Məhkəmə qərarları › İş №e-2-2(113)-4127/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4127/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4127/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, öhdəliyin icrası, zaminlik) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 3486, 96 manat əsas borc, 410,99 manat faiz borcu olmaqla, ümumilikdə isə 3897,95 manat pulun və 58,98 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 4900 (dörd min doqquz yüz) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1) xx.xx.2024-cü il tarixli 360619-1-4118 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Bundan əlavə, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 360619-1-4118 saylı zaminlik müqaviləsinin tələbinə görə «kredit alan» xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, «zamin» «kredit alan» ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh2a və Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqavilələrinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən (xx.xx.2024- cü il tarixli 360619-CNS-51883 saylı kredit müqaviləsi üzrə cəmi 58.98 manat) iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 58.98 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçı tərəfindən mediasiya xərcləri ödənildiyindən iddiaçı hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun ödənilməsindən azaddır. Bu səbəbdən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Həmçinin, hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət etməsi ilə bağlı ödənilmiş 58.98 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Hesab edirik ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VÖEN **********), həmçinin kreditlər investisiya və dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: təmir, yenidən qurma, mal-materialın alınması) hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 360619-CNS-51883 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 21 faizlə 24 ay müddətinə 4900 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. Cavabdeh2 təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və aparılan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X4/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron-Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 (Zamin) arasında xx.xx.2024-cü il tarixli 360619-1-4118 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən Kredit alan Zaminliklə təmin edilmiş hazırkı Müqavilənin 1.2.-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. Bu müqavilənin 1.2-ci maddəsinə zaminliklə təmin edilmiş öhdəliklər Bankın, Kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir (bundan sonra - zəmanət ilə təmin edilmiş öhdəliklər) o cümlədən: 4900 manat məbləğində və müddətə xx/xx/2026-ci il (daxil olmaqla) verilmiş kredit; Kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 21 faiz% məbləğində kreditdən istifadəyə görə faiz. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə AR qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Bu müqavilənin 2.2.1-ci maddəsinə əsasən, bu Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Zamindən tələb edir; 001 saylı, xx.xx.2023-cü il tarixli “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”-nin 13.1-ci bəndinə əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir. Cavabdeh2 İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində bank onun hesabına xx.xx.2024-cü il tarixli, 360619-CNS-51883 saylı kredit müqaviləsi üzrə 4900 manat köçürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh2 banka 3486,96 manat əsas, 410,99 manat faiz olmaqla, cəmi 3897,95 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh2 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 3897,95 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 58,98 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 360619-CNS-51883 saylı kredit müqaviləsinə əsasən 4900 manat məbləğində illik 21 faizlə kredit vermişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq iddiaçı ilə cavabdeh Elmir Tağıyeva arasında xx.xx.2024-cü il tarixli 360619-1-4118 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birlikdə Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 4900 manat kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Nəticədə, tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şərtlərini nəzərə alaraq hesab edirəm ki, iddiaçının xx.xx.2024-cü il tarixli, 360619-CNS-51883 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 3486,96 manat məbləğində əsas bоrc, 410,99 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 58,98 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 360619-CNS-51883 saylı kredit müqaviləsinə əsasən 3486,96 manat əsas borc, 410,99 manat faiz borcu, ümumilikdə 3897 (üç min səkkiz yüz doxsan yeddi) manat 95 (doxsan beş) qəpik borc və ödənilmiş 58 (əlli səkkiz) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar