Məhkəmə qərarları › İş №e-2-2(113)-4158/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4158/2024

27.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4158/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə X2 Təchizatı və Satışı İdarəsi tərəfindən ona məxsus sahibkarlıq obyektinə əlavə hesablanmış 2120,16 manat məbləğində borcun onun abonent hesabından slinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə tərəflər məhkəmə iclalarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqram vuraraq səhhəti ilə əlaqədar iştirak etmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməsini və çatdırılmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə cavabdehə çatdırılmamışdır. Eyni zamanda iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. İddia ərizəsində iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddia irəli sürdüyünü əsas tutaraq rüsum ödəməkdən azad olunduğunu qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırki tələbin predmeti iddiaçının şəxsi istehlak münasibətlərindən deyil, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış kommersiya mübahisəsidir. Belə ki, iddiaçı ərizəsində ona məxsus olan sahibkarlıq obyektində təbii qazdan istifadəyə görə əsassız olaraq borc hesablandığını qeyd edir. Buna görə də hesab edirəm ki, yaranmış mübahisə istehlakçı-istehsalçı münasibətlərindən yaranmış mübahisə kimi yox, iki sahibkarlıq subyekti arasında onların ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gələn mübahisə kimi qəbul edilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində verilən anlayışa görə, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilməmişdir. Bu hal isə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslardan biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar