 2413 saylı icarə müqaviləsinə 30 iyun 2021-ci il tarixdə xitam verilmişdir. Lakin icarəçi ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da 2018-ci ilin aprel, may, iyun, iyul, sentyabr, 2019-cu ilin yanvar, fevral, mart, aprel, 2020-ci ilin mart, iyun və 2021-ci ilin iyun ayları üzrə ümumilikdə ödənilməmiş 2370,66 AZN (iki min üç yüz yetmiş manat altmış altı qəpik) icarə haqqı borcu və ona hesablanmış 1422,39 AZN (min dörd yüz iyirmi iki manat otuz doqquz qəpik) cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehin ünvanına məktub (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “icarəyə verən” İddiaçı MMC, “icarəçi” Cavabdeh olmaqla imzalanmış 01 fevral 2018ci il tarixli 2412-2413 nömrəli icarə müqaviləsinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2.-ci bəndində göstərilən əmlakı (bundan sonra “icarə obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 68 m2 olan “2412-2413”nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. 4.1-ci bəndə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 242 (iki yüz qırx iki) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Saxlama və fəaliyyət xərclərinə icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri olan aşağıdakı məsələlərlə bağlı icarəçiyə düşən xərc hissəsi nəzərdə tutulur: temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə, yanğın təhlükəsizliyi, tullantılara görə ödənişlər, sanitar və gigiyenik tələblərin təmin edilməsi, yaşıllaşdırma, abadlıq, cari təmir, həmçinin dövlət standartlarının və qanunvericiliyin tələblərinin təmin edilməsi ilə əlaqədar xərclər, ümumi maraqlardan irəli gələn sair xərclər. 4.3-cü bəndə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. 25 oktyabr 2021-ci il tarixli 02-02/391 nömrəli maliyyə arayışına əsasən xx.xx.2021 tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 2.370,66 manat, ona hesablanmış cərimə borcu 1.422,39 manat, cəmi borc 3.793,05 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 60 manat mediasiya xərci ilə bağlı ödəniş olmuşdur. Cavabdeh adına hesabdan çıxarışdan məlum olur ki, ümumilikdə 6.251,66 manat məbləğində icarə haqqı hesablanmış, 3.881 manat məbləğində ödəniş olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, hər iki tərəf müqavilə üzrə öhdəliklər götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, icarə müqaviləsində razılaşdırılmış qaydada icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçı tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və hesablanmış borcun tutulması barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hımin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması öz təsdiqini tapdığından 2370,66 (iki min üç yüz yetmiş manat altmış altı qəpik) manat icarə haqqı borcu Cavabdeh tutulamalıdır. İddiaçı iddia tələbində 1422,39 (min dörd yüz iyirmi iki manat otuz doqquz qəpik) manat cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə 1422,39 (min dörd yüz iyirmi iki manat otuz doqquz qəpik) manat cərimə məbləğinin 142 manat məbləğində azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2370,66 AZN (iki min üç yüz yetmiş manat altmış altı qəpik) icarə haqqı borcu və ona hesablanmış 142 (bir yüz qırx iki) manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış manat) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar