Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4130/2025 21.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinə dair pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 365365-CNS- 43066 saylı Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən, bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə (dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması)) istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən, əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür.
2. Qeyd edilən kredit müqaviləsinin kreditləşdirmə şərtləri və qaydalarına dair 3-cü maddəsinə əsasən, cavabdehə verilən kreditin məbləği 2500 manat, müddəti xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixinədək ödəmək şərti ilə, illik faiz dərəcəsi 23%, Kredit müqaviləsinə 1 saylı Əlavə ilə aylıq ödəniş məbləği 130,87 manat müəyyən edilmişdir.
3. Eyni zamanda, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında 365365-1-2553 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, kredit alan 2500 manat məbləğində krediti (xx.xx.2025-ci il tarixədək), kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 23% məbləğində kreditdən istifadəyə görə faizi və kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirməkdə birgə məsuliyyət daşıyırlar (zaminlik müqaviləsinin 1.1 və 1.2-ci bəndləri).
4. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 365365-CNS-49530 saylı birdəfəlik kreditinin əsas şərtlərinə dair müştəri Ərizə-Razılaşmasına əsasən, cavabdehə verilən kreditin məbləği 1590 manat, kreditin müddəti 18 ay, illik faiz dərəcəsi 21%, aylıq ödəniş məbləği 103,78 manat müəyyən edilmişdir.
5. Bununla yanaşı, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 365365-1-3577 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, kredit alan 1590 manat məbləğində krediti (xx.xx.2025-ci il tarixədək), kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 21% məbləğində kreditdən istifadəyə görə faizi, kreditin müşayiətinə görə, kredit məbləğindən 0,5% komissiya məbləğinə və kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirməkdə birgə məsuliyyət daşıyırlar (zaminlik müqaviləsinin 1.1 və 1.2-ci bəndləri)
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 365365- CNS-43066 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 501,94 manat məbləğində əsas, 51,09 manat məbləğində faiz, 40,48 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 365365-CNS-49530 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 492,21 manat məbləğində əsas, 45,22 manat məbləğində faiz borcu, hər iki müqavilə üzrə cəmi 1130,94 manat və ödənilmiş 31,31 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 365365-CNS-43066 saylı kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması üçün illik 23 % hesablanması şərti ilə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Eyni zamanda, Bankla həmin cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 365365-CNS-49530 saylı kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması üçün illik 21 % hesablanması şərti ilə 19 ay müddətinə 1590 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. xx.xx.2023cü il tarixli, 365365-CNS-43066 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Bankla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 365365-CNS-2553 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 365365-CNS-49530 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Bankla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 365365-CNS- 3577 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini 365365-CNS-49530 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən və 365365- CNS-43066 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 1130.94 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir
b) İddiaya qarşı etirazın dəlilləri
8. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
16. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək olan redaksiya).
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək olan redaksiya).
20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiya).
21. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
27. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
28. Oxşar hüquqi əsas kredit müqaviləsinə verilən anlayışda öz əksini tapmışdır. Kredit müqaviləsi üzrə borcalan eyni zamanda, aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmaqla bağlı da öhdəlik öhdəlik daşıyır.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 365365-CNS-43066 saylı və xx.xx.2023-cü il tarixli, 365365- CNS-49530 saylı kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə müvafiq olaraq 2500 və 1590 manat məbləğində kredit verməklə, göstərilən müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və cərimənin ödənilməsini cavabdehlərdən tələb edir.
30. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini, müqavilə ilə müəyyən edilmiş faizləri, habelə müqavilədən irəli gələn digər ödənişləri də iddiaçıya qaytarmaqla bağlı üzərinə öhdəlik götürmüşdür. Lakin, işin şərh edilən hallarından da görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz və digər ödənişləri borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
31. Tələbin 40,48 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
32. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
33. Lakin məhkəmə hesab edir ki, tələb edilən iddiaçı tərəfindən cərimənin 40,48 manat məbləğində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
34. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə eyni zamanda, iddia tələbinin Cavabdeh1 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh2 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən kredit vəsaitinin, həmin məbləğə hesablanmış faiz borcunun və dəbbə pulunun ödənilməməsi üçün məsuliyyət daşıyır.
36. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi və ona hesablanmış faiz üzrə iddiaçıya olan borcu qaytarmamaqla onun qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zamin olaraq kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin tam icrası üçün məsuliyyət daşıdığından, sonuncu isə iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini tam icra etmədiyindən Cavabdeh1 Cavabdeh2 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 365365-CNS-43066 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə borclu olduğu 501,94 (beş yüz bir manat doxsan dörd qəpik) manat məbləğində əsas, 51,09 (əlli bir manat doqquz qəpik) manat faiz borcu, 20 (iyirmi manat) manat cərimə, xx.xx.2023-cü il tarixli, 365365-CNS-49530 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə borclu olduğu 492,21 (dörd yüz doxsan iki manat iyirmi bir qəpik) manat əsas, 45,22 (qırx beş manat iyirmi iki qəpik) manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə, 1110,46 (min yüz on manat qırx altı qəpik) manat və ödənilmiş 31,31 (otuz bir manat otuz bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Zamanlı