Məhkəmə qərarları › İş №e-2-2(113)-4148/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4148/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4148/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması və icarə obyektinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə müqaviləsinin ləğvi, icarə obyektinin qaytarılmasının gecikdirilməsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması və icarə obyektinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 aprel 2023-cü il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş əmlakın cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi, 4420 manat icarə haqqının, 225 manat icarə haqqının gecikdirilməsinə görə dəbbə pulunun, 1560 manat icarə obyektinin təhvil verilməməsinə görə dəbbə pulunun və 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli 01/04/23 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Azbentonit ərazisində yerləşən ümumi sahəsi 1850 kv.m olan ayrı tikili anbarın (qapalı anbar sahəsi) 130 kv.m anbar sahəsini cavabdehə icarəyə vermiş, eyni tarixli aktla obyekt rəsmi şəkildə cavabdehə təhvil verilmişdir. Adıçəkilən müqaviləyə əsasən, cavabdeh hər ay 260 manat icarə haqqını ödəməli olduğu halda, indiyə kimi heç bir ödəniş etməmişdir. Nəticə etibarilə 01 sentyabr 2024-cü il tarixə cəmi 4420 manat məbləğində 17 aylıq icarə haqqı borcu yaranmışdır. Bundan əlavə, müqavilənin 4.1-ci bəndinə görə ödənilməmiş icarə haqqına gündəlik 0,01% olmaqla cəmi 225 manat (17 ay = 510 gün) cərimə tutulmalıdır. Cavabdeh bu ilin yanvar ayında obyektdən çıxmaq tələbini yerinə yetirməkdən də boyun qaçırmışdır. Həmin vaxtdan mülkiyyətçinin müraciəti əsasında cavabdehin vergi uçotundan çıxarılmağına baxmayaraq, hələ də obyekti təhvil verməmişdir. Ona görə də müqavilənin 4.4-cü bəndinə görə obyektin təhvil verilmədiyi hər gün üçün aylıq icarə haqqının 5% həddində, 2024-cü ilin may ayında ötən 4 ay üçün cəmi 1560 manat əlavə cərimə ödənilməlidir. Həmçinin cavabdehə qarşı hüquqi tələblər üçün vəkillə 1000 manat məbləğində müqavilə bağlanmış və hələlik 500 manat hüquqi xidmət haqqı ödənilmiş, qalan 500 manat da ödəniləcəkdir. Hazırda hüquqi xidmət məbləği də cavabdehdən tələb olunur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.2, 448.1-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(113)- 4148/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə hazırlıq iclasında məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmənin baxış iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, cavabdeh icarə obyektini 2024-cü ilin yanvar ayında etibarən bağlasa da, obyekti təhvil verməmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, cavabdeh xx.xx.2023-cü il tarixli 01/04/23 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə üzrə ümumiyyətlə icarə haqqı ödəməmişdir.

9. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsinin üzrə pulun tutulması və icarə obyektinin qaytarılması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icarəyə verən qismində) ilə cavabdeh (icarəçi qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin şərtlərindən görünür ki, İcarəyə verən Abşeron rayonu, Xırdalan şəhəri, Azbentonit ərazisi ünvanında yerləşən ümumi sahəsi 1850 kv.m olan ayrı tikili anbarın (qapalı anbar sahəsi) 130 kv.m anbar sahəsini (obyekt kodu: **********-31002) icarəçiyə icarəyə verir, İcarəçi isə həmin sahəni qəbul edib bu müqavilədə nəzərdə tutulmuş qaydada icarə haqqı ödəyir (1.1). Bu müqavilə üzrə aylıq icarə haqqının məbləği 260 manat müəyyən edilir. Bir aylıq icarə müddəti hər ayın 1-ci təqvim günündən növbəti ayın 1-ci təqvim gününə qədərki müddəti əhatə edir. İcarə tariflərinin dəyişməsi, istehlak minimumunun artması, ölkədə inflyasiya olarsa, icarə haqqının məbləğinə tərəflərin qarşılıqlı razılığı ilə yenidən baxıla bilər (3.1). Hər ay üzrə icarə haqqı İcarəyə verən tərəfindən İcarəçiyə elektron qaimə göndərildikdən sonra 3 təqvim günü müddətinə ödəniləcəkdir (3.2). İcarə haqqına istehlak olunan elektrik enerjisi, su, kanalizasiya, internet və telefon xidmət haqları daxil deyildir (3.3). İstehlak olunan kommunal xərclər (qaz, işıq, su) İcarəçi tərəfindən ödənilir (3.4). İcarə haqqı ödənilən zaman ödəmə mənbəyindən verginin dövlət büdcəsinə ödənilməsini icarəçi təmin edir (3.5). İcarəyə verən icarə predmetini təyinatına uyğun şəkildə, tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında İcarəçiyə təqdim etməlidir (6.1). Müqaviləyə vaxtından əvvəl xitam verilməsi haqqında razılaşma imzalanandan sonra və ya Müqavilənin müddəti bitdikdən sonra 3 iş günü ərzində İcarəçi təhvil-təslim aktı əsasında obyekti İcarəyə verənə qaytarır (6.3).

14. İş materiallarında olan 01 aprel 2023-cü il təhvil-təslim aktından görünür ki, 01 aprel 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi üzrə icarə obyektinin cavabdehə təhvil verilməsi rəsmiləşdirilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Azbentonit ərazisi ünvanında yerləşən ümumi sahəsi 1850 kv.m olan ayrı tikili anbarın (qapalı anbar sahəsi) 130 kv.m anbar sahəsini (obyekt kodu: **********-31002) cavabdehə icarəyə verməyi, cavabdeh isə əmlakı qəbul etməklə bütün vergilər daxil olmaqla aylıq 260 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyekti xx.xx.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir.

16. İddiaçı xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi üzrə 2023-cü ilin aprel ayından 2024-cü ilin sentyabr ayınadək 17 ay üçün 4420 manat icarə haqqının tutulmasını və icarə obyektinin boşaldılaraq təhvil verilməsini tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

20. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

21. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.

22. Ümumi qaydaya görə icarə münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilir. Belə ki, Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

23. Lakin mülki qanunvericilikdə müddətin müəyyən edildiyi icarə münasibətlərinə vaxtından əvvəl də ləğv edilməsi imkan nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. Mülki Məcəllənin 421.2-ci maddəsində təsbit edilmiş müqavilənin əhəmiyyətli dərəcədə pozulması hallarından biri də Mülki Məcəllənin 685.2-ci maddəsində təsbit edilmişdir.

25. Belə ki, həmin maddəyə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

26. Analoji qayda xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin 5.2-ci bəndində də əks olunmuşdur. Həmin bəndə görə, İcarəçinin bu Müqavilənin tələblərini pozaraq icarə haqqını ardıcıl olaraq 2 (iki) ay müddətinə ödəməməsi halında, İcarəyə verən xəbərdarlıq müddətini gözləmədən bu Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər.

27. Məhkəmə müqavilənin ləğvi qaydası ilə bağlı göstərir ki, Konstitusiya Məhkəməsinin müqavilənin ləğvi ilə bağlı hüquqi mövqeyinə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

28. İddiaçının onlayn kargüzarlıq vasitəsi ilə xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanladığı bildirişdən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsi üzrə 13 aydır ardıcıl icarə haqqının ödənilmədiyinə istinad edib icarə obyektinin boşaldılmasını xahiş etmişdir.

29. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, icarə münasibətlərində icarəyə verəninin icarə obyektinin icarə obyektinin boşaldılması barədə tələbinin ifadə olunduğu məktubun cavabdehə çatdırılması (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması halında) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, icarəyə verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

30. Hazırkı halda isə icarə haqqının uzun müddət ödənilməməsi nəzərə alındığında qeyd olunan əsasla, yəni Mülki Məcəllənin 685.2-ci maddəsinə müvafiq olaraq icarəyə verənin müqaviləni vaxtından əvvəl ləğv etmək hüququnun dizpozisiya şərtləri yaranmışdır və xx.xx.2024-cü il tarixdən icarə müqaviləsi ləğv edilmiş hesab edilməldir.

31. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

32. Mülki Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər.

33. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

34. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən xx.xx.2024-cü il tarixdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini, həmin tarixdən 2024-cü ilin sentyabr ayınadək kompensasiya olaraq icarə haqqını tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

35. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

36. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

40. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi pulun tutulması təmin olunmalı, xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi üzrə 4420 manat icarə haqqı borcu (xx.xx.2023 - xx.xx.2024 tarixləri əhatə edən 17 ay*260 manat) Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

41. Məhkəmə cavabdehin icarə obyektindən çıxarılması tələbinə münasibətdə isə göstərir ki, Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

42. Tərəflər arasındakı icarə münasibətlərinə xx.xx.2024-cü il tarixdən xitam verildiyini nəzərə alan məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Azbentonit ərazisində yerləşən ümumi sahəsi 1850 kv.m olan ayrı tikili anbarın 130 kv.m sahəsinin (anbar kodu – **********-31002) boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

b) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

43. İddia ərizəsində iddiaçı həmçinin icarə haqqının gecikdirilməsinə görə 225 manat, obyektin təhvil verilməməsinə görə 1560 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

44. xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin 4.1 və 4.4-cü maddələrinə əsasən, İcarəçi bu Müqavilədə nəzərdə tutulmuş məbləğdə və müddətdə icarə haqqım tam və ya qismən ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,01% miqdarında İcarəyə verənə cərimə ödəyir. İcarəçi, icarə münasibətlərinə xitam verilərkən bu Müqavilədə göstərilən müddətdə obyekti geri qaytarmadıqda, gecikdirilmiş hər təqvim günü üçün aylıq icarə haqqının 5 faizi məbləğində İcarəyə verənə cərimə ödəyir.

45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

46. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

47. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi və icarə obyektinin qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur.

48. Beləliklə, məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında cərimə məbləğinin icarə haqqının gecikdirilməsinə görə 225 manat, obyektin təhvil verilməməsinə görə 1560 manat olmaqla ümumilikdə 1785 manat müəyyən olunması ağlabatan və ədalətlidir və Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

49. İddiaçı 500 manat hüquqi yardım xərcinin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir.

50. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 76 manat, həmçinin ********** nömrəli mədaxil qəbzi əsasında 27 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir

51. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 500 manat ödənilmişdi (xx.xx.2024-cü il tarixli ******* nömrəli order, xx.xx.2024cü il tarixli 458 nömrəli müqavilə).

52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir

53. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

54. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

55. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 500 manat hüquqi yardım xərci ağlabatandır və cavabdehdən tutulmalıdır.

56. Məhkəmə dövlət rüsumunun məbləği ilə bağlı isə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən iddianın qiymətinə (6205 manat) uyğun ödənilməli dövlət rüsumunun məbləği 82 manat təşkil edir.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242, 252, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 aprel 2023-cü il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi” üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Azbentonit ərazisində yerləşən ümumi sahəsi 1850 kv.m olan ayrı tikili anbarın 130 kv.m sahəsinin (anbar kodu – **********-31002) boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. 01 aprel 2023-cü il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi” üzrə 4420 manat icarə haqqı borcu, 1785 manat cərimə olmaqla ümumilikdə 6205 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar