Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-416/2021 01.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qanuni nümayəndə Cavabdehnə qarşı yanlış olaraq köçürülmüş vəsaitin geri qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə (bundan sonra Qanuni nümayəndə MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1626 (bir min altı yüz iyirmi altı) manat vəsait və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də 2020-ci ildə keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, cəmiyyətin hesabından cavabdeh "Cavabdeh" MMC-yə xx.xx.2018-ci il tarixdə 1,500.00 (bir min beş yüz) manat və xx.xx.2018- ci il tarixdə 126.00 (bir yüz iyirmi altı) manat olmaqla, cəmi 1626.00 (bir min altı yüz iyirmi altı) manat məbləğində vəsait köçürülmüşdür. Sözügedən 1626.00 manat məbləğində vəsait cavabdehin hesabma köçürülsə də, tərəflər arasında hər hansı müqavilə imzalanmamış və xidmətlər göstərilməmişdir. Yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə cavabdehə xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinin elektron karğuzarlığı vasitəsilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətə cavab verilməmiş və vəsaitin geri qaytarılması təmin edilməmişdir. Bundan sonra cavabdehin hüquqi ünvanına vəsaitin geri qaytarılması məqsədilə xx.xx.2020-ci il tarixli bildiriş göndərilsə də, nəticəsi olmamışdır. Odur ki, iddiaçı hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xx.xx.2018-ci il tarixli **********070102 nömrəli köçürülmənin aparılması haqqında bildiriş qəbzindən görünür ki, qeyd olunan tarixdə Qanuni nümayəndə MMC tərəfindən Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabına 1500 manat ödəniş edilmişdir. - xx.xx.2018-ci il tarixli **********175717 nömrəli köçürülmənin aparılması haqqında bildiriş qəbzindən görünür ki, qeyd olunan tarixdə Qanuni nümayəndə MMC tərəfindən Cavabdeh MMC-nin ƏDV sub-uşot hesabına 126 manat ödəniş edilmişdir. - Qanuni nümayəndə MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2020-ci il tarixli 200914/1 bildirişdən görünür ki, Cavabdeh MMC-yə müraciət edilərək 1626 manat vəsaitin geri qaytarılması xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qanuni nümayəndə tərəfindən cavabdehin hesabına ümumilikdə 1626 manat pul ödənilmişdir. Qeyd olunan məbləğin geri qaytarılması ilə bağlı cavabdehə müraciət edilmiş, lakin vəsait geri qaytarılmamışdır. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman bas verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 1626 manat pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1626 (bir min altı yüz iyirmi altı) manat, ödənilmiş dövlət rüsumuna görə 30,4 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 1656 (bir min altı yüz əlli altı) manat məbləğində pul Qanuni nümayəndə xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-416/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-416/2021
01.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver