Məhkəmə qərarları › İş №e-2-2(113)-4152/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4152/2022

27.07.2022 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4152/2022 27.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi Ərizəçinin nümayəndəsi X3, X1 iştirakları ilə, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs1 MMC-yə qarşı barışıq sazişinin təsdiq edilməsinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, “Birinci tərəf olan "xxxx" MMC və ikinci tərəf olan Maraqlı şəxs1 MMC arasında 4200 (dörd min iki yüz) manat borcun qaytarılması barədə bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01554 saylı Barışıq Sazişinin təsdiq edilməsi və 100 manat mediasiya xərcinin Maraqlı şəxs1 MMC-dən alınaraq "xxxx" MMC-ə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru mal almaq üçün maraqlı tərəf olanMaraqlı şəxs1 MMC-yə 15.000 (on beş min) manat məbləğində pul ödəniş etmişdir. Həmin ödənişin müqabilində razılaşdırılmış mallar təhvil verilməmişdir. Bundan sonra "xxxx" MMC-nin direktoru olaraq ödənilən 15.000 (on beş min) manat məbləği geri tələb etmişdir. Maraqlı şəxs1 MMC 9.000 (doqquz min) manatını köçürmə yolu ilə qaytarmış, 1800 (min səkkiz yüz) manatına isə metal vermişdir. Bundan sonra Maraqlı şəxs1 MMC-nin "xxxx" MMC-yə 4200 (dörd min iki yüz) manat borcu qalmışdır. Maraqlı şəxs1 MMC-nin "xxxx" MMC-yə 4200 (dörd min iki yüz) manat borcu var. Həmin borcu uzun müddətdir ki, maraqlı tərəf ödəməkdən imtina edir. Borcun olduğunu təsdiqləyən maraqlı tərəf olan Maraqlı şəxs1 MMC-nin direktoru Maraqlı şəxs2 dəfələrlə xəbərdarlıq edilsə və maraqlı tərəf borcu olduğunu etiraf etsə də ödəməmək üçün hər dəfə bir bəhanə gətirir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. Hər iki tərəf vergi ödəyicisi olduğu üçün məhkəməyə iddia qaldırmamışdan əvvəl mübahisənin həllinin tapılması üçün mediasiya təşkilantına müraciət etmişdir. Mediasiya prosesinin keçirilməsi 5 saylı Mediasiya Təşkilatının mediatoru X5 həvalə edilmişdir. Maraqlı şəxs1 MMC-nin direktoru Maraqlı şəxs2 və "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 ilkin mediasiya prosesində iştirak etmişlər. Borcun ödənilməsi üçün yaranan mübahisənin Mediasiya prosesində həll etmək qərarına gəlmiş, 5 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə xx.xx.2022 tarixli MŞB/5-01554 saylı Barışıq sazişi bağlanılmışdır. Həmin sazişin 2.1 maddəsinə əsasən Maraqlı şəxs1 MMC 4200 (dörd min iki yüz) manat borcu xx.xx.2022-ci il tarixinədək ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. Artıq öhdəliyinin tam yerinə yetirməli vaxtdan 2 aya yaxın vaxt keçməsinə baxmayaraq maraqlı şəxs borclu olduğu vəsaiti ödəməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X6 və X2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs1 MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəyə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: “alıcı” "xxxx" MMC, “satıcı” Maraqlı şəxs1 MMC olmaqla imzalanmış 14 yanvar 2022ci il tarixli 025 nömrəli alqı satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya metal məlumatları “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. “birinci tərəf” "xxxx" MMC, “ikinci tərəf” Maraqlı şəxs1 MMC, X8 “mediator” olmaqla imzalanmış xx.xx.2022-ci il tarixil MŞB/5-01554 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs1 MMC barışıq sazişini imzaladıqdan sonra 31 may 2022-ci il tarixə qədər ümumi 4.200 manat məbləğində borclu olduğu vəsaiti birinci tərəf "xxxx" MMC-nin hesabına ödəyəcəyi razılaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəyə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Ərizəçi alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etsə də, maraqlı şəxs qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş, tərəflər arasında razışlamada nəzərdə tutulmuş malları təhvil verməmişdir. Daha sonra tərəflər arasında mediasiya sessiyası keçirilmiş, barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs saziş imzalandıqdan sonrakı iki ay ərzində vəsaiti ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində mediasiya xərci maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: "xxxx" MMC ilə Maraqlı şəxs1 MMC arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01554 saylı Barışıq Sazişi təsdiq edilsin və 100 manat mediasiya xərci Maraqlı şəxs1 MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar