Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4199/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müəlliflik və əlaqəli hüquqların pozulması nəticəsində dəyən zərər, zərərin hesablanması formaları (üsulları)) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, İddiaçının nümayəndəsi Nümayəndə5, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Audiovizual Şurası və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” (“Natsional'nyy Sportivnyy Telekanal”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları iddiaçıya məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman yarışlarının (oyunlarının) 2025-ci ilin mart – aprel aylarında 2 ay müddətinə qanunsuz yayımlanması nəticəsində iddiaçıya vurulmuş əldən çıxmış fayda qismində 30 000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən aşağıda qeyd olunan lisenziyalı idman yarışlarının yayım hüquqlarının “X1 Limited” Şirkətinə məxsus olduğu təsdiq edildiyindən sözügedən Şura tərəfindən Azərbaycan Respublikası ərazisində xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən operatorlara (siyahı üzrə), o cümlədən hazırkı iş üzrə cavabdehə ünvanlanmış 12 iyun 2023-cü il tarixli 092/G-2023 nömrəli məktubda Azərbaycan Respublikasının Audiovizual Şurasına “X1 Limited” (bundan sonra "xxxx") Şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışların (futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Belator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” yarışlarının oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun “X1 Limited” ("xxxx") Şirkətinə məxsus olmasına dair müvafiq məlumatlar cavabdehə verilməklə yanaşı, cavabdehdən platforma və multipleks operatoru olaraq yuxarıda sözügedən idman yarışlarının yayımının dayandırılması tələb olunmuş, əks təqdirdə ona qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi bildirilmişdir. 2.2. İddiaçı ilə “X1 Limited” Şirkəti arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və xx.xx.2025-ci il tarixinədək qüvvədə olan “yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən "xxxx"-ə məxsus yuxarıda sözügedən lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqları iddiaçıya verilmişdir. Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, aidiyyəti dövlət orqanının yuxarıda sözügedən xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən yayım hüquqları Azərbaycan Respublikasının ərazisində iddiaçıya məxsus olan kontentlər “Национальный Спортивный Телеканал” (“Natsional'nyy Sportivnyy Telekanal”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitələri ilə buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də cavabdehə aid “Tvin Tv” operatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. 2.3. Qeyd edilməlidir ki, hüquq sahibinin müvafiq icazəsi olmadan yuxarıda göstərilən yayımın qanunsuz retranslyasiyasının həyata keçirilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, bu əməli törədən hüquqi və ya fiziki şəxslər (fərdi sahibkarlar) “Müəllif hüququ və əlaqəli hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə də cəlb olunurlar. Yuxarıda göstərilənlərlə yanaşı, iddiaçı tərəfindən müvafiq pretenziya ilə cavabdehə müraciət olunaraq həmin pretenziyanın aldındığı gündən ən geci 3 gün ərzində yuxarıda göstərilən idman yarışlarının yayımının hüquq sahibi olan “X1 Limited” Şirkətinin (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə məxsus olan) beynəlxalq və mili qanunvericilik aktları ilə təsbit olunan və qorunan hüquqlarının təmin edilməsi, bununla da “Национальный Спортивный Телеканал” (“Natsional'nyy Sportivnyy Telekanal”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) kanallarının cavabdehə aid “Tvin Tv” operatoru vasitəsi ilə yayımının dayandırılmasının təmin edilməsi xahiş olunsa da, cavabdeh sözügedən pretenziyada göstərilən tələbə, eləcə də ona ünvanlanmış 06/23 saylı 20 oktyabr 2023-cü il tarixli məktubda göstərilən xahişə əhəmiyyət verməyərək hazırkı vaxtadək qanunsuz retranslyasiya etdiyi yayımın dayandırılmasını təmin etməmişdir. 2.4. Yuxarıda göstərilən xüsusatla yanaşı, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində AVİS vasitəsilə cavabdehə hazırkı iddia ərizəsinə əlavə olunan tələblərlə yeni pretenziya ünvanlanmış, lakin cavabdeh sözügedən pretenziyada göstərilənlərə əməl etməməklə yanaşı, qeyd olunan pretenziyanının cavablandırılmasını təmin etməmişdir. Odur ki pozulmuş hüquqların bərpa edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. 2.5. Cavabdeh tərəfindən 2025-ci ilin mart – aprel aylarında qanunsuz yayımın həyata keçirilməsi nəticəsində iddiaçı qanuni yayım hüquqlarından istifadə edərək həmin dövrdə adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq əldən çıxmış fayda qismində zərər hesab olunur. İddiaçı ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələrinə əsasən, yuxarıda göstərilən idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15000 manat təşkil edir. Nəticədə cavabdehin 2025-ci ilin mart – aprel aylarında 2 ay müddətində həyata keçirdiyi qanunsuz yayım nəticəsində iddiaçı adi mülki dövriyyə şəraitində əldə biləcəyi 30000 manat məbləğində gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. İş materiallarına əlavə olunan sənədlərdən göründüyü kimi, iddiaçıya vurulmuş əldən çıxmış fayda qismində zərər ilə cavabdehin qanunsuz yayımı qəsdən həyata keçirməsi arasında səbəbli əlaqə mövcuddur və zərər də məhz həmin əməlin törədilməsi nəticəsində əmələ gəlmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 17.1, 21, 1096, 1097.1-ci maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 32, 35, 45-ci maddələri, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsi göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC hüquq varisi Cavabdeh (bundan sonra Cavabdeh MMC) ilə əvəz edilmişdir.
5. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 6.1. sözügedən kanalların cavabdeh tərəfindən yayımlanması ilə bağlı münasibətlər cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli XM- 178-22 nömrəli müqavilə ilə tənzimlənir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilə "xxxx" tərəfindən standartlara uyğun rəqəmsal TV platformasının cavabdehə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində rəqəmsal TV xidməti üzrə ərazilərdə satışların həyata keçirilməsi cavabdehin öhdəliyi hesab edilir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, hər bir rəqəmsal TV xidmətinin satışına görə qarşılıqlı təsdiqlənmiş akta əsasən müvafiq bonus məbləğini tələb etmək cavabdehin hüququ hesab edilir. 6.2. Beləliklə, yuxarıda qeyd edilən müqaviləyə əsasən, cavabdeh, "xxxx" QSC tərəfindən ona təqdim edilmiş müvafiq, o cümlədən iddia ərizəsində adları qeyd edilən kanalların daxil olduğu kanallardan ibarət rəqəmsal TV platformasının yalnız satışını həyata keçirir. Həmin xidmətin özü ilə bağlı bütün iqtisadi, texniki və hüquqi münasibətlər isə artıq "xxxx" tərəfindən tənzimlənir. 6.3. Müqavilədən də məlum olduğu kimi, cavabdehin sözügedən kanallarla bağlı müqavilə bağlama səlahiyyəti və ya öhdəliyi mövcud deyildir. Müqavilənin predmeti olan xidmətin göstərilməsi üçün cavabdehdən yalnız müvafiq lisenziya tələb edilir ki, bu da müqavilənin 2.4.1-ci bəndində göstərilmişdir. Bundan əlavə, iddiada qeyd edilənlərlə bağlı o da göstərilməlidir ki, iddiaçı istər cavabdehə yayım hüquqlarının onlara məxsusluğunu bildirən və müqavilə bağlanması ilə bağlı göndərdiyi məktubda, istərsə də məhkəməyə təqdim etdiyi iddia ərizəsində yayım hüquqlarının, həqiqətən də, onlara məxsus olduğunu təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə yalnız ingilis və rus dillərində olan razılaşmanın surətini təqdim etmişdir ki, həmin razılaşmanın mahiyyətinin nədən ibarət olması və mötəbərliliyi şübhə doğurur.
7. İddiaya etirazda hüquqi əsas kimi hər hansı maddi hüquq normasına istinad edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Audiovizual Şurası (bundan sonra Audiovizual Şura), 23 sentyabr 2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə4 və Nümayəndə5 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Nümayəndə4 əlavə olaraq bildirdi ki, iddiaçı idman yarışlarının satışını, cavabdeh isə platforma operatoru olaraq retranslyasiyasını həyata keçirir. İddiaçı Audiovizual Şuraya müraciət etmiş, Şura Azərbaycan Respublikasında kanalların yayım hüququnu iddiaçıya ötürən şirkətin hüquq sahibi olduğunu, eləcə də həmin şirkət tərəfindən ötürülən hüquq əsasında iddiaçının da hüquq sahibi olduğunu müəyyən edərək monitorinqlər keçirmiş və müvafiq sublisenziya müqaviləsi olmadan yayımlar həyata keçirildiyini, həmin subyektlərdən birinin də "xxxx" MMC olduğunu və sonuncunun 2025-ci ilin mart – aprel ayları da daxil olmaqla qanunsuz yayımlar həyata keçirdiyini müəyyən etmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə 2024-cü ilin aprel ayından dekabr ayına qədər olan müddəti əhatə etmiş, həmin müqavilə yalnız "xxxx" MMC-yə retranslyasiya hüququ vermiş, həmin hüququn üçüncü şəxsə verilməsini nəzərdə tutmamışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə yayımların texniki tərəfinin təminatı ilə bağlı olmuş, iddiaçıya məxsus kanalların yayım hüququ ilə bağlı olmamışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdən yayımı dayandırmışdır. "xxxx" MMC sentyabr ayında iddiaçı ilə yeni müqavilə bağlayaraq cavabdeh üçün idman yarışlarının retranslyasiya hüququnu əldə etmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 etirazın məzmununa uyğun izahatlar verdilər və iddianın rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmənin suallarına cavab olaraq bildirdilər ki, iddiaçının "xxxx" MMC ilə müqaviləsi olmuş, sonuncu isə cavabdehlə müqavilə bağlamış və həmin müqaviləyə əsasən yarışların yayım hüququnu cavabdehə vermişdir. 2025-ci ilin mart və aprel ayları da daxil olmaqla idman yarışlarının yayımını bu əsasla həyata keçirmişlər. "xxxx" MMC tərəfindən ötürülən məlumat əsasında xx.xx.2025-ci il tarixdən yayımı dayandırmışlar. Retranslyasiya hüququ ilə bağlı sentyabr ayından iddiaçı ilə "xxxx" MMC vasitəsi ilə yeni razılaşma bağlanılmışdır.
7. Məhkəmənin hazırlıq iclasında iştirak edən üçüncü şəxs Audiovizual Şuranın nümayəndəsi Nümayəndə6 izahında bildirdi ki, “X1 Limited” Şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışların Azərbaycan Respublikası ərazisində yayım hüququnun şirkətə məxsus olduğu müəyyən olunmuş, operatorlardan retranslyasiyanın qanunvericiliyin tələbinə uyğun həyata keçirilməsi xahiş olunmuş, 2024-cü ilin iyun – iyul aylarından etibarən Azərbaycan Respublikasında hüquq sahibləri olan şirkətlərdən müqavilələri qəbul etməyə başlamış, reyestrini aparmışlar. Daha sonra İddiaçı MMC-nin müraciətinə əsasən yayım operatorlarının yenidən monitorinqi aparılmış və İddiaçı MMC-nin hüquqlarının pozulduğu təsbit olunmuşdur. "xxxx" MMC platforma operatorudur, iddiaçı ilə müqavilə bağlayıb yarışların yayım hüququnu əldə etsə belə, həmin hüququ üçüncü şəxsə sata bilməz, ancaq özü yayımlaya bilərdi. Cavabdehlə bağlanmış müqaviləyə əsasən isə kanalların yayımı üzrə yalnız texniki xidməti göstərə bilərdi.
8. Məhkəmənin baxış iclasının yeri vaxtı barədə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin müəyyən olunan halları ondan ibarətdir ki, İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ "xxxx" Şirkətinə məxsusdur, sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavələrə əsasən həmin hüquq xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçıya verilmişdir.
13. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC dəyəri tələb olunan 2025-ci ilin mart – aprel ayları da daxil olmaqla Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” (“Natsional'nyy Sportivnyy Telekanal”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman yarışlarının (oyunlarının) retranslyasiyasını həyata keçirmiş, xx.xx.2025-ci il tarixdən cavabdeh adıçəkilən idman yarışlarının (oyunlarının) retranslyasiyasını dayandırmışdır.
14. İddiaçı bildirir ki, cavabdeh tərəfindən 2025-ci ilin mart – aprel aylarında qanunsuz yayımın həyata keçirilməsi nəticəsində iddiaçı qanuni yayım hüquqlarından istifadə edərək həmin dövrdə adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. İddiaçı ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələrinə əsasən, iddiaçının idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15000 manat təşkil edir. Cavabdehin 2025-ci ilin mart – aprel aylarında 2 ay müddətində həyata keçirdiyi qanunsuz yayım nəticəsində iddiaçı adi mülki dövriyyə şəraitində əldə biləcəyi 30000 manat məbləğində gəlirdən məhrum olmuşdur. Ona görə də həmin məbləğin cavabdehdən tutulması tələb edilir.
15. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, sözügedən kanalların cavabdeh tərəfindən yayımlanması ilə bağlı münasibətlər cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış müqavilə ilə tənzimlənir. Həmin müqaviləyə əsasən, bu müqavilə "xxxx" tərəfindən standartlara uyğun rəqəmsal TV platformasının cavabdehə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Cavabdeh, "xxxx" QSC (hazırda MMC) tərəfindən ona təqdim edilmiş müvafiq, o cümlədən iddia ərizəsində adları qeyd edilən kanalların daxil olduğu kanallardan ibarət rəqəmsal TV platforması yalnız satışını həyata keçirir. Həmin xidmətin özü ilə bağlı bütün iqtisadi, texniki və hüquqi münasibətlər isə artıq "xxxx" QSC tərəfindən tənzimlənir. Bundan əlavə, iddiaçı yayım hüquqlarının, həqiqətən də, onlara məxsus olduğunu təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə yalnız ingilis və rus dillərində olan razılaşmanın surətini təqdim etmişdir ki, həmin razılaşmanın mahiyyətinin nədən ibarət olması və mötəbərliliyi şübhə doğurur.
16. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və qeyd edir ki, mübahisənin həllində Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbi nəzərə alınmaqla maddi hüquq normaları tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
17. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, proqram – istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu; yayım təşkilatının verilişi – efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş; kabellə kütləvi bildiriş – əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; retranslyasiya – yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsidir.
18. Həmin Qanunun 35-ci maddəsinə əsasən, verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək; öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi; verilişin yazılmasını yaymaq.
19. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
20. “Media haqqında” Qanunun 1.1.21-ci maddəsinə əsasən, platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.
21. Həmin Qanunun 32.4-ci maddəsinə əsasən, platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir.
22. Həmin Qanunun 32.8-ci maddəsinə əsasən, platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.
23. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Audiovizual Şuraya təqdim edilməlidir.
24. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.
25. Qeyd olunan normaların təhlil etdikdə aydın olur ki, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Yayım təşkilatının isə verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüququ, o cümlədən öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi hüququ vardır. Yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsini, yəni retranslyasiyasını həyata keçirən platforma operatoru ilə proqramın müəllifi və ya xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlanmalı, bağlanmış müqavilənin surətini isə Audiovizual Şuraya təqdim edilməlidir.
26. Cavabdeh etirazının əsası kimi iddiaçının hüquq sahibi olmasını yayım hüquqlarının sonuncuya məxsus olduğunu təsdiq edən sübutun təqdim edilməməsi, məhkəməyə yalnız ingilis və rus dillərində olan razılaşmanın surətinin təqdim edilməsi ilə şübhə altına almağa çalışmışdır.
27. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçı təqdim olunan sübutların Azərbaycan dilinə tərcümə olunmuş surətini məhkəmə icraatının gedişində elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir.
28. Bundan başqa, “Media haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının və həmin Qanunun 43.1, 46-cı maddələrinin tələblərinə əsasən, Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti Audiovizual Şura həyata keçirir və platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında bağlanmış müqaviləni, retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını Audiovizual Şuraya təqdim etməlidir.
29. Adıçəkilən Qanunun 13.6-cı maddəsinə əsasən, bu Qanunun 38.2-ci və 38.3-cü maddələrinin tələbləri pozulduqda proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçı Audiovizual Şuraya müraciət edə bilər.
30. İş materiallarında olan sənədlərdən görünür ki: - "xxxx" Şirkətinin 2023-cü ildə Audiovizual Şuraya müraciəti əsasında təqdim olunan sənədlərə əsasən sonuncu tərəfindən aparılmış araşdırma ilə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun "xxxx" Şirkətinə məxsus olduğu təsbit olunmuş və Audiovizual Şura xx.xx.2023-cü il tarixli məktubla xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən yayım operatorlarına müraciət edərək, qeyd olunan idman yarışlarının yayımını həyata keçirən xarici televiziya kanallarının retranslyasiyasını qanunvericiliyə uyğun (rəsmi müqavilə əsasında) həyata keçirilmələrini tələb etmişdir; - iddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sonuncu iddiaçıya Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ, o cümlədən iddiaçının aldığı hüquqları tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququ vermişdir; - iddiaçı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə Audiovizual Şuraya müraciət edib yuxarıda adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu "xxxx" Şirkəti tərəfindən ona verildiyinə istinad edərək Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” (“Natsional'nyy Sportivnyy Telekanal”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində qanunsuz yayımlandığını və bununla da iddiaçıya məxsus hüquqların pozulduğunu bildirmişdir. Müraciətə Şuranın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... "xxxx" MMC-nin “Bektelecom” xidməti ... tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. Təqdim olunan sübutlardan və Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirən Audiovizual Şuranın təsbitlərindən aydın olur ki, İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ "xxxx" Şirkətinə məxsusdur, sonuncu isə bu hüququ xx.xx.2023 – xx.xx.2025-ci il tarixlərdə iddiaçıya vermişdir. Bu isə cavabdehin etirazının əsassız olduğu qənaətinə gəlməyə əsas verir.
32. Digər tərəfdən, adıçəkilən yarışlarla bağlı iddiaçının hüquqlarını şübhə altına alan cavabdeh iddiaçının səlahiyyətli quruma çoxsaylı müraciətləri əsasında görülmüş tədbirlər nəticəsində yarışların yayımını xx.xx.2025-ci il tarixdən dayandırmış, məhkəmə icraatının gedişində isə (sentyabr ayı) iddiaçı ilə üçüncü şəxs "xxxx" MMC-nin cavabdehin xeyrinə bağladığı sublisenziya müqaviləsi ilə idman yarışlarının retranslyasiyasına dair sublisenziya münasibətlərinə daxil olmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin etirazı formal xarakterli olmaqla iddianın rədd olunmasına nail olmağa xidmət edən əsassız etirazdır.
33. Cavabdeh etirazının digər əsası kimi retranslyasiyanı üçüncü şəxs "xxxx" MMC ilə bağlanılan müqavilə əsasında həyata keçirməsinə istinad edir. Bununla bağlı məhkəmə bildirir ki, qeyd olunan hal formal mülahizələrdən ibarət olmaqla istinad edilə biləcək qanuni əsası da mövcud deyildir. Belə ki, "xxxx" MMC ilə "xxxx" QSC (hazırkı MMC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli XM-178-22 nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" QSC tərəfindən standartlara uyğun rəqəmsal TV platformasının təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Məhkəmə qeyd edir ki, bu müqaviləyə istinad edən cavabdeh sübut etməli idi ki, "xxxx" MMC-nin sözügedən idman yarışlarının 2025-ci ilin mart və aprel aylarında yayımı və/və ya retranslyasiyası ilə bağlı müstəsna hüququ və ya müstəsna hüquq sahibi ilə bağladığı, idman yarışlarının retranslyasiyası hüququnu üçüncü şəxsə ötürməyə səlahiyyət verən şərtləri də özündə ehtiva edən müqaviləsi mövcuddur. Lakin belə bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin istinad etdiyi müqavilə, hətta idman yarışlarının retranslyasiyasını özündə ehtiva etsə idi belə, "xxxx" MMC-nin yuxarıda qeyd olunan hüquq sahibi olması öz təsdiqini tapmadığından sonuncunun ona məxsus olmayan hüququ üçüncü şəxsə ötürməsi də əsassız olacaqdır.
34. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yayım hüququnun "xxxx" Şirkətinə məxsus olduğu idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımı və tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququnun verildiyi iddiaçı hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüquqa malikdir və həmin idman yarışlarının retranslyasiyasını həyata keçirən bütün hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlamalı, qonorar ödəməlidirlər.
35. Məhkəmə cavabdehdən tutulmalı pul məbləği ilə bağlı qeyd edir ki, müəlliflik və əlaqəli hüquqların qorunması müasir hüquq sistemlərində əqli mülkiyyət hüququnun əsas vəzifələrindən biridir. Bu hüquqların pozulması hallarında tətbiq olunan mülki hüquqi məsuliyyətin əsas məqsədi hüquq sahibinə vurulmuş zərərin tam şəkildə ödənilməsini təmin etməkdir. Lakin praktikada zərərin konkret məbləğinin müəyyən edilməsi və sübut olunması çətinlik törədir.
36. Ümumi qaydaya görə, müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadə edən şəxs bu istifadə üçün maddi məsuliyyət daşıyır və bu məsuliyyət özündə zərər, təqsir, səbəbli əlaqəni şərtləndirir. Başqa sözlə, qeyd edilən maddi məsuliyyətə cəlb edilmə üçün zəruri şərtlər pozucunun təqsirli olması, zərərin mövcudluğu, zərərlə qanunsuz istifadə arasında səbəbli əlaqənin olmasıdır. Müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadə zamanı təqsir kimi zərərin mövcudluğu da prezumpsiya edilir. Lakin buna rəğmən, hüquq sahibi və pozucu arasında sübutetmə vəzifələrinin bölüşdürülməsi ilə bağlı qaydalar nəzərə alındıqda bəzən maddi məsuliyyətin ölçüsünün – zərərin həcminin (məbləğinin) müəyyən edilməsi kifayət qədər çətinləşir. Bu isə hüquq sahibini faktiki olaraq pozucu qarşısında müdafiəsiz etməklə cəmiyyətin inkişafında müstəsna əhəmiyyət daşıyan müəlliflik hüququ və əlaqəli hüquqların inkişafına mənfi təsir edir.
37. Bu səbəbdəndir ki, mülki hüquq nəzəriyyəsində müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində hüquq sahibinə dəyən zərərin müəyyən edilməsinin (hesablanmasının) üç forması (üsulu) fərqləndirir: real forma, faydalanma forması, analogiya forması.
38. Nəzərə alınmalıdır ki, bu üç formanın hansının seçilməsi məhz hüquq sahibinin (hazırkı halda iddiaçı) iradəsindən asılıdır. Bu mənada məhkəmənin qeyd edilən hüququ öz üzərində götürməsi mümkün deyildir. Həmçinin hər üç formanın eyni zamanda tətbiq edilməsi də qeyri-mümkün hesab edilir. Lakin qeyd edilməlidir ki, məhkəmə icraatının gedişində iddianın predmetinin və ya əsasının dəyişdirilməsi qaydasında zərərin hesablanma üsulunun dəyişdirilməsi imkanı da mövcuddur.
39. Hüquq sahibi tərəfindən real forma (üsulu) seçildiyi təqdirdə hüquq sahibi müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində üzləşdiyi faktiki zərəri pozucudan tələb edir. Bu üsul zərərin dəqiqliklə müəyyən edilməsinə imkan versə də, praktikada sübutetmə ilə bağlı ciddi qaydalara tabedir. Belə ki, bu zaman səbəbli əlaqənin müəyyən edilməsi, satışların aşağı düşməsinin, mülki dövriyyədə müəlliflik hüququ və ya əlaqəli hüququn dəyərini itirməsi və s.-nin sübutu kifayət qədər çətin prosesdir. Bu səbəbdən hüquq sahibi qeyd edilən sübutlara malik olmadıqda zərərin hesablanmasının digər formalarına yönəlir.
40. İkinci forma faydalanma forması (üsulu) olub pozucunun əldə etdiyi gəlirlərin tələb edilməsi qaydasında təzahür edir. Bu üsul Roma hüququnda tətbiq edilən “nemo ex delicto locupletari potest” (heç kəs öz deliktindən faydalana bilməz) prinsipinə əsaslanır. Faydalanma formasında zərərin hesablanması zamanı pozucunun müəlliflik hüququ və əlaqəli hüququn istifadəsi zamanı ümumi gəlirlərinin müəyyən edilməsi, həmin gəlirlərdən xərclərin çıxılması və hansı xalis mənfəətin məhz pozulma nəticəsində əldə edildiyinin sübut edilməsi zəruridir. Bu formanın seçilməsi hüquq sahibi üçün pozucunun yüksək gəlirlər əldə etdiyi halda zərərin məbləğinin yüksək müəyyən edilməsi ilə nəticələnir.
41. Üçüncü forma – analogiya forması (üsulu) sübutetmə baxımından ən sadə yol hesab olunur. Belə ki, bu üsul zərərin müəyyən edilməsi üçün obyektiv standartlara malikdir. Adıçəkilən forma belə bir fiksiyaya əsaslanır ki, pozucu müəlliflik və əlaqəli hüququ qanuni istifadə etsə idi, hüquq sahibinə ağlabatan haqq (fiktiv haqq) ödəməli idi. Bu formanın digər iki formadan üstünlüyü də gəlirlərin və xərclərin müəyyən edilməsi, satışların aşağı düşməsinin, mülki dövriyyədə müəlliflik hüququ və ya əlaqəli hüququn dəyərini itirməsinin sübut edilməsinin zəruri olmamasında ifadə olunur. Analogiya forması zamanı hüquq sahibinin yaxın dövrdə bağladığı müqavilələrinin təqdim edilməsi və ya adi mülki dövriyyədə müəlliflik hüququ və əlaqəli hüququnun istifadə haqqının sübut edilməsi kifayət edir. Bu zaman müəlliflik hüququ və əlaqəli hüququn qanunsuz istifadə dövrü üçün həmin fiktiv haqq tutulur. Bu üsul yalnız bu və ya digər müəlliflik hüququ və əlaqəli hüququn istifadəsi üzrə bazar formalaşmadığı, başqa sözlə analoji hallar olmadığı halda tətbiq edilə bilmir.
42. Azərbaycan Respublikasının müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyində də zərərin hesablanmasının hər üç forması nəzərdə tutulmuşdur.
43. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun “müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları)” adlanan 45-ci maddəsinə əsasən: – məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması (45-ci maddəsinin 2ci hissəsi); ... – Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır (45-ci maddənin 5-ci hissəsi).
44. Göründüyü kimi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu hüquq sahibinə zərərin ödənilməsini (həmin normada zərər dedikdə zərərin real forması nəzərdə tutulur), pozucudan əldə etdiyi gəlirin tutulması (faydalanma forması) və ya normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini (analogiya forması) tələb etmək hüququ verir.
45. Belə ki, həmin maddəyə əsasən, məhkəmə iddiaçının tələbi ilə aşağıdakı qərarlardan birini qəbul edə bilər:
1. Pozuntu nəticəsində vurulmuş zərərin ödənilməsi (real forma);
2. Pozucunun əldə etdiyi gəlirinin tutulması (faydalanma forması);
3. Normal istifadə zamanı hüquq sahibinin əldə edə biləcəyi qonorarın ödənilməsi (analogiya forması).
46. Başqa sözlə, hüquq sahibi ya zərərin real formasını, ya faydalanma formasını ya da analogiya formasını tələb edə bilər ki, bu da müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında əksər ölkə qanunvericiliyinə və məhkəmə praktikasına uyğundur.
47. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllə zərərin məzmununu müəyyən etsə də (nə zərər sayılır), “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu zərərin necə hesablanacağını təsbit edir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Yuxarıda göstərilənlərin hazırkı işin hallarına tətbiq etdikdə aydın olur ki, hazırkı iş üzrə iddiaçı analogiya formasına istinad etməklə əldən çıxmış faydanı tələb edir və belə olan halda iddianın hüquqi əsası qismində Mülki Məcəllənin 21.2-ci maddəsi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddənin 5-ci hissəsi çıxış edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər analoji fəaliyyətlə məşğul olan hüquqi şəxslərin, yəni platforma operatorlarının iddiaçı ilə bağladığı müqavilələrdəki qiymətlər əsas götürülməklə hesablanmalıdır.
49. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarla bağlanmış analoji müqavilələr təqdim olunmuşdur. Həmin müqavilələrdən görünür ki, hesabat dövrü (hər təqvim ayı) üzrə müəllif qonorarın həcmi iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 yanvar 2024-ci il tarixli müqavilə üzrə 20000 manat, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilə üzrə 20000 manat (2024-cü il üçün), "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2024-cü tarixli müqavilə üzrə 12000 manat müəyyən olunmuşdur.
50. Təqdim olunan analoji müqavilələr üzrə aylıq orta qiymətin 17334 manat ((20000+20000+12000)/3) təşkil etdiyini, iddiaçının isə aylıq 15000 manat hesablamaqla 2025-ci ilin mart və aprel ayı üçün cəmi 30000 manat tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 2025-ci ilin mart və aprel ayı üçün tutulmalı olan zərərin həcmi müəyyənləşdirilərkən həmin göstərici nəzərə alınmalı və 2 ay üçün 30000 manat (2 ay x 15000 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
51. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən artıq ödənilmiş 180 manat dövlət rüsumu ona geri qaytarılmışdır.
52. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.4-cü maddəsinə əsasən, müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
55. Məhkəmə müəyyən edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 180 manat təşkil edir.
56. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tam təmin olunduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının ərazisində yayımın distribütorluq hüquqları İddiaçınə məxsus olan lisenziyalı idman yarışlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025ci ilin mart və aprel aylarında qanunsuz yayımlanmasını həyata keçirdiyinə görə hər ay üçün 15000 manat olmaqla ümumilikdə 30000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova