Məhkəmə qərarları › İş №e-2-2(113)-4137/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4137/2021

08.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4137/2021 08.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27.05.2021 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 131246,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 328000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə və cavabdehin 27.05.2021 tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafıə fonduna ödənilməmiş 10240,61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 67000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət sosial müdafiə fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 27.05.2021-ci il tarixə yaranan borcuna görə 67000 manat və 328000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət sosial müdafiə fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 16/06/2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 02.06.2021-ci il tarixli **********6 saylı protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani 13/15 ünvanında yerləşən yaşayış binasında olan C blokunda 10-cu mərtəbəsində 4 otaqlı və C blokunda 11-ci mərtəbəsində 4 otaqlı mənzillər siyahıya alınmış, həmin mənzillərin hər birinin qiyməti 164000 manat, cəmi 328000 manatdır. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 02.06.2021-ci il tarixli **********7 saylı protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani 13/15 ünvanında yerləşən yaşayış binasında olan C blokunda 10-cu mərtəbədə 1 otaqlı mənzil siyahıya alınmış, həmin mənzilin qiyməti 67000 manatdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, dövlət sosial müdafiə fonduna və dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh MMCnın dövlət sosial müdafiə fonduna ödənilməmiş 10240,61 manat və dövlət büdcəsinə ödənilməmiş 131246,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə müvafiq olaraq 67000 manat və 328000 manat dəyərində əmlak siyahıya alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, dövlət büdcəsinə ödənilməmiş 131246,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 328000 manat dəyərində olan siyahıya alınmış əmlak: ünvan 2 ünvanında yerləşən yaşayış binanın C blokun 10-cu mərtəbə və həmin blokun 11-ci mərtəbəsində olan hər birinin qiyməti 164000 manat olan 4 otaqlı 2 mənzildir. Bununla yanaşı müəyyən edilmişdir ki, dövlət sosial müdafiə fonduna ödənilməmiş 10240,61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 67000 manat dəyərində olan əmlak həmin yaşayış binanın C blokunun 10-cu mərtəbəsində olan 1 otaqlı mənzildir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC dövlət sosial müdafiə fonduna və dövlət büdcəsinə ödəmələri tam həcmdə və vaxtında ödəmədiyindən, dövlət büdcəsinə olan borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Lakin məhkəmə hesab edir ki, siyahıya alınmış əmlakların qiyməti, ödənilməsi nəzərdə tutulan vəsaitdən çoxdur. Belə ki, həm dövlət sosial müdafiə fonduna, həmdə dövlət büdcəsinə ödənilməmiş vəsaitin ümumi məbləği 141486,70 manat təşkil etsə də, siyahıya alınmış 3 mənzilin ümumi dəyəri 395000 manat təşkil edir. Odur ki, siyahıya alınmış əmlakların dəyərinin, ödənilməsi nəzərdə tutulan vəsaitdən çox olduğunu, həmçinin mənzillərin birinin hərracda satılmasının mümkün olmayacağını və ya əldə edilmiş vəsaitin borcun ödənilməsinə kifayət etməyəcəyini nəzərə alan, məhkəmə hesab edir ki, iddia qismən edilməli və dövlət sosial müdafiə fonduna ödənilməmiş 10240,61 manat və dövlət büdcəsinə ödənilməmiş 131246,09 manat məbləğində vəsaitin ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən yaşayış binanın C blokun 10-cu mərtəbəsində və həmin blokun 11-ci mərtəbəsində olan 2 ədəd 4 otaqlı mənzillər ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nın 27.05.2021-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 10240,61 manat və dövlət büdcəsinə ödənilməmiş 131246,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən yaşayış binanın C blokun 10-cu mərtəbəsində və həmin blokun 11-ci mərtəbəsində olan 2 ədəd 4 otaqlı mənzillər ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh MMC-dən 10 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar