Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4134/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, delikt, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, № RP210117 saylı icarə müqaviləsi əsasında 71699,09 manat icarə haqqı və 12905,83 manat ƏDV borcunun, cavabdeh tərəfindən yararsız hala salınmış avadanlıqların əvəzində 17000 manat pulun və ona hesablanmış 3060 manat ƏDV borcunun, 5000 manat cərimə borcunun; həmçinin hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 442 manat dövlət rüsumunun (401 manat iddia tələbi və 41 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 17 yanvar 2022-ci il tarixli, № RP210117 saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəflərindən razılaşdırılmışdır. Bundan başqa, müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Cavabdeh MMC-nin hazırda 71699,09 manat icarə haqqı və 12905,83 manat ƏDV borcu yaranmış, lakin cavabdeh borcunu ödəmir. Bundan başqa cavabdehə təhvil verilmiş 17000 manat dəyərində olan avadanlıqlar yararsız hala salınmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən yuxarıda qeyd olunan borc məbləğləri və yararsız hala salınmış avadanlıqlara hesablanmış 17000 manat borcun Əlavə dəyər vergisi 3060 manat müəyyən edilmişdir. Cavabdeh MMC iddiaçıya olan ümumi borcunun 104664,92 manat olmasını etiraf etmişdir. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasən icarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-ci günündən başlayaraq (31-ci gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin iddiaçıya xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, iddiaçı həmin cərimə borcundan hazırda cəmi 5000 manat tələb edir. Cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin istifadəsinə verilən əmlaklarla bağlı tələb olunan icarə haqqı məbləği əsassızdır və düzgün hesablanmamışdır. Belə ki, təhvil-təslim aktlarında da göründüyü kimi iddiaçı tərəfindən Müqavilə üzrə icarəyə götürülən əmlakların icarə haqqı ƏDV ilə birlikdə 84604,92 manat (71699,09 manat əsas borc, 12905,83 manat ƏDV) deyil, 57838,39 manatdır (49015,59 manat əsas borc, 8822,8 manat ƏDV). Beləliklə, hazırda iddiaçının faktiki olaraq istifadəyə verdiyi əmlaklara görə icarə dəyərini nəzərə alaraq iddia ərizəsində istinad etdiyi məbləğlə bağlı faktlar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi PR2086-23080 nömrəli təhvil-təslim aktında göstərilən əmlaklar icarəyə götürülməmiş və bu səbəbdən həmin akt Müqaviləyə əsasən təsdiq olunmamışdır. Əlavə olaraq bildirirlər ki, iddia ərizəsində qeyd olunan 5000 manat cərimə borcu Müqavilə üzrə yaranmış ümumi borc məbləğinə tənasüb deyil və əsassız hesab olunmalıdır. Vəkillə müqavilənin bağlanması və məbləğin müəyyən olunması "xxxx" MMC-nin məlumatı və ya iştirakı olmadan həyata keçirilmişdir və "xxxx" MMC-dən 640 manat vəkil hüquqi xidmət haqqının tələb olunması əsassızdır. Beləliklə, Müqavilə üzrə "xxxx" MMC-nin istifadəsinə verilən əmlaklarla bağlı tələb olunan icarə haqqı məbləğinin düzgün hesablanmaması, cərimə borcunun və vəkil hüquqi xidmət haqqı tələbinin əsassız hesab edilməli olduğunu nəzərə alaraq iddiaçı tərəfindən verilən iddia tələbi təmin edilməməlidir. Son olaraq iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 17 yanvar 2022-ci il tarixli iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə imzalanmış, o gündən icarə münasibətləri davam etmişdir. Tərəflər arasında cavabdehin etirafına əsasən üzləşmə aktı tərtib olunmuşdur, lakin dəfələrlə müraciət etsələr də, cavabdeh öz öhdəliyini icra etməmişdir. Cavabdeh tərəf MTT ləğvi şərti ilə barışıq sazişi bağlamaq istəsələr də, onlar cavabdehə etibar etmədikləri üçün razılaşmamışlar. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli № RP210117 nömrəli icarə müqaviləsindən görünür ki, İcarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 2.1ci maddəsinə əsasən, aylıq icarə haqqı Tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Bu müqavilənin 2.3-cü maddəsinə əsasən, İcarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq İcarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür. Bu müqavilənin 4.1-ci maddəsinə əsasən, əmlakın təhvil verilməsi hər iki Tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. Bu müqavilənin 5.3-cü maddəsinə əsasən, İcarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 15 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 16-cı günündən başlayaraq (16-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında № RP210117 nömrəli icarə müqaviləsinə Əlavə №1 olan xx.xx.2021-ci il tarixli Razılaşdırma Protokuluna əsasən, 1 m2 ayaqaltı iskələnin qiymətini 1 manat razılaşmışlar. Qiymətə ƏDV daxil deyil. İddiaçı MMC ilə Cavabdeh MMC arasında № RP210117 nömrəli icarə müqaviləsinə Əlavə №2 olan xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokuluna əsasən, 1 ədəd Dirək 3.85m üçün 0.90 manat, 1 ədəd Dirək 5.7m üçün 1.30 manat, 1 reys daşınma üçün 500 manat razılaşmışlar. Qiymətə ƏDV daxil deyil. İddiaçı MMC ilə Cavabdeh MMC arasında № RP210117 nömrəli icarə müqaviləsinə Əlavə №3 olan xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokuluna əsasən, 1 ədəd SRZ qurşaq 1.25m (badam) 4 manat, 1 ədəd Tayrot 1.5m üçün 1 manat, 1 ədəd Kələbək üçün 0,50 manat, 1 ədəd Payanda 2m üçün 6 manat, 1 ədəd Payanda 6m üçün 15 manat, 1 ədəd Payanda dabanı üçün 2,5 manat, 1 komplekt Dəmir Araba h4.5m üçün 200 manat, 1 ədəd Nərdivan üçün 10 manat razılaşmışlar. Qiymətə ƏDV daxil deyil. 23/03 nömrəli təhvil-təslim aktına əsasən müxtəlif mallar müxtəlif vaxtlarda İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 31/03 nömrəli təhvil-təslim aktına əsasən müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 06/05 nömrəli təhvil-təslim aktına əsasən müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 16/05 nömrəli təhvil-təslim aktına əsasən müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə kimi xidmətlər haqqında PR2086-2404G nömrəli Akta əsasən, tərəflər Müqavilədə nəzərdə tutulan yekun 1723,39 manat (ƏDV daxil) dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə kimi xidmətlər haqqında PR2086-2404F nömrəli Akta əsasən, tərəflər Müqavilədə nəzərdə tutulan yekun 1459,33 manat (ƏDV daxil) dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2086-2307G nömrəli Akta əsasən, tərəflər Müqavilədə nəzərdə tutulan yekun 26766,53 (ƏDV daxil) manat dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2086-2305G nömrəli Akta əsasən, tərəflər Müqavilədə nəzərdə tutulan yekun 15921,79 (ƏDV daxil) manat dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2086-2306G nömrəli Akta əsasən, tərəflər Müqavilədə nəzərdə tutulan yekun 27179,05 (ƏDV daxil) manat dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2086-2308G nömrəli Akta əsasən, Müqavilədə nəzərdə tutulan yekun 26766,53 (ƏDV daxil) manat dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsi qeyd olunmuş, lakin imzalanmamışdır. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2086-2303G nömrəli Akta əsasən, tərəflər Müqavilədə nəzərdə tutulan yekun 3988,4 (ƏDV daxil) manat dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2022 tarixli RP210117 saylı Müqaviləyə əsasən xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinə kimi xidmətlər haqqında PR2086-2303F nömrəli Akta əsasən, Müqavilədə nəzərdə tutulan yekun 5015 (ƏDV daxil) manat dəyərində xidmətlərin tam vəziyyətdə yerinə yetirilməsini Cavabdeh MMC öz imzası ilə təsdiq etmişdir. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən, 31 oktyabr 2024-cü il tarixinə Cavabdeh MMC-in İddiaçı MMC-yə 84604,92 manat (ƏDV daxil) icarədən yaranan borc, 20060 (ƏDV daxil) yararsız və itirilmiş avadanlıqlar üçün borc olmaqla, cəmi 104664,92 manat yekun borcu vardır. MT2410 seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 892,78 manat, EBDD seriyalı 609505 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5015 manat ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. № MVHvPlP14 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, Vəkil İddiaçı MMC tərəfindən 300 manat hüquqi xidmət ödənilmişdir. № MVWWpdg13 nömrəli xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, Vəkil İddiaçı MMC tərəfindən 300 manat hüquqi xidmət ödənilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehdən yaranmış borcu 3 gün müddətinə qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 401 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli № RP210117 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus olan, müqaviləyə əlavələrlə razılaşdırılan əmlakları çatdırılma və quraşdırılma şərti ilə cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada, bütün vergilərlə birlikdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektləri yuxarıda qeyd olunan aktlarla (hesabatlarla) cavabdehə təhvil verilmiş, tərəflər xx.xx.2025-ci il tarixli üzləşmə aktı tərtib etməklə cavabdehin iddiaçıya 84604,92 manat (ƏDV daxil) icarədən yaranan borc, 20060 (ƏDV daxil) yararsız və itirilmiş avadanlıqlar üçün borc olmaqla, cəmi 104664,92 manat yekun borcu olduğunu təsdiq etmişlər. Məhkəmə tərəflərin münasibətini aydınlaşdırıb, iş materiallarını tədqiq edərək, sübutları qiymətləndirib belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Çünki iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müqavilənin şərtlərinə uyğun müvafiq əşyaları daşınma və quraşdırılma ilə birlikdə cavabdehə təhvil vermiş, lakin cavabdeh öhdəliyini icra etməyərək icarə götürdüyü əmlakların dəyərini daşınma və quraşdırılma xərci ilə birlikdə iddiaçıya ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimələr, təhvil – təslim aktları və üzləşmə aktı ilə təsdiq olunur. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Cavabdeh etirazında təhvil-təslim aktlarına əsasən icarə haqqının düzgün hesablanmadığını, ƏDV ilə birlikdə 84604,92 manat (71699,09 manat əsas borc, 12905,83 manat ƏDV) deyil, 57838,39 manat (49015,59 manat əsas borc, 8822,8 manat ƏDV) borcu olduğunu bildirmişdir. Bu cür fərqin yaranmasının səbəbi isə tərəflərin imzalamadığı PR2086-2308G nömrəli akta qeyd edilən 26766,53 (ƏDV daxil) manat məbləğdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər PR2086-2308G nömrəli aktı imzalamasalarda, həmin aktdan sonra xx.xx.2025-ci il tarixdə üzləşmə aktını imzalayaraq icarə haqqı borcunun ƏDV daxil 84604,92 manat olduğunu təsdiq etmişlər. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni 84604,92 manat icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının icarə haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 84604,92 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı yarasız hala salınmış və itirilmiş əmlaklarına görə 20060 manat dəymiş ziyanın ödənilməsini tələb etmişdir. İddiaçının 20060 manat dəyərində əmlaklarının cavabdehə verilməsi və həmin əmlakların yarasız hala salınması və itirilməsi təhvil-təslim aktları və üzləşmə aktı ilə təsdiq edilir, həmçinin cavabdeh etirazında bununla bağlı münasibət bildirməmişdir. Bu isə onu göstərir ki, iddiaçının əmlakları cavabdehə təhvil verildikdən sonra sonuncunun təqsirli hərəkətləri nəticəsində 20060 manat dəyərində əmlaklar yararsız hala salınmaqla və itirilməklə iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddiaçı Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməkdə də haqlıdır. Buna görə də iddia tələbi cavabdeh tərəfindən yararsız hala salınmış avadanlıqların əvəzində 17000 manat pulun və ona hesablanmış 3060 manat ƏDV borcunun tutulması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən 5000 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 5000 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 640 manat (320 manat iddia tələbi və 320 manat müvəqqəti təminat tədbiri üçün) xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, MPMin 119.1-ci bəndinə əsasən ödənilmiş 442 manat (401 manat iddia tələbi və 41 manat müvəqqəti təminat tədbiri üçün) məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 17 yanvar 2022-ci il tarixli, № RP210117 saylı icarə müqaviləsi üzrə 71699,09 manat icarə haqqı, ona hesablanmış 12905,83 manat ƏDV borcu, cavabdeh tərəfindən yararsız hala salınmış avadanlıqların əvəzi olaraq 17000 manat pul və ona hesablanmış 3060 manat ƏDV borcu, 5000 manat cərimə borcu olmaqla, ümumilikdə 109664 (yüz doqquz min altı yüz altmış dörd) manat 92 (doxsan iki) qəpik borc, hüququ yardım üçün ödənilmiş cəmi 640 (altı yüz qırx) manatın və ödənilmiş cəmi 442 (dörd yüz qırx iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4134/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4134/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver