Məhkəmə qərarları › İş №e-2-2(113)-4107/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4107/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4107/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi və avandanlıqların geri qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra olunmamış müqavilələrin icrası təmin edilərək 17 aprel 2017-ci il tarixli № 001 saylı icarə müqaviləsi üzrə 58103,52 manatı, xx.xx.2019-cu il tarixli, № 91 saylı xidmət müqaviləsi üzrə 51840,24 manatı - ümumilikdə 109943,76 manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 210 manatı və mediasiya xərclərinə görə 400 manatı cavabdeh "xxxx" MMC-dən tutaraq İddiaçı ödənilməsi, icarəyə verilmiş 2527 ədəd tikinti avadanlığının geri qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 aprel 2017-ci il tarixli № 001 saylı ayaqaltı və döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin icarəsinə dair müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti razılaşdırılmış icarə haqqını ödəməyi, İddiaçı isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. 31 may 2022-ci il tarixinə qədər xx.xx.2017-ci il tarixli, № 001 saylı icarə müqaviləsi üzrə ümumi borc məbləği 118715 manat müəyyən edilmişdir və cavabdeh tərəfindən 60612,24 manat məbləğində ödəniş həyata keçirilmişdir. İyun ayına olan yekun borc məbləği 58102,76 manat təşkil edir və təhvil verilmiş 2527 ədəd tikinti avadanlıqları bu günə qədər geri qaytarılmamışdır. Həmçinin İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli, № 91 saylı müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xidmət haqqını ödəməyi, İddiaçı isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. xx.xx.2019-cu il tarixli, № 91 saylı xidmət müqaviləsi üzrə borc məbləği 181840,24 təşkil etsə də, cavabdeh tərəfindən 130000 manat ödəniş edilmişdir. İyun ayına olan ümumi borc məbləği 51840,24 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan borc məbləğlərinin ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma görə ödəyərək xərc çəkilmişdir. Həmçinin tərəfimizdən cavabdeh "xxxx" MMC-ə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izahatında tərəflər arasında icarə və xidməti müqavilələri, həmçinin təhvil-təslim aktları imzalansa da, həmin sənədlərdə imza "xxxx" MMC-nin direktoru X1 tərəfindən deyil, digər şəxs tərəfindən imzalandığına görə iddiaçı ilə hər hansı münasibətlərin yaranmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17 aprel 2017-ci il tarixli 001 nömrəli İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış avadanlıqların icarəsi müqaviləsindən görünür ki, İddiaçı bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri tikinti, təmir, bərpa işləri məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti istifadəsinə verir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə razılaşdırılmış icarə haqqını aybaay ödəməyi öhdəsinə götürür. 17 aprel 2017-ci il tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolundan görünür ki, ayaqaltı iskələ sisteminin 1 tonunun qiyməti 120 manat məbləğində müəyyən edilmişdir. 14 aprel 2019-cu il tarixli 91 nömrəli müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib İddiaçı razşılaşdırılmış xidmət haqqı ödəməyi, İddiaçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəyyən etdiyi qaydada müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür. 19 aprel və 20 aprel 2017-ci il tarixli müvafiq olaraq 01 və 02 nömrəli təhvil-təslim aktlarından görünür ki, İddiaçı 17 aprel 2017-ci il tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsi üzrə nəzərdə tutulmuş malları cavabdehin icarəsinə vermişdir. Həmçinin icarəyə verilən malların sayı 2527 ədəddir. xx.xx.2018-ci il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı icarəyə verdiyi mallar üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 73772 manat məbləğində icarə haqqı ödəməlidir. xx.xx.2019-cu il tarixli EAAX seriyalı 879307 nömrəli və xx.xx.2019-cu il tarixli EAAU seriyalı 576272 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı 14 aprel 2019-cu il tarixli 91 nömrəli müqavilə üzrə 76700 manat məbləğində xidmət göstərmişdir. 27 oktyabr 2022-ci il tarixli "xxxx" ASC-nin İddiaçı göndərdiyi məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi İddiaçı hesabına 190612,24 manat məbləğində ödəniş edilmişdir. 08 iyun 2022-ci il tarixli MŞB/6-3094 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. 26 yanvar 2022-ci il tarixli AZ0010277 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Bakı şəhəri 14 saylı vəkil bürosuna hüquqi yardım üçün 420 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1, 700.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında avadanlıqların icarəsi müqaviləsi və xidməti müqavilə bağlanmış, iddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh icarə müqaviləsi üzrə həm icarə haqqını tam olaraq ödəməmiş, həm də icarəyə götürdüyü malları geri qaytarmamış, xidməti müqavilə üzrə isə göstərilən xidmətə görə iddiaçıya olan borcunu tam olaraq ödəməmişdir. Məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, Vəkil2 qeyd etdikləri ilə bağlı isə bildirir ki, tərəflərin möhürləri ilə təsdiq etdikləri sənədlərin üzərində cavabdeh "xxxx" MMC-nin direktorunun imzası olmasa belə həmin sənədlər "xxxx" MMC-nin möhürü ilə təsdiq edildiyinə görə sözügedən sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, "xxxx" MMC iddiaçının bank hesabına 5 il ərzində ardıcıl olaraq göstərilən xidmətlərlə bağlı pul ödədiyinə görə tərəflərin arasında möhürlərlə təsdiq edilmiş müqavilələrin mövcudluğunu və öhdəlikləri qəbul etmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 17 aprel 2017-ci il tarixli 001 nömrəli icarə müqaviləsi üzrə 58103,52 manat, xx.xx.2019-cu il tarixli, 91 nömrəli xidmət müqaviləsi üzrə 51840,24 manatı ümumilikdə 109943,76 manat, həmçinin hüquqi yardıma görə ödənilmiş 210 manat və 400 manat mediasiya xərci cavabdeh "xxxx" MMC-dən tutaraq İddiaçı ödənilməlidir. Həmçinin cavabdeh "xxxx" MMC-yə icarəyə verimiş 2527 ədəd tikinti avadanlıqları İddiaçı geri qaytarılsın və ya hər bir tonu 120 manat olan tikinti avadanlıqlarının dəyəri İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 17 aprel 2017-ci il tarixli 001 nömrəli icarə müqaviləsi üzrə 58103,52 manat, xx.xx.2019-cu il tarixli, 91 nömrəli xidmət müqaviləsi üzrə 51840,24 manatı ümumilikdə 109943,76 manat, həmçinin hüquqi yardıma görə ödənilmiş 210 manat və 400 manat mediasiya xərci cavabdeh "xxxx" MMC-dən tutaraq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-yə icarəyə verimiş 2527 ədəd tikinti avadanlıqları İddiaçı geri qaytarılsın və ya hər bir tonu 120 manat olan tikinti avadanlıqlarının dəyəri İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar