Məhkəmə qərarları › İş №e-2-2(113)-4159/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4159/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4159/2024 16.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X6, Cavabdeh3, Cavabdeh1 və X2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X7, İddiaçı ASC-nin cavabdehlər X6, Cavabdeh3, Cavabdeh1 və X2 qarşı “borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6, X3, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5813.27 manat əsas borc, 414.03 manat faiz borcu və 32.20 manat cərimə borcu olmaqla cəmi 6259.50 manat borcun, habelə 82.59 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən X5 İddiaçı ASC-nin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə X3, Cavabdeh3 və xx.xx.2023-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən X6 İddiaçı ASC-dən illik 22% olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin yanvarın 16-dək X4 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5813.27 manat əsas borc, 414.03 manat faiz borcu və 64.39 manat cərimə borcu olmaqla cəmi 6291.69 manat borcu vardır. X4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 64.39 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 32.20 manat məbləğində tələb olunur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442,445.2.1, 448.1, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 100000 manat məbləğində 30 % olmaqla kredit limiti ayrılmış və kreditin müddəti 120 ay nəzərdə tutulmuşdur. İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MZ3-1-0-1846-21/4 saylı nömrəli bank xidmətlərinin göstərilməsi üzrə standart əlavə şərtlərə 5 nömrəli Əlavəyə əsasən X5 8000 manat məbləğində aylıq 1.83 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MZ3-1-0- 1846-21 nömrəli, Cavabdeh1 ilə bağlanmış xx.xx.2023-ci il tarixli Z/11750/23 nömrəli, X3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 4-MZ3-1-0-1846-21 nömrəli zaminlik müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdeh X4 5812,27 manat məbləğində əsas bоrcu, 414,03 manat məbləğində faiz bоrcu və 64,39 manat məbləğində cərimə borcu, cəmi 6291,69 manat borcu vardır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşma üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 8000 manat olan aylıq faiz dərəcəsi 1.83% olmaqla 36 ay müddətinə verilmiş kreditə görə X6 19 sentyabr 2022-ci il tarixdən 19 avqust 2025-cü il tarixinə qədər hər ayın 19-zu 305,52 manat, sonuncu ay 305,69 manat ödəməlidir xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 82,59 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixində 8000 manat məbləğində xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə aylıq 1.83 faizlə kredit vermişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh3, Cavabdeh1 və X3 arasında zaminlik müqavilələri bağlanmışdır. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit zə zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmış və iddiaçının tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edirəm ki, tərəflər arasındakı müqaviləyə əsasən 5813,27 manat məbləğində əsas borc, 414,03 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış müqaviləyə əsasən hesablanmış 32,20 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən 32,20 manat cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 32,20 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 82,59 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər X6, Cavabdeh3, Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5813,27 manat məbləğində əsas bоrc, 414,03 manat məbləğində faiz bоrcu, 32,20 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6259 (altı min iki yüz əlli doqquz) manat 50 (əlli) qəpik məbləğində bоrcun və ödənilmiş 82 (səksən iki) manat 59 (əlli doqquz) qəpik məbləğində mediasiya xərcinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar