Məhkəmə qərarları › İş №e-2-2(113)-414/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-414/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-414/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərərin ödənilməsi, hüquqi yardım xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2350 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 43,50 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2.350 (iki min üç yüz əlli) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobiliavtoservisdə 2.350 (ikimin üç yüzəlli) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə Elektron Məhkəmə Sistemi vasitəsilə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddiziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 11 fevral 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 1300 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım və 33 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspertiza mərkəzi rəy verməkdən imtina etmişdir. Lakin, cavabdeh məhkəmə iclaslarında ***-**** manat civarında iddianı qəbul etdiyini qeyd edirdi. İddiaçı da cavabdehin mövqeyini nəzərə alaraq əsas məbləği 1300 manatadək azaltdı.

5. Əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdeh bildirmişdir ki, avtomobil 5 ay müddətində onda olmuşdur. Vaxtı-vaxtında yağını və suyunu dəyişirdi. Səhv etmirəmsə 20-25 gün əvvəl avtomobildə səs problemi oldu. Avtomobil yoxlanılsın deyə o, onu servisə verdi və ona mühərrikdə problem olduğu qeyd edildi. Elmar bəy var servisdə, mexanik olaraq fəaliyyət göstərir. O, ona dediki 95 oktanlı yanacaq işlətsə bu problem düzələcək. O, deyilən yanacaqdan istifadə etdi və onlarada xəbər verdi. Bir neçə gün sonra yağ dəyişməyə getdi. Problem olmadığını qeyd etdilər. Avtomobili qaytardıqdan bir neçə müddət sonra məhkəmədən sms gəldiki belə bir məsələ var. Avtomobili 4 ay yarım sürdü, heç bir problem olmadı. Düşünür ki, 2350 manat zərər çoxdur. 2350 manatın ***-**** manatını köməklik məqsədi ilə qəbul edə bilər. Tələb olunan məbləğ ilə narazıdır.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən:

10. Müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: 2.1.1.Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; 2.1.3.Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etmək, avtomobilin üzərinə reklam stikerlərin vurulması qəti qadağandır. 2.1.5.Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə. 2.1.8.Nəqliyyat vasitəsini hər hansı səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəmək.

11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “RAVON NEXİA R3 MİNİK” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilən zaman texniki baxımdan saz (arxa buferdə cızıq, kapotda cızıq istisna olmaqla) vəziyyətdə olması hər iki tərəfin imza və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair akta əsasən Ravon Nexia R№ minik markalı **-DD-*** nömrəli avtomobil sürücü Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə avtoservisə gətirildiyi, avtoservisdə avtomobilə baxış keçirilən zaman avtomobilin matorunun işləmədiyi müəyyən olunduğu, sürücüyə bu barədə məlumat verildiyi və baxış zamanı motorun ümumi təmirə ehtiyacı olduğu ona bildirildiyi, lakin sürücünün aktı imzalamaqdan imtina edildiyi qeyd olunmuşdur.

13. xx.xx.2024-cü il tarixli Ravon Nexia R№ minik markalı **-DD-*** nömrəli avtomobilə dəymiş zərərin hesablanmasına dair akta əsasən yekun məbləğ 2350 manat müəyyən edilmişdir. (mator ümumi xərc - 2350 manat).

14. İşdə olan avtoservis arayışına əsasən İddiaçı “Ravon Nexia” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 1750 manat, təmir usta işlərinin qiyməti 600 manat, cəmi 2350 manat məbləğ xx.xx.2024-cü il tarixdə avtoservisdə ödənildiyi qeyd olunmuşdur.

15. Məhkəmə iddiaçının nümayəndəsinin və hazırlıq iclasında cavabdehin bildirdiyi izahatları nəzərə alaraq, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

21. Cavabdeh iddiaçıya məxsus “Ravon Nexia R3” markalı **-DD-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinə zərər vurması işin faktiki halları ilə təsdiqini tapmışdır. Bundan əlavə, cavabdehin iddianı qismən, ***-**** manat hissədə qəbul etməsi də, dolayısı ilə zərərin mövcudluğunu təsdiq etmiş olur.

22. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə xx.xx.2024-cq il tarixli dəymiş zərərin hesablanmasına dair akt təqdim olunmuşdur. Həmin aktlara əsasən zərər 2350 manat məbləğində ziyan dəydiyi qeyd olunmuşdur. Lakin, buna baxmayaraq, iddiaçı yenə də cavabdehə güzəşt edərək dəymiş zərər məbləğini 1300 manatadək azaltmışdır.

23. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə və nəqliyyat vasitəsini hər hansı səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığının ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin qanunsuz hərkəti nəticəsində iddiaçıya ziyan dəydiyini və iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə xərclərinə gəldikdə, iddiaçı 100 manat vəkil xərcinin əvəzini və dövlət rüsumunun əvəzi olaraq 33 manatın cavabdehdən tutulmasını xahiş etmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 33 manat dövlət rüsumu, 100 manat vəkil xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1300 manat maddi ziyan məbləği, vəkil xərcinin əvəzi olaraq 100 manat və dövlət rüsumunun əvəzi olaraq 33 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar