Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4084/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “stansiya xidmətlərinə görə hesablanmış borcun tutulması”” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) ( stansiya xidmətlərinin göstərilməsi barədə yığım vərəqəsi, qəbul-təhvilçinin yaddaş vərəqəsi, ödəniş tapşırığı, elektron qaimə ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “stansiya xidmətlərinə görə hesablanmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı tərəfindən 2021-ci ilin avqust, oktyabr aylarında və 2022-ci ilin yanvar ayında göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 4378.55 manat və 64 manat ödənilmiş dövlət rüsumu, cəmi 4442.55 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx"xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 2021-ci ilin avqust, oktyabr aylarında və 2022-ci ilin yanvar ayında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, 2021-ci ilin avqust, oktyabr aylarında Qaradağ stansiyasında və 2022-ci ilin yanvar ayında Qaradağ və Səngəçai stansiyalarında göstərilmiş xidmətlərə (“dalan yolundan istifadə”, “vaqonların dalan yoluna verilib-götürülməsi” və s) görə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə7517,91 (yeddi min beş yüz on yeddi manat 91 qəpik) manat yığım hesablanmışdır. Sonradan Cavabdeh tərəfindən borc məbləğindən 3139,36 manat ödənilmiş, qalan 4378,55 manat ödənilməmişdir. Bununla bağlı, Cavabdehə 18.11 2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" QSC Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" QSC magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbultəhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU- 45 formalı arayış yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. 2021-ci ilin 01 avqust tarixindən 31 avqustadək olan dövrü əhatə edən 78 nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsindən və 2021-ci il tarixli YKX nömrəli 053764 və 053765 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqələrinə (Forma QU-45) əsasən məlum olur ki, həmin vaxt dövrü ərzində "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 6351.97 manat + 1143.35 manat ƏDV olmaqla, ümumilikdə 7495.32 manat dəyərində xidmət göstərilmişdir.
8. 14.08, 17.08.18.08 və xx.xx.2023-cü il tarixli aktlardan məlum olur ki, "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə dalan yolundan istifadə ilə bağlı müvafiq xidmətlər göstərilmişdir.
9. "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış 2021-ci ilin avqust ayı üzrə xidmətlərin göstərilməsi barədə bildirişlər sonuncunun nümayəndələri qismində “Əzimov”, “Nəsirli”, “Salahova”soyadında olan şəxslər tərəfindən imzalanmaqla qəbul edilmişdir. 10.xx.xx.2021-ci il tarixli 4 nömrəli hesab fakturaya əsasən "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göstərilmiş xidmətlərin ümumi dəyəri 18% ƏDV olmaqla ümumilikdə 7495.33 manat təşkil etmişdir. 11.16 sentyabr 2021-ci il tarixli, 32 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən "xxxx" QSC-nin hesabına 6351.98 manat məbləğində pul köçürülmüşdür.
12. 2021-ci ilin 01 oktyabr tarixindən 30 oktyabr tarixinədək olan dövrü əhatə edən 102 nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsindən və 2021-ci il tarixli YKX nömrəli 054104 və 054149 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqələrinə (Forma QU-45) əsasən həmin vaxt dövrü ərzində "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin AR Nümayəndəliyinə dalan yolundan istifadə ilə əlaqədar 3627.86 manat + 653.02 manat ƏDV olmaqla, ümumilikdə 4280.87 manat dəyərində xidmət göstərilmişdir.
13. "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin AR Nümayəndəliyinə ünvanlanmış 2021-ci ilin oktyabr ayı üzrə xidmətlərin göstərilməsi barədə bildirişlər sonuncunun nümayəndəsi qismində “Əzimov” və “Dövlətova” soyadında olan şəxslər tərəfindən imzalanmaqla qəbul edilmişdir.
14. xx.xx.2021-ci il tarixli, 5 nömrəli hesab fakturaya əsasən Azərbaycan Dəmir Yolları” QSC tərəfindən "xxxx" Şirkətinin AR Nümayəndəliyinə ümumilikdə 3618.50 manat məbləğində, xx.xx.2021-ci il tarixli 6 nömrəli hesab fakturaya əsasən 423.93 manat məbləğində, xx.xx.2021-ci il tarixli, 7 nömrəli hesab fakturaya əsasən 238.46 manat məbləğində xidmət göstərilmişdir.
15. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 3066.52 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 597.71 manat miqdarında ödəniş həyata keçirilmişdir.
16. "xxxx" QSC tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədar "xxxx" Şirkətinin AR Nümayəndəliyinə xx.xx.2021-ci il tarixli, 255782 nömrəli məbləği 3618.49 manat, xx.xx.2021-ci il tarixli 395618 nömrəli məbləği 238.45 manat və xx.xx.2021-ci il tarixli, 32613 nömrəli məbləği 423.93 manat təşkil edən elektron qaimələr göndərilmişdir.
17. 2022-ci ilin 01 yanvar tarixindən 31 yanvar tarixinədək olan dövrü əhatə edən 10 nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsindən və 2022-ci il tarixli YKX nömrəli 054507 və 054518 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqələrinə (Forma QU-45) əsasən həmin vaxt dövrü ərzində "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin AR Nümayəndəliyinə dalan yolundan istifadə ilə əlaqədar 1956.24 manat + 352.12 manat ƏDV olmaqla, ümumilikdə 2308.36 manat dəyərində xidmət göstərilmişdir
18. "xxxx" QSC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış 2022-ci ilin yanvar ayı üzrə xidmətlərin göstərilməsi barədə bildirişlər sonuncunun nümayəndəsi qismində “Salahova” soyadında olan şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir.
19. "xxxx" QSC tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədar "xxxx" Şirkətinin AR Nümayəndəliyinə 2308.38 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar EBBP seriyalı 590443 nömrəli elektron-qaimə göndərilmişdir.
20. xx.xx.2022-ci il tarixli, 1 nömrəli hesab fakturaya əsasən Azərbaycan Dəmir Yolları” QSC tərəfindən "xxxx" Şirkətinin AR Nümayəndəliyinə ümumilikdə 2308.37 manat məbləğində xidmət göstərilmişdir.
21. 05/01-22 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsinə, qəbul-təhvilçinin yaddaş vərəqəsinə (Forma QU-45) əsasən Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2022-ci ilin yanvar ayı üçün 310.20 manat dəyərində də xidmət göstərilmişdir, bununla bağlı xx.xx.2022-ci il tarixli, 250819 nömrəli elektron qaimə təqdim edilmişdir.
22. xx.xx.2022-ci il tarixli, 04 nömrəli hesaba əsasən vaqonların verilib-götürülməsi üçün yığım və vaqonlardan istifadə üçün yığım olmaqla, ümumilikdə göstərilən xidmətlərin dəyəri ƏDV daxil 310.20 manat təşkil etmişdir.
23. xx.xx.2021-ci il-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən tərtib edilmiş cavabdeh "xxxx" Şirkətinin AR Nümayəndəliyinə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq edilmiş yığımlardan yaranan debitor borc barədə arayışdan müəyyən edilir ki, 2021ci ilin avqust ayında Dalan yolundan istifadə zamanı hesablanmış 1143.34 manat cərimə, 2021-ci ilin oktyabr ayı üçün dalan yolun istifadə üçün hesablanmış 616.64 manat cərimə, 2022-ci ilin yanvar ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 385.27 manat, ADY-ə məxsus vaqonun istifadəsi üçün hesablanmış 850.24 manat, yüklərin mühafizəsinə görə yığım üçün hesablanmış 105.26 manat, dalan yolundan istifadə üçün hesablanmış 118 manat, Dalan yolundan istifadə zamanı hesablanmış 849.60 manat cərimə məbləği, vaqonların dalan yoluna verilib götürülməsinə görə hesablanmış 145.14 manat, ADY-ə məxsus vaqonun istifadəsi üçün hesablanmış 165.06 manat olmaqla, cəmi 4378.55 manat borc hesablanmışdır.
24. AR Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
26. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
29. İşdən görünür ki, "xxxx" QSC ilə "xxxx" Şirkətinin AR Nümayəndəliyi arasında şifahi xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı hazırki iş üzrə mübahisə predmetinə aid olmasa da, tərəflər arasında yazılı formada müqavilə münasibətlərinin də mövcudluğunun təsdiq edilməsi məqsədilə məhkəməyə tərəflər arasında bağlanmış müqaviləni təqdim etmişdir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş stansiya xidmətlərinə görə yığımları ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Qeyd edilməlidir ki, iddiaçı xidmətlərinin göstərilməsi faktını sübuta yetimək üçün ikitərəfli qəbul-təhvilçinin yaddaş vərəqələrini və bildirişləri, eləcə də cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimələri, əlavə yığımlar üçün yığım vərəqələrini, hesab fakturaları təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2021-ci ilin avqust və oktyabr, 2022-ci ilin yanvar aylarında stansiya xidmətlərinin göstərilməsi faktı yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapır.
31. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 2021-ci ilin avqust ayı üzrə iddiaçı tərəfindən göstərilən stansiya xidmətlərinin ümumi dəyəri 7495.32 manat təşkil etmiş, cavabdeh həmin məbləğdən 6351.98 manat ödəniş etmiş, 1143.34 manat məbləğində pul ödənilməmiş qalmışdır. 2021-ci ilin oktyabr ayı üzrə göstərilən xidmətlərin ümumi dəyəri 4280.87 manat təşkil etmiş, cavabdeh həmin məbləğdən 3663.71 manat məbləğində ödəniş etmiş, ümumilikdə həmin ay üzrə 616.64 manat ödənilməmiş qalmışdır. 2022-ci ilin yanvar ayı üzrə isə ümumilikdə 2618.57 manat dəyərində xidmətlər göstərilsə də, həmin ay üzrə cavabdeh tərəfindən ümumiyyətlə ödəniş həyata keçirilməmişdir. 32.Beləliklə də cavabdeh tərəfindən 2021-ci ilin avqust və oktyabr, 2022-ci ilin yanvar ayı üzrə ümumilikdə 4378.55 manat məbləğində xidmət haqqı ödənilməmiş qalmışdır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin: 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. 34.“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir.
35. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətlərinin göstərilməsi təbii inhisara aid edilən fəaliyyət növlərinə aid edilmişdir.
36. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən 2021-ci ilin avqust və oktyabr, 2022-ci ilin yanvar aylarında göstərilmiş stansiya xidmətlərinə görə yığımların dəyərini – 4378.55 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4378.55 manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilməlidir.
37. İddiaçı eyni zamanda 64 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 4 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 63.79 manat təşkil edir.
38. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 39.İş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir 40.Digər tərəfdən AR MPM-in 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 41.Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
43. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 44.MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 45.İş üzrə iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat və dövlət rüsumunun əvəzi olaraq 4 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən iddiaçı tərəfindən 2021-ci ilin avqust, oktyabr aylarında və 2022-ci ilin yanvar ayında göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 4378.55 manat və 64 manat ödənilmiş dövlət rüsumu, cəmi 4442.55 (dörd min dörd yüz qırx iki manat əlli beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlham Əhmədov