Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4108/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ATSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən "xxxx" ATSC-nin xeyrinə ümumilikdə 560,58 manat və digər Cavabdeh1 MMC-dən "xxxx" ATSC-nin xeyrinə ümumilikdə 915,88 manat, eləcə də mediasiya prosesi üçün ödənilmiş 70 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" ATSC arasında bağlanmış, 14 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr-ti 104 ünvanında yerləşən, ümumi sahəsi 125,0 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 550 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh2 MMC-nin müddətli icarəsinə verilmişdir. Sözügedən müqavilə 01 noyabr 2022-ci ildə ləğv edilərək yeni icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan xx.xx.2022-ci il tarixli, 11/1 saylı yeni icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, yuxarıda göstərilən ünvanda yerləşən ümumisahəsi 295 kv. metr olan qeyri-yaşayış sahəsi, aylıq icarə haqqı 1.298 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh2 MMC-nin müddətli icarəsinə verilmişdir. Göstərilən icarə müqaviləsi üzrə "xxxx" ATSC-yə icarə haqqına görə hazırda 560,58 manat məbləğində borcu qalmışdır. Eyni zamanda Cavabdeh1 ilə "xxxx" ATSC arasında bağlanmış, 14 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prti 104 ünvanında yerləşən, ümumi sahəsi 125,0 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 550 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh1 MMC-nin müddətli icarəsinə verilmişdir. Sözügedən müqavilə 01 noyabr 2022-ci ildə ləğv edilərək yeni icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan xx.xx.2022-ci il tarixli, 11/2 saylı yeni icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, yuxarıda göstərilən ünvanda yerləşən ümumi sahəsi 295 kv. metr olan qeyriyaşayış sahəsi, aylıq icarə haqqı 1.298 manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh1 MMC-nin müddətli icarəsinə verilmişdir. Yuxarıda göstərilən icarə müqaviləsi üzrə "xxxx" ATSC-yə icarə haqqına görə 566,57 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 MMC-nin yuxarıda sözügedən icarə sahəsinin istifadəsi zamanı elektrik enerjisinin sərfiyyatına görə də 349,31 manat məbləğində borcu yaranmışdır. Beləliklə Cavabdeh1 MMC-nin "xxxx" ATSC-yə istinad edilən icarə müqaviləsinə görə ümumilikdə 915,88 manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı Şərab-1” ATSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi, həmçinin həmin tarixdə Bakı Şərab-1” ATSC ilə Cavabdeh1 arasında icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən aylıq icarə haqqı ƏDV ilə birlikdə 550 manat olmaqla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 104 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyri-yaşayış sahəsi ayrı-ayrılıqda Cavabdeh2 və Cavabdeh1nə icarəyə verilmişdir.
11. Daha sonra "xxxx" ATSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 11/1 saylı, "xxxx" ATSC ilə Cavabdeh1 arasında isə xx.xx.2022-ci il tarixli, 11/2 saylı yeni icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən aylıq icarə haqqı ƏDV ilə birlikdə 1.298 manat olmaqla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 104 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyriyaşayış sahəsi ayrı-ayrılıqda Cavabdeh2 və Cavabdeh1nə icarəyə verilmişdir.
12. Müqavilələrin 7-ci bəndinə əsasən elektrik enerjisinə və istifadə olunmuş suya görə haqq sayğac göstəricisinə əsasən hər ayın axırında tərtib olunmuş ikitərəfli akta əsasən hesablanıb ödənilir.
13. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış icarə müqavilələri üzrə icarə haqqı məbləğinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək hesablandığını, hər iki şirkətin obyektdən xx.xx.2023-cü il tarixdə, anbardan xx.xx.2023-cü il tarixlərdə çıxdıqlarını Cavabdeh2 ödənilməmiş 560,58 manat məbləğində, Cavabdeh1 isə ümumilikdə, 915,88 manat borcunun qaldığını bildirmişdir.
14. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında məhkəməyə izahatında bildirmişdir ki, icarə müqaviləsi xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək, yəni 07 ay 13 gün, aylıq 550 manat icarə haqqı ilə, daha sonra xx.xx.2022-ci il tarixli müqavilə üzrə aylıq 1298 manat icarə haqqı ilə 2 ay, 4 gün davam etmiş, şirkət xx.xx.2023-cü ildə sahədən çıxmışdır. Nümayəndə elektrik enerjisindən istifadəyə görə borcu 198,51 manat hissəsində qəbul etdiklərini, Cavabdeh1 ödənilməmiş 566,57 manat icarə haqqı borcunun olduğunu bildirmişdir.
15. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 07 və 08 nömrəli aktlardan görünür ki, icarəçilər Cavabdeh2 və Cavabdeh1 tərəfindən icarədar "xxxx" ATSC-nin icarəyə verilmiş ümumi sahəsi 295 kv.m təşkil edən qeyri-yaşayış sahəsi olan ofisindən xx.xx.2023-cü il tarixindən çıxış olunmuş, anbardan isə çıxışın xx.xx.2023-cü il tarixədək icra olunması barədə tərəflər razılığa gəlmişlər.
16. Aktlar qeyd edilmiş hüquqi şəxslər direktorları tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmə "xxxx" ATSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/1 saylı müqavilə üzrə 560,58 manat məbləğində icarə haqqı borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
18. İş materiallarından görünür ki, EBBW seriyalı, 434420 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 336,99 manat olan, EBBY seriyalı, 550793 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCA seriyalı, 191486 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCC seriyalı, 042631 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCE seriyalı, 179550 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCH seriyalı, 420926 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 550 manat olan, EBCJ seriyalı, 714799 nömrəli, xx.xx.2022-ci il tarixli, 1073,59 manat olan, EBCL seriyalı, 068083 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1298 manat olan, EBCN seriyalı, 269257 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 539 manat olan elektron qaimələr "xxxx" ATSC tərəfindən Cavabdeh2nə göndərilmişdir.
19. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 5997,58 manat təşkil edir.
20. İş materiallarına əlavə olunmuş xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 5437 manat ödəniş edilmiş, müqavilə üzrə 560,58 manat (5997,58-5437=560,58) ödənilməmiş icarə haqqı borcu qalmışdır.
21. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 560,58 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır.
22. Bundan başqa, məhkəmə "xxxx" ATSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/2 saylı müqavilə üzrə icarə haqqı borcu üzrə 566,57 manat, elektrik enerjisindən istifadəyə görə 349,31 manat olmaqla, ümumilikdə, 915,88 manat borcun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. İş materiallarında olan EBBW seriyalı, 434423 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 336,99 manat olan, EBBY seriyalı, 553767 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCA seriyalı, 191491 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 549,99 manat olan, EBCC seriyalı, 048435 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 549,99 manat olan, EBCE seriyalı, 179554 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 550 manat olan, EBCH seriyalı, 420930 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 550 manat olan, EBCJ seriyalı, 714800 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1073,59 manat olan, EBCL seriyalı, 068084 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1298 manat olan, EBCN seriyalı, 269258 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 539 manat olan, icarə haqqı üzrə elektron qaimələr, EBBY seriyalı, 526941 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 45,37 manat olan, EBCA seriyalı, 253978 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 65,13 manat olan, EBCC seriyalı, 113682 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 72,54 manat olan, EBCE seriyalı, 179553 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 70,98 manat olan, EBCH seriyalı, 337507 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 49,14 manat olan, EBCJ seriyalı, 714854 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 144,95 manat olan, EBCL seriyalı, 545306 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 198,51 manat olan, elektrik enerjisindən istifadə üzrə elektron qaimələr "xxxx" ATSC tərəfindən Cavabdeh1nə göndərilmişdir.
24. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 6.644,19 manat təşkil edir.
25. İş materiallarına əlavə olunmuş xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən həm icarə haqqı borcu üzrə, həm də elektrik enerjisindən istifadə üzrə 5.879,11 manat pul ödənmiş, ümumi 765,08 manat borc qalmışdır.
26. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 07 nömrəli akta əsasən Cavabdeh1 icarədara xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək istifadə edilən enerji sərfiyyatına görə 1527kvt x 0,13 manat=198,51 manat, xx.xx.2023-cü il tarixli akta əsasən isə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək istifadə edilən enerji sərfiyyatına görə 1160 kvt x 0,13=150,80 manat məbləğində ödəniş etməlidir.
27. Göründüyü kimi, hər iki akt üzrə elektrik enerjisindən istifadəyə görə borc 349,31 manat təşkil edir.
28. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətin direktoru xx.xx.2022-ci il tarixli 07 nömrəli aktı imza edərək 198,51 manat borcun olduğunu qəbul etsə də, xx.xx.2023-cü il tarixli 08 nömrəli aktı (150,80 manat) imzalamamışdır.
29. Həmçinin də, qeyd edilmiş sonuncu imzalanmamış akt üzrə (150,80 manat) də, cavabdehə elektron qaimə göndərilməmişdir.
30. Belə olan halda, məhkəmə hesab edir ki, iddia elektrik enerjisindən istifadəyə görə 349,31 manat məbləğində borcun tələb edilməsi hissəsində qismən əsaslıdır.
31. Bundan başqa, məhkəmə qeyd edir ki, elektron qaimələr üzrə ödənilməmiş 765,08 manat ümumi borcdan elektrik enerjisindən istifadəyə görə 198,51 manat məbləğində borc çıxıldıqda (765,08-198,51=566,57) müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 11/2 saylı icarə müqaviləsi üzrə 566,57 manat icarə haqqı borcu vardır.
32. Ona görə də, icarə haqqı borcu üzrə 566,57 manat, elektrik enerjisindən istifadəyə görə 198,51 manat məbləğində pul Cavabdeh1ndən tutularaq iddiaçıya ödənməlidir.
33. İş materiallarında olan MŞB/8/2023-01277 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 70 manat məbləğində pul Bakı 8 X1 ödənmişdir.
34. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı borcu üzrə 560 (beş yüz altmış) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul Cavabdeh2ndən tutularaq "xxxx" X2 Cəmiyyətinə verilsin. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı borcu üzrə 566 (beş yüz altmış altı) manat, 57 (əlli yeddi) qəpik, elektrik enerjisindən istifadəyə görə 198 (bir yüz doxsan səkkiz) manat, 51 (əlli bir) manat məbləğində pul Cavabdeh1ndən tutularaq "xxxx" X2 Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" X2 Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov