Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-413/2024 29.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Firmasına qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Firmasına qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh firması (icarəçi) arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 11 mart 2011-ci il tarixli 1208 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 1543,2 m2 torpaq sahəsi icarəçinin müddətli istifadəsinə verilmişdir. Həmin müqavilənin: - 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 1913,7 manat, aylıq icarə haqqı 159,46 manat müəyyən edilir. - 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 idarəsindəki hesabına ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 07.08.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh firmasına dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinin icarə haqqı üzrə borcunun 7 gün müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh firmasına qarşı xx.xx.2011-ci il tarixli, 1208 saylı müqavilə üzrə icarə haqqı borcunun tutulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh firmasından xx.xx.2022-ci il tarixədək yaranmış 2461 manat məbləğində icarə haqqı borcu və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh firmasının sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh firmasının xx.xx.2023-cü il tarixinə (aylıq icarə haqqı 159,46 manat olmaqla) cəmi ödənilməli olan icarə haqqı borcu 5.928,21 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh firmasından icarə haqqı borcu üzrə 3149 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Firması arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-ci məhəllə ünvanında yerləşən 1543.2 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli, 1208 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 5610 manat məbləğində icarə haqqı borcu mövcuddur. Qeyd edilən borcun 2461 manat hissəsi xx.xx.2022-ci il tarixli qətnamə ilə Xidmətin xeyrinə tutulmuşdur.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə verərək, cavabdehdən xx.xx.2011-ci il tarixli, 1208 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə olan borc üzrə 5.928,21 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında verdityi izahatda nümayəndə qətnamənin qəbul edildiyi gün cavabdeh tərəfindən icarə haqqı borcundan 159,6 manat məbləğində ödənişin edildiyini bildirdi. 11.Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 12.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 16.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 17.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. 19.Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.
20.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 21.“Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh firması arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli, 1208 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 1543,2 m2 torpaq sahəsi cavabdehin icarəsində olmuşdur. Cavabdeh firması torpaq sahəsinin icarəsində olduğu müddət üçün icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra etmədiyindən dövlət büdcəsinə icarə haqqı borcu yaranmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisəli müqavilə üzrə xx.xx.2023-cü il tarixinə yaranmış icarə haqqı borcunun ödənilməsini tələb edir. 24.Məhkəmə mübahisəli hüquq münasibətində icarəyə verən qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəçi olan Cavabdeh firmasından icarə haqqını ödəmək öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. 25.Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, şəxsi hesab vərəqəsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə icarə haqqı borcu 5.928,21 manat təşkil etsə də, iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında cavabdeh tərəfindən xx.xx.2024cü il tarixdə icarə haqqı borcundan 159,6 manat məbləğində ödəniş edilməsi faktını təsdiq etmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdehin xx.xx.2023-cü il tarixə, yəni iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tələb olunan tarixə yaranmış icarə haqqı borcunun 5.768,61 (5.928,21 -159,6) manat hissəsi ödənilməmiş qalmışdır. 26.Bununla yanaşı ödənilməsi tələb edilən borcun 2461 manat hissəsinin cavabdehdən tutulması ilə bağlı tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi mövcud olmuş və həmin mübahisənin nəticəsi olaraq Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən 2461 manat icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. 27.Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixə yaranmış və halhazıradək ödənilməmiş 5.768,61 manat icarə haqqı borcundan qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş 2461 manat məbləğində borc çıxılmalı və iddia qismən təmin edilərək Cavabdeh firmasından xx.xx.2011-ci il tarixli, 1208 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək olan müddətdə yaranmış 3.307,61 manat məbləğində icarə haqqı borcu tutulmalıdır. 28.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 51,49 manat təşkil edir. 29.Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilməli olan 51,49 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Firmasından icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək olan müddətdə yaranmış 3.307,61 manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddianın verilməsinə görə ödənilməli olan 51,49 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva