Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-409/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilənin birtərəfli ləğvi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin (İddiaçı BOKT MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 54686,82 manat əsas borc, 5400,32 manat faiz borcu, 3897,51 manat cərimə məbləği olmaqla ümumilikdə 63984,65 manat məbləğində pulun və ödənilmiş 82 manat dövlət rüsumunun, 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdeh iddiaçıdan kredit almaq üçün müraciət etmiş, 14 sentyabr 2022-ci il tarixdə 09/02 saylı kredit müqaviləsinə əsasən iddiaçıdan 68690 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən, cavabdeh krediti və onun faizini kredit alınan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 36 ay ərzində ödəməlidir. Kredit dövrü ərzində ümumi məbləğ (əsas+faiz) 87198,73 manat təşkil etmişdir. Müqaviləyə əsasən ödənişlər ayda bir dəfə həyata keçirilir və ilk dörd ay yalnız faiz borcu (858,63 manat), qalan aylar isə 2617,63 manat ödənilir. Lakin cavabdeh öhdəliyin bir hissəsini icra etdikdən sonra qalan borcu ödəməmişdir. Belə ki, cavabdeh yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq 24375,56 manat ödədikdən sonra ödənişləri ödəniş cədvəli üzrə həyata keçirməkdən imtina etmiş, 60087,14 manat borclu qalmışdır. Bundan əlavə, kredit müqaviləsinin 3.6-cı bəndinə əsasən, ödənişin gecikməsi bir günü ötərsə, gecikdirilmiş hər gün üçün əsas borcun ödənilməmiş məbləğinin 0,1% məbləğində cərimə olacaqdır. Cavabdehin 23 may 2024-cü il tarixə olan maliyyə arayışına əsasən cəriməsi 3897,51 manat təşkil edir. xx.xx.2024-cü il tarixli FT/98 saylı pretenziya məktubuna və çoxsaylı şifahi müraciətlərə baxmayaraq, cavabdeh borcu ödəməkdən imtina etmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 739.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Borc verən qismində) ilə cavabdeh (Borc alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC borcalan Cavabdeh MMC-yə 68 690 AZN məbləğində 36 ay müddətinə kredit verir (1.1). Kreditin ödəmə müddəti 14 Sentyabr 2025-ci il tarixə qədər müəyyənləşdirilir (1.2). «Borcalan» bu müqavilə əsasında krediti, kredit qüvvədə olduğu bütün müddət üçün 4 ay güzəşt olunaraq yalnız faiz və qalıq ayları bərabər miqdarda olmaqla ödəyir (3.1). «Borcalan» kreditin faizlərini hər ay ssuda hesabındakı qalığa əsasən ödəyir, faizlər kredit verildiyi valyutada (qarşılıqlı manatla) ödənilir (3.2). Kreditin və ona hesablanmış faizlərin ödənilməsi «Borcalan» tərəfindən «Borc verən»in bank hesabına hər ay ödənilir (3.3). Kreditin və ona hesablanmış faizlərin ödənilməsi ödəniş tarixinə AR Mərkəzi Bankının təyin etdiyi məzənnəyə uyğun hesablanacaqdır (3.4). İstifadə etdiyi kreditlərə görə «Borcalan» qarşılıqlı olaraq razılaşdırılmış səviyyədə faiz ödəyir. Faiz dərəcəsi illik 15% həcmində, vaxtı keçmiş ssuda borcu üzrə isə faiz dərəcəsi 30% həcmində olmaqla razılaşdırılmışdır (3.5).
11. Həmin müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il tarixi olmaqla ilk 4 ay 858,63 manat, qalan aylar isə 2617,63 manat ödənişin edilməsi, ümumilikdə 68690 manat əsas borc, 18508,73 manat faiz borcunun qaytarılması şərtləşdirilmişdir.
12. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli 756644-41 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 68003,1 manat məbləğində pul xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsi üzrə əsas borc 54686,82 manat, faiz borcu 5400,32 manat təşkil edir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6321/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9357 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla cavabdehin xx.xx.2024-cü il tarixə əsas borcu 54745,38 manat, faiz borcu 5428,92 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 54745,38 manat, faiz borcu 5657,02 manat təşkil edir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 68690 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 36 ay müddətə illik 15 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 68690 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
16. İddiaçı xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsi üzrə 54686,82 manat əsas borc, 5400,32 manat faiz borcunun cavabdehdən tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
23. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
27. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
28. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
29. İş materiallarından görünür ki, iddiaçı 03 iyun 2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2024-cü il tarixə faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə poçt rabitəsi vasitəsilə çatdırılmışdır.
30. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
31. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
32. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
33. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb edir.
34. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
35. xx.xx.2025-ci il tarixli 9/9357 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla cavabdehin xx.xx.2024-cü il tarixə əsas borcu 54745,38 manat, faiz borcu 5428,92 manat təşkil edir.
36. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §7, 218.3-cü maddə).
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas borc 54686,82 manat, faiz borcu isə 5400,32 manat müəyyən edilməlidir.
38. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsi üzrə 54686,82 manat əsas borc, 5400,32 manat faiz borcu Cavabdeh MMC-dən tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
39. İddia ərizəsində iddiaçı xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsi üzrə 3897,51 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
40. xx.xx.2022-ci il tarixli 09/02 nömrəli kredit müqaviləsinin 3.6-cı bəndinə əsasən, Borcalan müəyyən edilmiş ödəmə şərtlərini yerinə yetirmədikdə Bank ödəniş cədvəlinə uyğun olaraq hər gecikdirilən gün üçün annunitetin əsas borcun ödənilməmiş məbləğinin 0,1%-i məbləğində cərimə ödəyir.
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
42. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
43. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
44. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 3000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
45. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 3000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 82 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
48. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00701 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən 205 manat mediasiya xərci ödənilmişdir.
49. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən, hazırkı iş üzrə ödənilməli dövlət rüsumunun məbləği 282 manat təşkil edir.
50. Həmin Qanunun 9.1 və 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
51. “Mediasiya haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.
52. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
53. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən (xx.xx.2024-cü il) kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirakla bağlı qanunun imperativ tələbi olmamışdır. Həmçinin tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) də olmamışdır. Odur ki, iddiaçı mediasiya xərcinin cavabdehdən tutulmasını tələb edə bilməz.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 9/9357 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
56. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
57. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.
58. Həmin Məcəllənin 119.3-ci maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
59. Məhkəmə mübahisənin məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq) pozulması nəticəsində meydana gəldiyini, dövlət rüsumunun ödənilməyən kəsr hissəsinin 200 manat təşkil etdiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
60. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat pul tutularaq İddiaçı BOKT MMC-yə, 200 manat məbləğində pul tutularaq dövlət büdcəsinə, ekspertiza xərci olaraq 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 54686,82 manat əsas borc, 5400,32 manat faiz borcu, 3000 manat dəbbə pulu olmaqla ümumilikdə 63087,14 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat pul tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə, 200 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova