Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4087/2025 15.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Nümayəndə2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Nümayəndə2 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 birgə qaydada DC00314470-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12377,45 manat əsas borc, 1566,45 manat faiz borcu, 748,24 manat cərimə borcu olmaqla, cəmi 14692,14 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 134,08 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra “Bank”) ilə Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2023-cü il tarixdə OnGTC00314470LE/2019 saylı Razılaşma imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda X4 çərçivəsində tərəflər arasında xx.xx.2023-cü il tarixdə DC00314470-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 30,000 (otuz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borclunun Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Nümayəndə2 arasında DC00314470-01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixli DG**********500 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC00314470-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12377,45 manat əsas borc, 1566,45 manat faiz borcu, 748,24 manat cərimə borcu olmaqla, cəmi 14692,14 manat təşkil edir. Gecikmə günü 256 X3 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı "xxxx" ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 134,08 manat dövlət rüsumu ödəmişdir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ASC tərəfindən hər iki cavabdehə 30000 manat kredit verilmişdir. Məhkəməyə müraciət olunduqdan sonra cavabdehlər tərəfindən heç bir ödəniş olunmamışdır. Son ödəniş 2024-cü il tarixdə olmuşdur. Son olaraq cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 birgə qaydada 12377,45 manat əsas borc, 1566,45 manat faiz borcu, 748,24 manat cərimə borcu olmaqla, cəmi 14692,14 manat məbləğində borcun və 134,08 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh1 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2023-cü il tarixdə OnGTC00314470LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsilçisinin elektron imzası ilə təsdiq edilmişdir. Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair X4nun OnGTC00314470LE/2019 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qüvvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İVcü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Bank ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixdə DC00314470-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 30000 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti xx.xx.2025-ci il tarixədək olmaqla Cavabdeh1 MMC tərəfindən kredit götürülmüşdür. İddiaçı ASC ilə Nümayəndə2 arasında xx.xx.2023-cü il tarixli DG**********500 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bank ilə müqavilənin 2.3. bəndinə göstərilən şəxs arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşsında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən DC00314470-01 saylı Kredit Limiti Müqaviləsində nəzərdə tutulmuş öhdəliklər zaminliklə təmin olunmuşdur. Müqavilənin 2.3cü bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı ASC-də olan Cavabdeh1 MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh1 MMC-nin hesabına 30000 manat kredit köçürülmüşdür. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli, PB-OUT-02380-2025 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh1 MMC ilə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair” X4 çərçivəsində xx.xx.2023-cü il tarixdə DC00314470-01 saylı maliyyələşdirmə ərizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyi 298 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli PB/PBL-OUT-00355-2025 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00314470-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12377,45 manat əsas borc, 1566,45 manat faiz borcu, 748,24 manat cərimə borcu olmaqla, cəmi 14692,14 manat və gecikdirilmiş günlərin sayı 256 gün qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 134,08 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli DC00314470-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik faiz dərəcəsi 17% olmaqla 30000 manat məbləğində pul vəsaiti kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Nümayəndə2 arasında xx.xx.2023-cü il tarixli DG**********500 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı müqaviləyə əsasən 12377,45 manat məbləğində əsas borc və 1566,45 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı eyni zamanda cavabdehlərdən xx.xx.2023-cü il tarixli DC00314470-01 saylı maliyyələşdirmə ərizəsi üzrə 748,24 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2023-cü il tarixli DC00314470-01 saylı maliyyələşdirmə ərizəsi üzrə 618 manat müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 134,08 manat məbləğində dövlət rüsumunun 133,7 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 müştərək qaydada DC00314470- 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 12377,45 manat əsas borc, 1566,45 manat faiz borcu, 618 manat cərimə borcu, ümumilikdə 14561 (on dörd min beş yüz altmış bir) manat 90 (doxsan) qəpik borc və ödənilmiş dövlət rüsumunun 133 (yüz otuz üç) manat 70 (yetmiş) qəpiyinin əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4087/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4087/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver