Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4124/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600,32 manat (altı yüz manat otuz iki qəpik) əsas borc, 200 (iki yüz manat) manat dəbbə pulu və 30 (otuz manat) manat dövlət rüsumu olmaqla, cəmi 830,32 manat (səkkiz yüz otuz manat otuz iki qəpik) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 984,07 manat (doqquz yüz səksən dörd manat yeddi qəpik) borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu xx.xx.2024-ci il tarixinə qədər borc məbləğini, 984,07 manatı (doqquz yüz səksən dörd manat yeddi qəpik) hissə-hissə xx.xx.2024-cü il tarixindən başlayaraq 5 ay müddətində hər ay 196,81 manat (yüz doxsan altı manat səksən bir qəpik) məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən yerinə yetirilməmiş və 600,32 manat (altı yüz manat otuz iki qəpik) ödənilməmiş qalmışdır. Bundan başqa, bu müqavilənin 2.3-cü maddəsinə əsasən borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0,2%-i həcmində dəbbə pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, ödənişləri gecikdirdiyindən xx.xx.2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş etmədiyi üçün 200 (iki yüz manat) manat dəbbə pulu hesablanmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385, 425.1, 427.1, 442, 443.1, 443.2, 445.4, 448.2, 449.1, 462.1, 462.3, 882.1, 882.2-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, AC-SNM/01-02-24/KP nömrəli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh İddiaçı ASCyə olan 984,07 manat borcu etiraf etmiş və həmin borcu 01 mart 2024-cü il tarixindək başlayaraq 01 iyul 2024-cü il tarixinə qədər 5 ay müddətinə, hər ay 196,81 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0,2%-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən borclu borcunu 2 ay ardıcıl ödəmədikdə tələbkar ümumi məbləğin tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuşdur.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə İddiaçı ASC-yə müraciət edərək, İddiaçı ASC-nin əməkdaşı olduğunu və problemlərinin olması səbəbilə borcu ödəyə bilmədiyini bildirmişdir. Cavabdeh borcu ödəmək imkanı olmadığından borcun 01 mart 2024-cü il tarixindən etibarən 01 iyul 2024-cü il tarixinədək hissə-hissə ödənilməsi ilə bağlı möhlət verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinədək borcun İddiaçıSC-yə ödənilməsinə tam məsuliyyətlə cavabdeh olduğunu bildirmişdir.
7. İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “borc məbləğinin müəyyən edilməsi haqında” akta əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə 984,07 manat məbləğində borcunun olduğu qeyd olunmuşdur.
8. İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışında borclu Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 800,32 manat borcunun mövcudluğu qeyd olunmuşdur.
9. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda deyilir ki, sizin İddiaçı ASC-dən götürdüyünüz və əvəzini hələ də ödəmədiyiniz mallara görə 984,07 manat (doqquz yüz səksən dörd manat yeddi qəpik) borcunuz qalmışdır. Sizinlə şirkət arasında imzalanmış xx.xx.2024-cü il tarixli borcun etirafı haqqında müqavilə ilə siz şirkətə olan borcunuzu etiraf edərək, aylıq ödəniş etməklə xx.xx.2024-cü il tarixinədək həmin borcu bərabər hissələrlə tam ödəyəcəyinizi öhdənizə götürmüsünüz. Lakin qeyd edilən tarixdən hazırkı tarixədək borcun ödənilməsi istiqamətində sizin tərəfinizdən əməlli addımlar atılmamış və borcun aylıq bərabər hissələrlə ödənilməsi barədə öhdəlik tərəfinizdən pozulmuşdur. Müqavilə üzrə öhdəliyinizi tam yerinə-yetirmədiyiniz üçün 600,32 manat (altı yüz manat otuz iki qəpik) borcunuz qalmışdır. Bundan başqa, bu müqavilənin 2.3-cü maddəsinə əsasən borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0,2%-i həcmində dəbbə pulu ödəməlidir. Buradan aydın olur ki, siz xx.xx.2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş etmədiyiniz üçün sizin şirkətə 200 (iki yüz manat) manat dəbbə pulu olmaqla, cəmi 800,32 manat borcunuz qalmışdır. Borc məbləğinin 2 (iki) gün müddətində ödənilməsini xahiş edirik, əks təqdirdə məhkəməyə müraciət olunacaq. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh İddiaçı ASC-yə olan 984,07 manat borcu etiraf etmiş və həmin borcu 01 mart 2024-cü il tarixindək başlayaraq 01 iyul 2024-cü il tarixinə qədər 5 ay müddətinə, hər ay 196,81 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin borc tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi (malların alqı-satqısı) ilə bağlı yaranan borcdur. Qeyd olunan borc məbləğinin bir hissəsi ödənilmiş, 600,32 manatı isə ödənilməmiş qalmışdır.
13. İddia tələbinin bir hissəsini Cavabdeh 600,32 manat borcun tutulması təşkil edir.
14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə tam təmin edilməli, Cavabdeh 600,32 manat (altı yüz manat otuz iki qəpik) borc iddiaçının xeyrinə tutulmalıdır.
15. İddia tələbinin digər hissəsini cavabdehdən 200 manat (iki yüz manat) cərimənin tutulması təşkil edir.
16. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 30 (otuz) manat müəyyən edilməli, cərimənin tutulması barədə iddia tələbi qalan hissədə təmin edilməməlidir.
17. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600,32 manat (altı yüz manat otuz iki qəpik) borc, 30 (otuz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 660,32 manat (altı yüz altmış manat otuz iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova