Məhkəmə qərarları › İş №e-2-2(113)-4109/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4109/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4109/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, əmlak tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 MMC arasında 23 noyabr 2023-cü il tarixli, № 23/1123P saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə üzrə 25555,03 manat icarə haqqı və ona hesablanmış 4599,9 manat ƏDV borcunun; 2000 manat cərimənin, ümumi dəyəri 4103,2 manat olan –71,1 metr H-24 tirlər, 171,1 metr ölçülü H-24 tirlər və 6 ədəd Üst ayar milinin (48-lik) 1.2 m.; hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 222 manat dövlət rüsumunun (201 manat iddia tələbi və 21 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında 23 noyabr 2023-cü il tarixli, № 23/1123P saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bununla yanaşı 23 noyabr 2023-cü il tarixli “Zaminlik Müqaviləsi”nə əsasən digər Cavabdeh1 İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli, № 23/1123P saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin Cavabdeh2 tərəfindən yerinə yetirilməsinə görə birgə cavabdehliyi öz üzərinə götürmüşdür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Cavabdeh isə bu müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda 23 noyabr 2023-cü il tarixli, № 23/1123P saylı icarə müqaviləsi üzrə 25555,03 manat və ona hesablanmış 4599,9 manat ƏDV borcu yaranmışdır. Bundan başqa cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri 4103,2 manat olan –71,1 metr H-24 tirlər, 171,1 metr ölçülü H-24 tirlər və 6 ədəd Üst ayar mili (48-lik) 1.2 m. bu günədək geri qaytarılmamışdır. Bundan başqa, əsas Müqavilənin 5.3-cü maddəsinə əsasən icarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-ci günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin iddiçıya xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, iddiaçı həmin cərimə borcundan hazırda cəmi 2000 manat tələb edir. Qeyd edirlər ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 443.1, 1096.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında 23 noyabr 2023-cü il tarixli iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bununla yanaşı 23 noyabr 2023-cü il tarixli “Zaminlik Müqaviləsi”nə əsasən digər Cavabdeh1 İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə görə birgə cavabdehliyi öz üzərinə götürmüşdür. İddianı təmin edərək 25555,03 manat icarə haqqı və ona hesablanmış 4599,9 manat ƏDV borcunun; 2000 manat cərimənin, cavabdheh tərəfindən qaytarılmayan ümumi dəyəri 4103,2 manat olan –71,1 metr H-24 tirlər, 171,1 metr ölçülü H-24 tirlər və 6 ədəd Üst ayar milinin (48-lik) 1.2 m.; hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 222 manat dövlət rüsumunun (201 manat iddia tələbi və 21 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 alınaraq İddiaçı MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Təhvil-təslim aktları və X1 iş materiallarına əlavə olunmuşdur. Cavabdehlə aparılmış danışıqlar nəticəsində borcunu etiraf etmişdir, hətta borcun əvəzləşdirilməsini təklif etsə də, sonradan xəbər çıxmamışdır. İcarə obyektlərinin bir hissəsini qaytarılmamışdır. Müqavilənin 5.3-cü bəndinə əsasən cərimə tələb edirlər. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli № 23/1123P nömrəli icarə müqaviləsindən görünür ki, İcarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 2.1ci maddəsinə əsasən, aylıq icarə haqqı Tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Bu müqavilənin 2.4-cü maddəsinə əsasən, İcarəçi İcarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq İcarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür. Bu müqavilənin 2.7-ci maddəsinə əsasən, İcarə və xidmət haqqının ödənilməsi aktların olmadığı halda icarəçiyə elektron vergi sisteminə əsasən göndərilmiş qaimələr məqbul hesab olunur və onun əsasında ödəniş həyata keçirilir. Bu müqavilənin 4.1-ci maddəsinə əsasən, əmlakın təhvil verilməsi hər iki Tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. Bu müqavilənin 5.3-cü maddəsinə əsasən, İcarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-ci günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. İddiaçı MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı MMC və Cavabdeh2 MMC arasında xx.xx.2023 tarixli 23/1123P saylı İcarə Müqaviləsi ilə müəyyən edilmiş əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. Bu müqavilənin 2.1ci maddəsinə əsasən müqaviləyə görə İcarəçi qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin İcarəyə verənin qarşısında İcarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Bu müqavilənin 2.2-ci maddəsinə əsasən Zamin İcarəçinin qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında İcarəyə verənin bildirişini aldığı gündən 5 (beş) gün ərzində İcarəçinin İddiaçı MMC qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. Bu müqavilənin 2.3-cü maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar. Bu müqavilənin 5.1-ci maddəsinə əsasən Tərəflər üzərlərinə götürdüyü öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında № 23/1123P nömrəli icarə müqaviləsinə Əlavə №1 olan xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokuluna əsasən, 1 ədəd Alt ayar milin qiyməti 2 manat, 1 ədəd Üst ayar milin qiyməti 2.5 manat, 1 ədəd Çarpaz qol 2.1m qiyməti 1 manat, 1 ədəd Çarpaz qol 1.98m qiyməti 1 manat, 1 ədəd H20 Tir qiyməti 2.80 manat, 1 ədəd İskələ 1.80x1.50 m qiyməti 3.50 manat, 1 ədəd İskələ 1.50x1.50 qiyməti 3.50 manat, 1 ədəd Əkləmə qiyməti 0,40 manat, 1 m2 Beton qəlib sistemlərinin qiyməti 30 manat razılaşdırılmışdır. Qiymətə ƏDV daxil deyildir. xx.xx.2023-cü il tarixli, 23/1123P nömrəli icarə Müqaviləsinə uyğun olaraq malların təhvil-təslimi haqqında 1 nömrəli xx.xx.2023-cü il tarixli Akta əsasən Alt ayar mili, Üst ayar mili, Çarpaz qol 2.1m, Çarpaz qol 1.98m, H20 Tir, İskələ 1.80x1.50 m, İskələ 1.50x1.50, Əkləmə, Beton qəlib sistemləri adlı mallar İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilmişdir. 29/11nömrəli təhvil-təslim aktına əsasən, müxtəlif mallar müxtəlif vaxtlarda İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilmişdir. xx.xx.2023 tarixli 23/1123P saylı Müqaviləyə əsasən xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2115-2311A nömrəli Akta əsasən tərəflər Müqavilədə nəzərdə tutulan yekun 4010,89 manat xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2023 tarixli 23/1123P saylı Müqaviləyə əsasən, xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2115-2311H nömrəli Akta əsasən tərəflər Müqavilədə nəzərdə tutulan yekun 433,27 manat dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. MT2404 seriyalı 00608228 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13779,34 manat, EBDW seriyalı 075285 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 21908,59 manat ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə və Cavabdeh1 göndərilmiş pretenziya məktubundan görünür ki, Ona görə də iddiaçı cavabdehdən 4599,9 manat ƏDV borcunu, 2000 manat cərimə borcu borcunu və 4103,2 manat manat dəyərində qaytarılmayan avadanlığı 3 gün müddətinə qaytarmalarını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 201 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli № 23/1123P nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus olan, müqaviləyə əlavələrlə razılaşdırılan əmlakları çatdırılma və quraşdırılma şərti ilə cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada, bütün vergilərlə birlikdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən İcarəçi öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin İcarəyə verənin qarşısında İcarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. İcarə obyektləri yuxarıda qeyd olunan təhvil-təslim aktları ilə (hesabatlarla) cavabdehə təhvil verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, sübutları qiymətləndirib belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Çünki iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müqavilənin şərtlərinə uyğun müvafiq əşyaları daşınma və quraşdırılma ilə birlikdə Cavabdeh2 MMC-yə təhvil vermiş, lakin sonuncu və zamin Cavabdeh1 öhdəliklərini icra etməyərək icarə götürdüyü əmlakların icarə haqqını daşınma və quraşdırılma xərci ilə birlikdə iddiaçıya ödəməmişlər. Cavabdehlərin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimələr, təhvil – təslim aktları ilə təsdiq olunur. Buna görə də iddiaçının cavabdehlərdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Bundan başqa Cavabdeh2 MMC icarə haqqını ödəməməklə müqaviləni əhəmiyətli dərəcədə pozduğu üçün iddiaçı pretenziya ilə icarə haqqının ödənilməsini tələb edərək icarəyə verilmiş avadanlıqların qaytarılmasını tələb etməklə müqavilənin ləğvi barədə öz iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Buna görə də tərəflər arasında icarə hüquq münasibətlərinə xitam verildiyindən cavabdehlər icarəyə verilmiş avadanlıqları geri qaytarmalıdırlar. Odur ki, iddiaçı MM-nin 697.1-ci maddəsinə əsasən icarəyə verilmiş avadanlıqların geri qaytarılmasını tələb etməkdə də haqlıdır. Həmçinin iddiaçının MM-nin 697.2 və 705-ci maddələrinə əsasən icarə münasibətlərinə xitam verildikdən sonra icarə avadanlıqlarının saxlandığı müddət üçün kompensasiya kimi icarə haqqı tələb etmək hüququ vardır və onun tələbi həmin hissədə də haqlıdır. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini icra etmədiklərini, yəni 30154,93 manat (ƏDV daxil) icarə haqqını ödəmədiklərini, zaminin borclu ilə birlikdə məsuliyyət daşıdığını, icarə avadanlıqlarının geri qaytarılmadığını, belə olan halda isə iddiaçının icarə haqqını, icarə avadanlığının qaytarılmadığı müddət üçün kompensasiyanı və icarə avadanlıqlarını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır, buna görə də 30154,93 manat (ƏDV daxil) icarə haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, icarə avadanlıqları isə cavabdehlərdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehlərdən 2000 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 640 manat (320 manat iddia tələbi və 320 manat müvəqqəti təminat tədbiri üçün) xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, MPMin 119.1-ci bəndinə əsasən ödənilmiş 222 manat (201 manat iddia tələbi və 21 manat müvəqqəti təminat tədbiri üçün) məbləğində dövlət rüsumunun 218,28 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 23 noyabr 2023-cü il tarixli, № 23/1123P saylı müqavilə üzrə 25555,03 manat icarə haqqı, ona hesablanmış 4599,9 manat ƏDV borcu, 1500 manat cərimə borcu olmaqla, ümumilikdə 31654 (otuz bir min altı yüz əlli dörd) manat 93 (doxsan üç) qəpik borc, hüququ yardım üçün ödənilmiş 640 (altı yüz qırx) manatın və ödənilmiş dövlət rüsumunun 218 (iki yüz on səkkiz) manat 28 (iyirmi səkkiz) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ümumi dəyəri 4103,2 manat olan mallar (71,1 metr H-24 tirlər, 171,1 metr ölçülü H- 24 tirlər və 6 ədəd Üst ayar milinin (48-lik) 1.2 m.) cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar