Məhkəmə qərarları › İş №e-2-2(113)-416/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-416/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-416/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 26 yanvar 2023-cü il tarixli, RBYF-6863 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6866,12 manat (altı min səkkiz yüz altmış altı manat on iki qəpik), faiz borcuna görə 591,9 manat (beş yüz doxsan bir manat doxsan qəpik), dəbbə puluna görə 89,64 manat (səksən doqquz manat altmış dörd qəpik) olmaqla, cəmi 7547,66 manat (yeddi min beş yüz qırx yeddi manat altmış altı qəpik) məbləğində pulun və 96 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2023-cü il tarixli, RBYF-6863 saylı kredit müqaviləsinə əsasən illik 23% (iyirmi üç) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına təminat olaraq 26 yanvar 2023-cü il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) X4, Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 26 yanvar 2023-cü il tarixli, RBYF6863 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 26 yanvar 2023-cü il tarixli, RBYF-6863 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 26 yanvar 2023-cü il tarixli, RBYF- 6863 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 26-dan gec olmayaraq hər ay 387,1 manat (üç yüz səksən yeddi manat on qəpik) ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 26 yanvar 2023-cü il tarixli, RBYF-6863 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6866,12 manat (altı min səkkiz yüz altmış altı manat on iki qəpik), faiz borcuna görə 591,9 manat (beş yüz doxsan bir manat doxsan qəpik), dəbbə borcuna görə 89,64 manat (səksən doqquz manat altmış dörd qəpik) olmaqla, cəmi 7547,66 manat (yeddi min beş yüz qırx yeddi manat altmış altı qəpik) təşkil edir. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 26 yanvar 2023-cü il tarixli, RBYF-6863 saylı kredit müqaviləsi üzrə cəmi 7547,66 manat (yeddi min beş yüz qırx yeddi manat altmış altı qəpik) manat pul tutulmalıdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, bildirmişdir ki, məhkəmə gedişatı zamanı cavabdehlərdən biri – X4 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Bu səbəbdən onun iş üzrə cavabdehlər siyahısından çıxarılması və tələbin digər cavabdehlərdən tutulması hissəsində işin davam etdirilməsi İddiaçı ASC tərəfindən qərara alınmışdır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə vəfat etmiş cavabdeh X2 cavabdehlər siyahısından çıxarılması və iddia tələbi üzrə borcun digər cavabdehlər – Cavabdeh1 Vali oğlu və Cavabdeh2 Daşdmir qızından müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.

5. İlkin olaraq iddiaçı sadələşdirilmiş qaydada kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət etmiş, daha sonra Cavabdeh2 tərəfindən yazılı etiraz daxil olduğundan iddia icraatına keçilmişdir.

6. Həmçinin cavabdeh X2 cavabdeh kimi statusuna xitam verilmişdir.

7. İş üzrə İddiaçı ASC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçını nümayəndəsi və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etdiyini, borcu hissə-hissə ödəyəcəyini bildirdi.

9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF- 6863 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən borc verən müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərin artıtılması məqsədilə 10000 manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.14.2-ci maddəsinə əsasən müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə hesablanacaqdır.

10. İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-6863 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-6863 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF- 6863 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-6863 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. xx.xx.2023-cü il tarixli sərəncam-orderdən görünür ki, 10000 manat məbləğində vəsait Cavabdeh2 hesabına köçürülmüşdür.

13. iş materiallarına ödəniş qrafiki, dəbbə dövriyyəsi cədvəli, ödəniş sənədləri, hesabdan çıxarış əlavə edilmişdir.

14. RabitəBank” ASC tərəfindən tərtib edilmiş kreditin tarixi adlı sənəddən müəyyən olunur ki, Cavabdeh2 RBYF-6863 saylı müqavilə üzrə 6866,12 manat kredit qalığı, 561,24 manat faiz borcu, 78,86 manat dəbbə pulu olmaqla, ümumilikdə 7506,22 manat borcu vardır.

15. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, RBYF-6863 saylı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan borcu 6866,12 manat məbləğində əsas, 591,9 manat məbləğində faiz, 89,64 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7547,66 manat təşkil edir.

16. RabitəBank” ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, KB02/PK-3337 saylı bildirişin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə xx.xx.2024-cü il tarixinə olan 6866,12 manat əsas borc, 561,24 manat faiz borcu və 78,86 manat cərimə borcunun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

17. RabitəBank” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, KB02/PK-3339 saylı bildirişin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə xx.xx.2024-cü il tarixinə olan 6866,12 manat əsas borc, 561,24 manat faiz borcu və 78,86 manat cərimə borcunun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. xx.xx.2025-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixində vəfat etmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8717 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına və tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 6849,12 manat, faiz borcu üzrə 564,47 manat təşkil edir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

23. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh2 qızı və Cavabdeh1 qızından iddiaçının хеyrinə 26 yanvar 2023-cü il tarixli, RBYF-6863 saylı kredit müqaviləsi üzrə 6866,12 manat əsas, 591,9 manat məbləğində faiz borcunun tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8717 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh1 qızından müştərək qaydada 6849,12 manat (rəyə utğun) əsas borc, 564,47 manat (beş yüz altmış dörd manat qırx yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas borc və faiz borcunun tutulması tələbi qalan hissədə təmin olunmamalıdır.

25. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdə bildirişlər cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən həmin tarixdən etibarən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında xx.xx.2024-cü il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı müvafiq sual qoyulmuş və həmin tarixə faiz borcunun 564,47 manat təşkil etdiyi rəydə göstərilmişdir.

26. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh2 qızı və Cavabdeh1 qızından 89,64 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 89,64 manat (səksən doqquz manat altmış dörd qəpik) məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.

29. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 96 manat məbləğin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 94,91 manat (doxsan dörd manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

31. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 198,82 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 1,18 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 yanvar 2023-cü il tarixli, RBYF-6863 saylı kredit müqaviləsi üzrə 6849,12 manat (altı min səkkiz yüz qırx doqquz manat on iki qəpik) əsas borc, 564,47 manat (beş yüz altmış dörd manat qırx yeddi qəpik) faiz borcu, 89,64 manat (səksən doqquz manat altmış dörd qəpik) cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 94,91 manat (doxsan dörd manat doxsan bir qəpik) olmaqla, ümumilikdə 7598,14 manat (yeddi min beş yüz doxsan səkkiz manat on dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun 198,82 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 1,18 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar