Məhkəmə qərarları › İş №e-2-2(113)-4185/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4185/2021

22.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4185/2021 22.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.04.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11.337,64 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" ASC Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 23.04.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 23.04.2021-ci il tarixə yaranan 11.337,64 manat borcuna görə manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 23.04.2021-ci tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 29.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 23.04.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 11.337,64 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 21.02.2020-ci il tarixli, **********5 nömrəli bildirişin surətlərindən görünür ki, "xxxx" ASC-dən dövlət büdcəsinə olan vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. 05.01.2021-ci il tarixli sərəncamla müəyyən edilir ki, "xxxx" ASC-nin "xxxx" ASC-də olan bank hesabı məxaric əməliyyatları üzrə dondurulmuşdur. 22.04.2021-ci il tarixdə iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********6 nömrəli qərarı ilə müəyyən edilir ki, "xxxx" ASC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********6 saylı protokol, həmin protokola əlavələr və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında aktlara əsasən müəyyən edilir ki, 23.04.2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-yə məxsus 328.140 manat məbləğində əmlak siyahıya alınmış və həmin əmlak saxlanılması üçün cavabdehin rəhbərinə məsul saxlanmasına verilmişdir. 29.04.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASCyə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 22.04.2021-ci il tarixli qərara əsasən 23.04.2021-ci il tarixdə 328.140 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh "xxxx" ASC-nin vergilərin ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 23.04.2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 328.140 manat dəyərində əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı ə mlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-nin 23.04.2021-ci il tarixə olan 11.337,64 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 328.140 manat dəyərində olan əmlakları ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 11.337,64 manat məbləğində vergi borcu tutulmalı, satışdan artıq qalan məbləğ "xxxx" ASC-yə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ATSC-nin 23.04.2021-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 11.337,64 manat (on bir min üç yüz otuz yeddi manat altmış dörd qəpik) məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 328.140 (üç yüz iyirmi səkkiz min yüz qırx) manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 11.337,64 manat (on bir min üç yüz otuz yeddi manat altmış dörd qəpik) məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdeh "xxxx" ATSC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar