Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4189/2025 10.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh1 (bundan sonra – borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 22-MCR-1-432-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borc alana 120 ay müddətinə, aylıq 2,50% dərəcəsi ilə, cərimə gündəlik 0,20% dərəcəsi ilə hesablanmaqla, 200 000 manat məbləğində kredit limiti ayrılmışdır.
2. Həmçinin, iddiaçı ilə borc alan arasında xx.xx.2024-cü il tarixli, 22-MCR-1-432- 23/2 saylı kredit verilməsinə dair müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən borc alana 36 ay müddətinə aylıq 1,42 % dərəcəsi ilə 100 000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilə xx.xx.2023-cü il tarixli, 22-MCR-1-432-23 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlinə əsasən, kredit borcu üzrə xx.xx.2024xx.xx.2027-ci il dövrü ərzində aylıq ödənişin məbləği 3565,27 manat müəyyən edilmişdir.
3. Eyni zamanda, iddiaçı ilə borc alan arasında xx.xx.2024-cü il tarixli, 22-MCR-1- 432-23/2 saylı bank xidmətinin göstərilməsi üzrə Şərtlər Toplusuna qoşulmaya və ödəniş kartının emissiyası və verilməsinə dair müqavilə bağlanmışdır.
4. Həmçinin, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, Z/08886/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin predmetinə əsasən zamin xx.xx.2023-cü il tarixli, 22-MCR-1-432-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyır. Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır (zamanlik müqaviləsinin 1.1 və 4.1 və 4.2-ci bəndləri).
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 86635,89 manat əsas borc, 5162,76 manat faiz borcu və 27,67 manat cərimə borcu olmaqla, cəmi 91826.32 manat borcun, 365.48 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixində isə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 17 % olmaqla 36 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. 2025-ci il 10 martadək Cavabdeh1banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 86635.89 manat əsas borc, 5162.76 manat faiz borcu və 110.68 manat cərimə borcu olmaqla cəmi 91909.33 manat borcu vardır. Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 110.68 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 27.67 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır. b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçının nümayənəsi ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmşdir.
9. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
28. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 22-MCR-1-432-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli, 22-MCR-1- 432-23/2 saylı kredit verilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 100 000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.
30. xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, borc alanın xx.xx.2024cü il tarixli, 22-MCR-1-432-23/2 saylı kredit verilməsinə dair müqavilə üzrə iddiaçıya əsas borc üzrə 2312,37 manat, faiz borcu üzrə 2590,47 manat olmaqla, sonuncu ödəniş xx.xx.2025-ci ildə aparılmışdır. Bununla da borc alanın xx.xx.2025-ci il tarixə 86635,89 manat əsas, 5162,76 manat faiz, 110,68 manat cərimə borcu olmaqla, ümumilikdə 91909,33 manat ödənilməmiş borcu qalmış, kreditin bitmə tarixi xx.xx.2027-ci il göstərilmişdir.
31. Həmçinin, iddiaçı tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan müəyyən edilir ki, sözü gedən kredit müqaviləsi üzrə borc alan sonuncu ödənişi xx.xx.2025-ci ildə etmişdir.
32. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
33. Tələbin 27,67 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
35. Həmçinin, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, Z/08886/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın xx.xx.2023-cü il tarixli, 22-MCR-1-432-23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
36. Məhkəmə zaminin xx.xx.2023-cü il tarixli, 22-MCR-1-432-23 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduğunu və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
37. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 365,48 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 86635,89 manat əsas, 5162,76 manat faiz borcu və 27,67 manat cərimə olmaqla, cəmi 91826,32 (doxsan bir min səkkiz yüz iyirmi altı manat otuz iki qəpik) manat məbləğində borc və 365,48 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı