Məhkəmə qərarları › İş №e-2-2(113)-4085/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4085/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4085/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, prosessual maraq, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 250 000 manat əsas bоrc və 16416,67 manat faiz borcu оlmaqla ümumilikdə 266 416,67 manat məbləğində pulun və ödənilmiş 557,25 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında 02 oktyabr 2023-cü il tariхli GA.721768.1/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Adıçəkilən baş sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi ilə illik 14 faiz dərəcəsi ilə 6 ay müddətinə 250 000 manat məbləğində krеdit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar iddiaçıya olan borclarını ödəməmişlər. 20 may 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 250 000 manat məbləğində əsas bоrcu və 16416,67 manat faiz borcu оlmaqla cəmi 266 416,67 manat məbləğində kredit bоrcu yaranmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443, 445-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etmədiklərini və zaminlik müqaviləsinin əslinin məhkəməyə təqdim edilməli olduğunu bildirdi.

6. Məhkəmənin sualına cavab olaraq Cavabdeh1 nümayəndəsi və vəkili iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi.

7. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri Cavabdeh2 və qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Bank qismində) ilə Cavabdeh2 MMC (Borcalan qismində) arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişin şərtlərindən görünür ki, bank borcalana 1 000 000 manat məbləğində 120 ay müddətinə, illik maksimum 24 faiz dərəcəsi ilə kredit limiti ayırır, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən Banka ödəməyi öhdəsinə götürür (1.1-ci bənd).

13. Məhkəməyə təqdim olunan iddiaçı (Bank qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli GA.721768.1/Z nömrəli zaminlik müqaviləsinin şərtindən görünür ki, zamin borc alanın 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür (1.1-ci bənd). Bankla borcalan arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Sazişə əsasən bank borcalana illik maksimum 24 faiz dərəcəsi ilə 120 ay müddətinə, 1.000.000 manat məbləğində kredit limiti ayırır (2.1-ci bənd). Zamin və Borc alan Bank qarşısında birgə məsuliyyət daşıyır (4.1). Zamin Baş Saziş üzrə öhdəliklərin Borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında Borc alanla eyni həcmdə məsuliyyət daşıyır (4.2). Müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin Banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir (9.1-ci bənd).

14. İş materiallarında olan iddiaçı (Bank qismində) ilə Cavabdeh2 MMC (Borcalan qismində) arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, kreditin məbləği və valyutası – 250 000 manat (1.2-ci bənd), kreditin müddəti – 6 ay (1.3-cü bənd), kredit üzrə illik faiz dərəcəsi – 14 faiz (1.4-cü bənd), kreditin məqsədi – dövriyyə vəsaitinin artırılması (1.6-cı bənd), güzəşt vaxtı – 5 ay (1.7-ci bənd). Bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 23 faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilir (2.1-ci bənd). Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, kreditin qaytarılması, faizlərin hesablanması və ödənilməsi, kreditin təminatı, müqavilənin qüvvəyə minməsi, müqaviləyə xitam verilməsi, müqaviləyə vaxtından əvvəl tələb yönəldilməsi və tərəflər arasında bu kredit müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər, habelə kredit limitinin maksimal müddəti, məbləği və faiz dərəcələri tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli, GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş ilə tənzimlənir (2.4).

15. İş materiallarına əlavə edilmiş 20 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, arayışın verildiyi tarixə Cavabdeh2 MMC-nin 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 250 000 manat, faiz borcu isə 16416,67 manat təşkil edir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4085/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 18 sentyabr 2024-cü il tarixli 9/5818 nömrəli ekspert rəyindən görünür ki, 02 aprel 2024-cü il tarixə (müqavilənin müddətinin bitdiyi) Cavabdeh2 MMC-nin 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 250 000 manat, faiz borcu 8749,99 manat təşkil edir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 02 oktyabr 2023-cü il tarixdə kredit limitinin ayrılması haqqında baş saziş əsasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 250 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 06 ay müddətə illik 14 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh2 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 MMC pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.

18. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 250 000 manat əsas borc, 16416,67 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.

19. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edir, iddianı qəbul etmədiklərini bildirir.

20. Cavabdeh2 MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

21. Məhkəmə adıçəkilən cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

24. Buna görə də məhkəmə həmin cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün, nümayəndəsi/vəkilinin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

25. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.

26. Belə ki, Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

27. Həmin Məcəllənin 743.1 və 743.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

28. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

29. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

30. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı isə qeyd edir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

31. 18 sentyabr 2024-cü il tarixli 9/5818 nömrəli ekspert rəyindən görünür ki, 02 aprel 2024-cü il tarixə (müqavilənin müddətinin bitdiyi) 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 250 000 manat, faiz borcu 8749,99 manat təşkil edir.

32. Məhkəmə hesab edir ki, 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinə uyğun olaraq müqavilənin bitdiyi tarixə (xx.xx.2024cü il) tutulmalı əsas borc 250 000 manat, faiz borcu isə 8749,99 manat müəyyən edilməlidir.

33. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

35. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 02 oktyabr 2023-cü il tarixli 102875- 721768/1 nömrəli kredit müqaviləsi üzrə 250 000 manat əsas borc, 8749,99 manat faiz borcu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı eləcə də 557,25 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 556,42 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 18 sentyabr 2024-cü il tarixli 9/5818 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tutulmalı dövlət rüsumunun məbləği 541 manat təşkil edir.

44. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 541 manat cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq İddiaçı ASC-dən 3 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 97 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 02 oktyabr 2023-cü il tarixdə kredit limitinin ayrılması haqqında baş saziş əsasında bağlanmış 102875-721768/1 saylı kredit müqaviləsi üzrə 250000 manat əsas borc, 8749,99 manat faiz borcu olmaqla ümumilikdə ümumilikdə 258749,99 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 541 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 3 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 97 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar