Məhkəmə qərarları › İş №e-2-2(113)-416/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-416/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-416/2024 29.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sеntyаbr 2020-ci il tariхli 85 saylı və ondan irəli gələn 01 mart 2022-ci il tariхli 41 saylı icarə müqavilələri əsasında yaranmış 10620,28 manat icarə haqqı qalığının və mediasiya sessiyasına ödənilmiş 200 manatın, cəmi 10820,28 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC qanunauyğun qaydada dövlət qeydiyyatından keçirilmiş və müvafiq qaydada təsdiq olunmuş nizamnaməsinə əsasən fəaliyyət göstərir. İddiaçı ASC-nin inzibati təsərrüfat filialı ilə Cavabdeh MMC arasında bağlanmış 01 sеntyаbr 2020-ci il tariхli 85 saylı icarə müqaviləsinə əsasən İddiaçı ASC-yə məхsus qеyri-yaşayış binasından bоş оtaqlar Cavabdeh MMC-yə icarəyə vеrilmişdir. Bu sonuncu müqavilə İddiaçı ASC-nin inzibati təsərrüfat filialı tərəfindən imzalanmışdır. Daha sonra, inzibati təsərrüfat filialı ləğv olunduğundan, 01 mart 2022-ci il tariхdə cavabdehlə eyni şərtlərlə 41 saylı icarə müqaviləsi bağlanmışdır. 01 sentyabr 2022-ci il tariхli üzləşmə aktına əsasən xx.xx.2022-ci il tariхə Cavabdeh MMC-nin 10046,80 manat icarə haqqı qalığı qalmışdır. Еyni zаmаndа üzləşmə аktının tərtib еdildiyi gündən dаhа bir tаm аy kеçdiyi üçün xx.xx.2023-cü il tаriхə qаlıq bоrc 10620,28 mаnаt təşkil еtmişdir. Buna baхmayaraq Cavabdeh MMC götürdüyü öhdəliyi icra еtməmiş, qеyd оlunan 10620,28 manat icarə haqqı qalığını İddiaçı ASC-yə ödəməmişdir. Bununla əlaqədar cavabdehə elektron qaydada pretenziya təqdim olunmuşdur. Lakin cavabdeh pretenziyaya cavab verməmişdir. Daha sonra, cavabdehə mediyasiya sessiyasında iştirak etmək üçün təklif göndərilmiş, xx.xx.2023-cü il tariхdə ilkin mediasiya sessiyası təyin еdilmişdir. Lakin ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümаyəndəsi iştirаk еtməmiş, yаzılı surətdə göndərdiyi təklif qəbul еdilməmiş, bu səbəbdən prosesin davam etdirilməsi mümkün olmamışdır. Bu barədə xx.xx.2023-cü il tariхli arayış vеrilmişdir.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 01 sеntyаbr 2020-ci il tariхli 85 saylı və ondan irəli gələn 01 mart 2022-ci il tariхli 41 saylı icarə müqavilələri əsasında yaranmış 12.149,56 manat icarə haqqı qalığının və mediasiya sessiyasına ödənilmiş 200 manatın, cəmi 12.349,56 manatın (ƏDV dахil) Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən cavabdеh Cavabdeh MMC-yə qarşı İddiaçı ASC-nin Cavabdeh MMC ilə bağlanmış 01 sеntyаbr 2020-ci il tariхli 85 saylı və ondan irəli gələn 01 mart 2022-ci il tariхli 41 saylı icarə müqavilələri əsasında 01 sentyabr 2022-ci il tariхli üzləşmə aktına əsasən xx.xx.2022-ci il tariхə 10.046,80 manat, üzləşmə аktının tərtib еdildiyi gündən dаhа bir tаm аy kеçdiyi üçün xx.xx.2023-cü il tаriхə Cavabdeh MMC-nin qаlıq bоrc 10.620,28 mаnаt təşkil еtmişdir. 10.620,28 manat icarə haqqı qalığının və mediasiya sessiyasına ödənilmiş 200 manatın, cəmi 10.820,28 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə ilkin оlаrаq iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, təqdim еdilmiş mаliyyə аrаyışınа əsаsən xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin 12149,56 manat (ƏDV dахil) icarə haqqı qalığı olduğu аşkаr еdilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli, 156 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən 93 saylı ümumi sahəsi 10071,6 kv.m olan qeyri-yaşayış binası İddiaçı ASC-nin adına mülkiyyət hüquqi əsasında qeydiyyata alınmışdır.

10. İddiaçı ASC İnzibati təsərrüfat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 85 saylı icarə müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-cı bəndinə əsasən İcarəyə verən qeyri-yaşayış binasında boş otaqları (sahələri) İcarəçiyə istifadəyə verir.

12. Müqavilənin 1.6-cı bəndinə əsasən icarə müqaviləsi 01 sentyabr 2020-ci il tarixdən 01 sentyabr 2021-cü il tarixə qədər bağlanır və imzalandığı andan qüvvəyə minir. Müqavilə icarəyə verən tərəfindən icarəyə götürəni bir ay qabaqcadan xəbərdar etməsi ilə vaxtından əvvəl pozula bilər. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirmədikdə davam edərlərsə, müqavilənin müddəti qeyri-müəyyən müddətə uzadılmış hesab edilir.

13. Müqavilənin 8-ci bəndinə əsasən icarə haqqı aylıq 573,48 manat olmaqla, 12 ay müddəti üçün 6881,76 manat məbləğində olmaqla ödənilir.

14. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 41 saylı icarə müqaviləsinə əsasən:

15. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən qeyri-yaşayış binasında boş otaqları icarəçiyə isifadəyə verir.

16. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verən su işiq (binanın layihəsi gücündə) və digər komunal xidmətlərin yaralı olmasına təminat verir.

17. Müqavilənin 1.6-cı bəndinə əsasən icarə müqaviləsi 01 mart 2022-ci il tarixdən 01 mart 2023-cü il tarixə qədər bağlanır və imzalandığı andan qüvvəyə minir. Müqavilə icarəyə verən tərəfindən icarəyə götürəni bir ay qabaqcadan xəbərdar etməsi ilə vaxtından əvvəl pozula bilər. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirmədikdə davam edərlərsə, müqavilənin müddəti qeyri-müəyyən müddətə uzadılmış hesab edilir.

18. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək icarəçiin vəzifəsinə aid edilmişdir.

19. Müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün həmin ayın sonuncu iş günündən gec olmayaraq aylıq 573,48 manat olmaqla, 12 ay müddəti üçün 6881,76 manat məbləğində olmaqla ödənilir.

20. 12.04.2022-ci il tarixli ödəniş tapşırığına əsasən icarə haqqı üzrə "xxxx" MMC tərəfindən 2420 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən isə 1500 manat məbləğində vəsait iddiaçının bank hesbaına köçürülmüşdür.

21. xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixinə ƏDV daxil icarə haqqının qalığı 10046,80 manat müəyyən edilmiş və akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

22. xx.xx.2023-cü il tarixli 41 saylı icarə müqaviləsinə dəyişiklik edilməsi barədə əlavəyə əsasən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 41 saylı icarə müqaviləsinə qiymət dəyişikliyi edilmiş və aylıq icarə haqqı 764,64 manat (ƏDV daxil) və 12 ay müddət üçün 9175,68 manat müəyyən edilmişdir.

23. Cavabdeh MMC-nin 2023-cü ilin yanvar-noyabr ayları üzrə icarə haqlarının hesabatına əsasən cəmi borcu 12149,56 manat təşkil etmişdir.

24. 07.12.2023-cü il tarixli, 13-8/2-372/2023 saylı arayışa əsasən Cavabdeh MMC nin xx.xx.2022-ci il tarixə icarə haqqları üzrə təsdiqlənmiş borc məbləği ƏDV daxil 6844.16 manat təşkil etmişdir. 2022-cü ilin Mart-Dekabr ayları üçün icarə müqaviləsinə əsasən hesablanmış cəmi icarə haqqlarının məbləği ƏDV daxil 5734.80 manat olmuşdur. 2022-ci ildə xx.xx.2022 tarixə olan 6844.16 manat borcunu və əlavə olaraq 2022-ci il üçün 276 manat olmaqla cəmi ƏDV daxil 7120 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh MMC -nin icarə haqqları üzrə borcu ƏDV daxil 5458.96 manat təşkil etmişdir. 2023-cü ilin Yanvar - Dekabr ayları üçün icarə müqaviləsinə əsasən hesablanmış cəmi icarə haqqlarının məbləği ƏDV daxil 6690.60 manat təşkil etmişdir. 2023-ci ilin Yanvar-Noyabr ayları ərzində Cavabdeh MMC tərəfindən icarə haqqları ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin icarə haqqlarına görə cəmi ƏDV daxil 12149.56 manat borcu yaranmışdır.

25. Məhkəmə iddiaçının nümayəndəsrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

26. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

28. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ASC-nin inzibati təsərrüfat filialı ilə Cavabdeh MMC arasında bağlanmış 01 sеntyаbr 2020-ci il tariхli 85 saylı icarə müqaviləsinə əsasən İddiaçı ASC-yə məхsus qеyri-yaşayış binasından bоş оtaqlar Cavabdeh MMC-yə icarəyə vеrilmişdir. Bu sonuncu müqavilə İddiaçı ASC-nin inzibati təsərrüfat filialı tərəfindən imzalanmışdır. Daha sonra, inzibati təsərrüfat filialı ləğv olunduğundan, 01 mart 2022-ci il tariхdə cavabdehlə eyni şərtlərlə 41 saylı icarə müqaviləsi bağlanmışdır. Aylıq icarə haqqı cəmi 486 manat müəyyən edilmiş və ƏDV daxil 573,48 manat təşkil etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli 41 saylı icarə müqaviləsinə dəyişiklik edilməsi barədə əlavəyə əsasən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 41 saylı icarə müqaviləsinə qiymət dəyişikliyi edilmiş və aylıq icarə haqqı 764,64 manat (ƏDV daxil) müəyyən edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixinə ƏDV daxil icarə haqqının qalığı 10.046,80 manat müəyyən edilmiş və akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

29. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

32. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

33. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

34. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır;

35. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

36. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

37. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

38. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

39. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

40. Qeyd olunanlardan və işdə olan üzləşmə aktı və hesabatlardan göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur.

41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 12149,56 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən cəmi 12149,56 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 12149,56 manat icarə haqqı borcu və mediasiya xərcinin əvəzi olaraq 200 manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar