Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4170/2023 02.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi üzrə əsas borc, kompensasiya və dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc üzrə 1 325.73 AZN, 662.86 AZN məbləğində əldən çıxmış fayda və 172.34 AZN məbləğində dəbbə pulu olmaqla ümumilikdə 2 160.93 AZN məbləğində borcun, 750 AZN məbləğində hüquqşünas xərclərinin və 70 AZN məbləğində mediasiya xərclərinin tutularaq iddiaçıia ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 fevral 2022-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı ASC (indiki İddiaçı QSC) arasında 002_2022 saylı icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Bakı ş., Nərimanov rayonu, Qarabağ küçəsi 22 ünvanında yerləşən İddiaçı binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 107 kv.m təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir. Müqavilənin 1.2-ci maddəsinə əsasən, İcarəçi isə fəaliyyət göstərmək məqsədi ilə icarə obyektini müvəqqəti istifadə etmək üçün icarəyə götürərək, bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, hazırkı müqavilə 1 il müddətində bağlanılır. Müqavilə 01 mart 2022-ci il tarixindən başlanılır və 28 fevral 2023-cü il tarixində başa çatır. Müqavilənin 3.1-ci maddəsinə əsasən, müddət ərzində İcarəçi icarəyə verənə icarə obyekti üçün 01 mart 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinədək 1 325.73 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəyir. Müqavilənin 3.2-ci maddəsinə əsasən, icarə haqqı İcarəçi tərəfindən İcarəyə verən hesab-fakturanı təqdim etdiyi gündən həmin ayın 5-nə kimi İcarəyə verənin bu müqavilədə qeyd olunan bank hesabına ödənilir. Müqavilənin 3.4cü maddəsinə əsasən, hər bir gecikdirilmiş icarə günü üçün icarəçi icarə haqqının 0.5%-i həcmində İcarəyə verənə cərimə ödəyəcəkdir. 5.1.2-ci maddəsinə əsasən, bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəçidən tələb etmək, icarə haqqı ödənilmədiyi təqdirdə Müqavilə şərtlərinə uyğun cərimə tətbiq etmək İcarəyə verənin hüququdur. 5.1.6-cı maddəsinə əsasən, icarəçi tərəfindən Müqavilənin şərtlərinin pozulması və ya lazımi qaydada icra edilməməsi barədə tərəflər arasında danışıqlıqlarda razılığa gəlmək mümkün olmadıqda Müqaviləyə xitam vermək İcarəyə verənin hüququdur. Müqavilənin 6.2.3-ci maddəsinə əsasən, icarəçi bu Müqavilə çərçivəsində ödənilə bilən bütün İcarə və başqa ödənişləri bu Müqavilənin 3- cü maddəsinin şərtlərinə əsasən, tam şəkildə və vaxtında ödəməlidir. Müqavilənin 6.2.5-ci maddəsinə əsasən, Müqavilənin müddəti başa çatdıqda və ya hər hansı səbəbdən Müqaviləyə xitam verildikdə icarəçiyə müvəqqəti istifadəyə verilmiş icarə obyektini və onun avadanlıqlarını normal köhnəlmə və aşınma nəzərə alınmaqla lazımi və saz vəziyyətdə İcarəyə verənə geri qaytarmaq icarəçinin öhdəliyidir. Dəfələrlə yazılı və şifahi formada xəbərdarlıq edilməsinə baxmayaraq, 2022-ci il avqust ayı üzrə cəmi 1 325.73 AZN məbləğində olan icarə haqqı borcu Cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən müqaviləyə bir tərəfli qaydada sentyabr ayından etibarən xitam verilmiş və bununla bağlı Cavabdehə bildiriş təqdim edilmişdir. Əlavə olaraq Müqaviləyə 01 sentyabr 2022-ci il tarixindən xitam verilməsinə baxmayaraq cavabdeh icarə obyektini 20 oktyabr 2022-ci il tarixində icarəyə verənə geri təhvil vermişdir. Odur ki, müqavilə xitam olunsa belə, icarəyə verən icarə obyektini icarəçidən geri ala bilmədiyi üçün 20 oktyabr 2022-ci il tarixinədək hər hansı üçüncü şəxsə icarəyə verə və bundan gəlir əldə edə bilməmişdir. Sonuncu dəfə cavabdehə elektron qaydada rəsmi pretenziya ünvanlanmış və bildirilmişdir ki, Cavabdeh tərəfindən 08 iyun 2023-cü il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. Beləliklə, Cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli e-2-2(113)- 4170/2023-cü İl tarixli Qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
4.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh tərəfindən ödənilməli olan ƏDV ödənişləri iddiaçı tərəfindən öz hesabına həyata keçirilmişdir. 5.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatda bildirdi ki, 07 iyul 2022-ci il tarixdə cavabdehin obyekt kodu ləğv edilib. Həmin ayda da onlar icarə obyektini tərk ediblər. Bununla bağlı birtərəfli qaydada tərtib edilmiş akt da mövcuddur. Bundan əlavə cavabdeh icarə müqavilə üzrə ödənişləri tam olaraq həyata keçirmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X3 ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
8. "xxxx" X3 ASC və "xxxx" X8 MMC arasında bağlanmış 25 fevral 2022-ci il tarixli 002_2022 nömrəli icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, ünvan 2 ünvanında yerləşən X3-in 1-ci mərtəbəsində ümumi sahəsi 107 kv.m olan qeyri-yaşayış sahəsi X8 MMC-yə icarəyə verilmişdir. Həmin İcarə müqaviləsinin: 1.2-ci bəndinə əsasən, İcarəçi fəaliyyət göstərmək məqsədi ilə İcarə obyektini müvəqqəti istifadə etmək üçün icarəyə götürərək, bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, müddət ərzində İcarəçi icarəyə verənə icarə obyekti üçün 01 mart 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinədək 1325.73 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəyir. 5.1.4-cü bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən müqaviləyə xitam verildikdə İcarəçiyə müvəqqəti istifadəyə verilmiş icarə obyektini və onun avadanlıqlarını normal köhnəlmə və aşınma nəzərə alınmaqla lazımı və saz vəziyyətdə geri tələb etmək icarəyə verənin hüququdur. 5.1.5-ci bəndinə əsasən, İcarəyə verənin Müqaviləyə xitam verildikdə icarə obyektinin 3 iş günündən gec olmayaraq geri qaytarılmasını tələb etmək hüququ vardır. 6.2.5-ci bəndə əsasən, Müqavilənin müddəti başa çatdıqda və ya hər hansı səbəbdən Müqaviləyə xitam verildikdə İcarəçiyə müvəqqəti istifadəyə verilmiş icarə obyektini və onun avadanlıqlarını normal köhnəlmə və aşınma nəzərə alınmaqla lazımi və saz vəziyyətdə İcarəyə verənə geri qaytarmaq İcarəçinin öhdəliyidir. 8.3-cü bəndinə əsasən müqaviləyə xitam verildikdən sonra icarəçi tərəf vergidən alınmış təsərrüfat obyekt kodunun vergi portalında ləğv olunmasına dair bildirişi icarəyə verən tərəfə təqdim etməlidir. 9.İcarəyə verən adından X7 və icarəçi adından X5 arasında bağlanan və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilən xx.xx.2022-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə 4 saylı əlavədən (sahə barədə təhvil-təslim aktı) görünür ki, icarəçi bu aktla icarə müqaviləsinin predmentini təşkil edən sahəni müqavilə şərtlərinə uyğun şəkildə və qaydada qəbul edir və ondan istifadə etməyi öhdəsinə götürür. 10.X3 QSC tərəfindən tərtib olunmuş 31 avqust 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli 002/2022 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında X8 MMC tərəfindən ümumilikdə 6630 manat ödəniş həyata keçirilmişdir. 11.İş materiallarından görünür ki, X3 QSC tərəfindən X8 MMC-yə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022,xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə elektron qaimələr təqdim edilmişdir, hər bir qaimə üzrə ödəniş edilməli məbləğ 1123.50 manat əsas borc, 202.23 manat ƏDV olmaqla, ümumilikdə 1325.73 manat təşkil etmişdir. 12.X3 QSC tərəfindən X8 MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli, 002/2022 saylı icarə müqaviləsinə tərəflərindən birtərəfli qaydada xitam verilmişdir. Avqust ayı üzrə ödənilməyən icarə haqqını xx.xx.2022-ci il tarixinədək ödənilmədiyi halda müvafiq qanuni tədbirlər görülməyə başlayacaqdır. 13.Elektron qaydada təqdim edilmiş arayışa əsasən "xxxx" MMC-nin obyekt kodu xx.xx.2022-ci ildə ləğv edilmişdir. 14.X8 MMC-nin direktoru X5, mühasib X1 və texnik X2 tərəfindən tərtib edilmiş 07 iyul 2022-ci il tarixli aktdan görünür ki, icarə obyektini zəruri tələblərə cavab vermədiyi və zərurət aradan qalxdığı üçün mülkiyyətçi X3 QSC-nin rəhbərliyinə təhvil vermək istəsələr də direktor X7 obyekti təhvil almaqdan imtina etmiş və müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə təklifi rədd etmişdir. Odur ki, əşyalarla birlikdə icarə obyektini bu gün saat 16:15-də boşaltmışlar və təhvil-təslim baş tutmamışdır.
15. X3 QSC-nin əməkdaşları S.Tağızadə, X.Səlimov və E.Məmmədova tərəfindən tərtib edilən və QSC-nin direktoru tərəfindən təsdiq edilən 20 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC 2022-ci ilin avqust ayı üzrə icarə haqqının dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmiş və bu səbəbdən icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə birtərəfli xitam verilmişdir. Bu barədə icarəçiyə məlumat verilmiş və 5 gün ərzində ofis sahəsinin geri təhvil verilməsi tələb edilmişdir. Bir neçə dəfə şifahi xatırlatmalara baxmayaraq icarəçi ofis sahəsini xx.xx.2022-ci il tarixdə təhvil vermişdir.
16. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən çıxarışa əsasən, İddiaçı QSC İddiaçıASC-nin hüquqi varisidir.
17. Legalize Consulting MMC ilə X3 QSC ilə arasında bağlanan xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsindən görünür ki, sonuncu hüquqi yardımla bağlı xidmət göstərilmiş, 530 nömrəli ödəniş tapşırığına əsasən X6 QSC tərəfindən 750 manat pul köçürülmüşdür və ödənişin təyinatı xx.xx.2023-cü il tarixli xidmət müqaviləsidir. 18.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi xx.xx.2022-ci il tarixli, 002/2022 saylı icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 21.Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 22.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24 Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 26.700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
27. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 28.Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 25 fevral 2022-ci il tarixdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən və sahəsi 107 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmiş, müqavilə üzrə Cavabdeh hər ay ƏDV daxil 1 325.73 manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-xx.xx.2022-ci il olmaqla 6 aylıq dövr ərzində Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə ümumilikdə 6630 manat ödəniş həyata keçirilmişdir. Qeyd edilənlər işin mübahisəsiz halları olmaqla iş materialları ilə öz təsdiqini tapır. Bununla yanaşı işin hallarından məlum olur ki, icarə müqaviləsinə müqavilənin 5.1.6-cı bəndinə əsasən 2022-ci ilin sentyabr ayında birtərəfli qaydada xitam verilmişdir.
29. İş üzrə tərəflər arasında yaranmış mübahisənin əsasını məhz cavabdeh tərəfindən 2022-ci ilin avqust ayı üzrə ödənişlərin həyata keçirilb-keçirilmədiyi, aparılmış ödəmələrin ƏDV ödənişini ehtiva edib-etmədiyi, eyni zamanda cavabdeh tərəfindən icarə obyektinin təhvil verildiyi tarix əhatə edir. İş materiallarından da məlum olduğu kimi aylıq icarə haqqının məbləği ümumilikdə 1325.73 manat olmaqla, həmin məbləğin 202.23 manat hissəsini ƏDV ödənişi təşkil etmişdir. İddiaçının əsaslandığı hallar ondan ibarətdir ki, cavabdeh 2022-ci ilin avqust ayı üzrə ödənişi ümumiyyətlə həyata keçirməmiş, əvvəlki aylar üzrə isə ödənişləri ƏDV məbləği daxil olmaqla nağd qaydada həyata keçirdiyindən, ƏDV-ni dövlət büdcəsinə iddiaçı özü köçürmüşdür. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh tərəfindən ödənilmiş 6630 manat təşkil edən məbləğə ƏDV daxil olmaqla 5 aylıq icarə haqqı ödənişi daxildir. Cavabdeh isə iddiaçının bu mövqeyi ilə razılaşmır və bildirir ki, ƏDV məbləği də daxil olmaqla icarə haqqını tam olaraq ödəmişdir.
30. “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” nın 1.4-cü bəndinə əsasən Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir
31. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. 32.Yuxarıda qeyd edilən Qaydaların müvafiq bəndlərinin məzmunundan məlum olur ki, ƏDV ödənişinin həyata keçirilməsi öhdəliyini icarəyə verən deyil, icarəçi daşıyır. İddiaçı avqust ayı istisna olmaqla 5 aylıq dövr üzrə cavabdeh tərəfindən ödənilmiş ƏDV məbləğini özünün dövlət büdcəsinə köçürdüyünü iddia etsə də, istinad etdiyi halları sübuta yetirə bilməmiş, bunu təsdiq edəcək hər hansı bir sənədi məhkəmə təqdim edə bilməmişdir. Eyni zamanda cavabeh də ƏDV ödənişlərinin (202.23x6 ay=1213.38 manat) tərəflərindən həyata keçirilməsini təsdiq edə bilməmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş 6630 manat ödənişə ƏDV məbləği daxil deyildir. ƏDV daxil olmadan həmin məbləği aylara böldükdə isə 5 yox, 6 ayın ödənişinin həyata keçirildiyini görmək mümkündür. Lakin ƏDV siz 1 aylıq icarə haqqı məbləğinin 1123.50 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, müqavilə qüvvədə olan dövr ərzində, yəni 2022cilin mart-avqust ayları üzrə cavabdeh tərəfindən ƏDV-siz 6630 manat deyil, ümumilikdə 1123.50x6=6741 manat məbləğində ödəniş aparılmalı idi. Bu isə onu deməyə əsas verir ki, cavabdeh 2022-ci ilin avqust ayı üzrə 111 (6741-6630=111) manat məbləğində ödənişi həyata keçirməmişdir.
33. Digər tərəfindən iddiaçı kompensasiya kimi 662.86 manat məbləğində pulun ödənilməsi tələbini irəli sürür. Tərəf həmin məbləği tələb edərkən iddia ərizəsində AR Mülki Məcəlləsinin 705-ci maddəsinə istinad etmişdir. 34.Belə ki, AR Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 35.Göründüyü kimi qanunvericilik icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq icarəçinin obyekti təhvil verməməsi qarşılığında icarəyə verənin kompensasiya tələb etmək hüququnu istisna etmir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5.2.1-ci bəndinin məzmunundan görünür ki, təhvil-təslim aktına əsasən icarə obyektini icarəçiyə təhvil vermək icarəyə verənin öhdəliyidir. Müqavilənin 6.2.5-ci bəndinə əsasən isə müqavilənin müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən müqaviləyə xitam verildikdə icarəçiyə müvəqqəti istifadəyə verilmiş icarə obyektini və onun avadanlıqlarını normal köhnəlmə və aşınma nəzərə alınmaqla lazımı və saz vəziyyətdə icarəyə verənə qaytarmaq öhdəliyini icarəçi daşıyır.
36. İş materiallarında görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək, müqaviləyə 4 saylı əlavəyə (sahə barədə təhvil-təslim aktı) əsasən icarə obyektini cavabdehə təhvil vermiş, icarəçi isə icarə müqaviləsinin predmetini təşkil edən sahəni təhvil aldığını öz imzası və möhürü ilə təsdiq etmişdir. Lakin cavabdeh müqavilənin 6.2.5-ci maddəsinin tələblərinə əsasən icarə obyektini geri qaytarması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə müqavilə tələbləri ilə ziddiyyət təşkil etdiyindən cavabdehin iyul ayında icarə obyektini tərk etməsi ilə bağlı məhkəməyə təqdim etdiyi birtərəfli qaydada tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktı mötəbər sübut hesab etmir. İddiaçı isə iddia edir ki, müqaviləyə sentyabr ayında xitam verilməsinə baxmayaraq, cavabdeh icarə obyektini 2022-ci ilin oktyabr ayında boşaltmışdır və bununla bağlı təktərəfli qaydada tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktı məhkəməyə təqdim etmişdir. 37.Beləliklə məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin cavabdehə təhvil verilməsi işin hallarından görünsə də, onun cavabdeh tərəfindən geri qaytarılması sübut olunmur. Eyni zamanda cavabdeh icarə obyektinin iyul ayında boşaldıldığını iddia etsə də, məhkəmə iclasında özü də avqust ayı üzrə ödənişlərin həyata keçirildiyini bildirmiş və əşyaları həmin ayın 10-dək oradan çıxardığını qeyd etmişdir.
38. Tələb edilən kompensasiya məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı kompensasiya məbləği kimi ƏDV daxil aylıq icarə haqqının 1325.73 yarısını, yəni 662.86 manat məbləğində pulu tələb edir. Lakin qeyd edilməlidir ki, ƏDV məbləğinin ödənişi iddiaçının öz hesabına deyil, dövlət büdcəsinə ödənildiyindən həmin məbləğ kompensasiya məbləğinin hesablanması zamanı nəzərə alına bilməz. Odur ki, cavabdehdən 1123.50 manat məbləğin yarısını təşkil edən 561.75 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir.
39. İddiaçı tələbində 172.34 manat dəbbə pulu məbləğini də tələb edir.
40. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
41. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 5.55 manat məbləğində dəbbə pulu tutulmalıdır.
42. Tələb edilən 750 manat məbləğində hüquqi yardımla bağlı xərcə münasibətdə isə məhkəmə qeyd edir ki, AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 43 Məhkəmə iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq, hesab edir ki, hüquqi yardımla bağlı tələb edilən məbləğin 150 manat hissəsi təmin edilməli, qalan hissədə rədd edilməlidir. 44 İddiaçı tələbində eyni zamanda 70 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.“Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc üzrə 111 manat, 5.55 manat məbləğində dəbbə pulu və 561.75 manat məbləğində kompensasiya olmaqla ümumilikdə 678.3 (altı yüz yetmiş səkkiz manat otuz qəpik) manat məbləğində borc, 150 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul məbləği və 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov