Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4187/2023 24.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, təhvil-təslim aktı, elektron qaimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2579,14 manat tikinti texnikasının icarə haqqının, 60 manat məhkəməyə müraciət üçün çəkilmiş xərcin, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 700 manat, bütövlükdə 3339.14 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi) arasında xx.xx.2022-ci il tarixində 000.11-AİS-HC- 211222 nömrəli icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı tərəfindən 1**-FY-*** dövlət qeydiyyat nişanlı HYUNDAİ H90s markalı çalovlu ekskavator və 1**-FY-*** dövlət qeydiyyat nişanlı HYUNDAİ R210 markalı təkərli ekskavator İcarəçi - Cavabdehnə icarəyə verilmişdir. Müqavilə üzrə texnikaların icarəsi ilə bağlı 27 mart 2023-cü il tarixli 000.11-AİS-AİS-HC-211022-TT-04 nömrəli təhvil-təslim aktı imzalanmışdır. Təhvil-təslim aktlarına əsasən icarəçi tərəfindən İcarəyə verənə ƏDV daxil olmaqla 2579,14 manat ödəniş edilməlidir. Eyni zamanda Müqaviləyə 1 nömrəli Əlavənin ikinci bəndinə əsasən ödənişlər hər növbəti ayın 10-na kimi həyata keçirilməlidir. Sözügedən təhvil-təslim aktının imzalanmasından xeyli müddət keçsə də icarəçi həmin ödənişləri etməmişdir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən İcarəçiyə xx.xx.2023-cü il tarixində pretenziya göndərilmişdir, nəticə olmadığından mediasiyaya müraciət edilmişdir. Tərəflər mediasiyada hər hansı razılığa gələ bilməmişlər və bu səbəbdən xx.xx.2023-cü il tarixində Bakı 16 Saylı Mediasiya təşkilatı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış vermiş və iddiaçı mediasiya üçün 60 manat məbləğində rüsum ödəmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 000.11-AİS-HC- 211022 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində göstərilən texnikanı icarəyə verir və icarəçi isə verilmiş icarə müqabilində bu müqavilədə təsbit olunmuş şərtlərə əməl etməyi öhdəsinə götürür.
5. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti olan xüsusi texnikanın növü və icarə haqqı barədə məlumatlar müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə razılaşdırılır.
6. Müqaviləyə 01 nömrəli Əlavə qiymət razılaşma protokoluna əsasən X2 R210 W- 95 (Kovş-1.2) aylıq icarə haqqı 6500 manat olmaqla icarəyə verilmişdir. “Xüsusi texnika” ay ərzində 28 gün və gündəlik olaraq 9 saatlıq iş normasından əlavə işləyərsə, hər saat üçün 25,80 manat aylıq icarə haqqında əlavə hesablanacaqdır.
7. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 27 mart 2023-cü il tarixli 000.11- AİS-AİS-HC-211022-TT-04 nömrəli görülmüş işlərin təhvil-təslim aktına əsasən icarəyə verən tərəfindən aylıq yerinə yetirilmiş iş normasına əsasən texnika üçün 2579,14 manat məbləğində icarə xidməti təslim edilmiş və icarəçi həmin icarə xidmətini təhvil almışdır.
8. İddiaçı tərəfindən cavabdehə EBCD 670895 nömrəli, xx.xx.2023-cü il tarixli 2579,14 manat məbləğində elektron qaimə göndərilmişdir.
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 000.11-AİS- HC-211022 nömrəli icarə müqaviləsi və ona edilmiş əlavələrdən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
16. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2579,14 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2579,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
23. Bundan əlavə iddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı çəkilmiş 700 manat xərcin də cavabdehə aid edilməsini xahiş etmişdir.
24. Materiallardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 700 manat məbləğində vəsait ödənilmişdir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 700 manat məbləğində hüquqi yardımla bağlı xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2579,14 manat əsas borc, 700 manat hüquqi yardıma görə ödənilmiş xərc, ümumilikdə 3279,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
30. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 60 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
IV. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2579,14 (iki min beş yüz yetmiş doqquz manat on dörd qəpik) manat məbləğində pul, 700 (yeddi yüz) manat hüquqi yardıma görə çəkilmiş xərc, ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu, ümumilikdə 3339,14 (üç min üç yüz otuz doqquz manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova