Məhkəmə qərarları › İş №e-2-2(113)-420/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-420/2023

08.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-420/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “elektron qaimələrin verilməsi və təsdiq olunması vəzifəsinin qoyulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektron qaimənin təqdim və təsdiq edilməsi və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarrəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “elektron qaimələrin verilməsi və təsdiq edilməsi vəzifəsinin qoyulması və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində həyata keçirilmiş ödənişlər üzrə Cavabdeh MMC tərəfindən elektron qaimələrin İddiaçı MMC-yə təqdim edilməməsi səbəbindən ümumilikdə 7.909.026,86 manat ƏDV məbləği əvəzləşdirilməsi mümkün olmadığına görə, Cavabdeh MMC-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və onun əsasında həyata keçirilən icra prosesinin qeyd edilməsi vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, İddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun və X3 görə ödənilmiş 20 (iyirmi) manat haqqın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərəflərin şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-0059 saylı 28 fevral 2007-ci il tarixli müqavilə mövcud olmuşdur. Həmin müqaviləyə 21 yanvar 2015-ci il tarixdən etibarən xitam verilmişdir. Müvafiq müqaviləyə xitam verilsə də, tərəflər arasında faktiki olaraq arabağlantı trafiki mövcud olmuş, həmin trafikə hansı tarifin tətbiqinə dair isə tərəflər arasında mübahisələr olmuşdur. Rabitə (telekommunikasiya) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı (bundan sonra Qərar) ilə 2015-ci ildən etibarən Cavabdeh MMC tərəfindən əsasız və qanunsuzcasına aparılan mübahisəyə nəhayət ki, son qoymuş və 2015-ci ildən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə arabağlantı trafikinin mübadiləsinə görə münasibətlərin necə tənzimlənməli olduğu göstərilmiş, tərəflərin üzərinə icra etməli olduqları tələblər qoyulmuş, o cümlədən trafik mübadiləsinə görə qarşılıqlı ödənişlərin icrası cədvəl şəklində təsdiq edilmişdir. Qərar Cavabdeh MMC tərəfindən könüllü icra edilmədiyindən Qərarın məcburi icrası ilə bağlı, Nəsimi rayon İcra şöbəsinin icraatında 189204/2022-5-34 №-li icra işi vardır. Qərarın qərar hissəsinin 2-ci bəndinə əsasən EBBY seriyalı, 023725 nömrəli; EBCA seriyalı, 957448 nömrəli; EBCB seriyalı, 971363 nömrəli; EBCD seriyalı, 246695 nömrəli; EBCH seriyalı, 401319 nömrəli; EBCİ seriyalı, 730432 nömrəli elektron qaimələr Cavabdeh MMC-yə təqdim edilmiş, lakin EBBY seriyalı, 023725 nömrəli qaimə istisna olmaqla digər qaimələrin təsdiq edilməsindən imtina edilmişdir. Eyni zamanda həmin Qərarın icrası ilə əlaqədar nəzərdə tutulan ödənişlər həyata keçirilsə də, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərə görə arabağlantı trafikinə görə Cavabdeh MMC-yə ödənişi nəzərdə tutulan məbləğlər ilə əlaqədar, hazırkı tarixədək İddiaçı MMC-yə elektron qaimələr təqdim edilməmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarrəsinin nümayəndəsi X2 elektro qaimələrin təqdim edilməsi vəzifəsinin AR Vergi Məcəlləsinin 16-ci maddəsindən irəli gəldiyini qeyd etdi və iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsiə buraxdığını bildirdi.

5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri: 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: 16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi; 16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə; - 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda və müddətlərdə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. - 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 169.4. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 1.2.-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. - 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaiməfaktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı hazırlayır və təsdiq edir. - 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr, təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və ya saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məluat elektron qaimə-fakturanın “əsas” sətrində qeyd olunur. - 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. Məhkəmə qeyd edir ki, işin mübahisləndirilməyən hallarından biri ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında tərəflərin şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2007-0059 saylı xx.xx.2007-ci il tarixli müqavilə mövcud olmuş, həmin müqaviləyə xx.xx.2015-ci il tarixdən xitam verilsə də, tərəflər arasında faktiki olaraq arabağlantı tarifiki mövcud olmuş, həmin trafikə hansı tarifin tətbiqinə dair isə tərəflər arasında mübahisələr olmuşdur.

12. İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati icraat üzrə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 24 may 2022-ci il tarixli G-4/22 saylı qərar qəbul edilmişdir. Həmin qərar ilə 2015-ci il tarixli 21 yanvar tarixindən 2022-ci il 01 yanvar tarixinədək olan münasibətlərin tənzimlənməsi üçün arabağlantı münasibətlərindən irəli gələrək tərəflər arasında cədvəl və dövr üzrə müəyyən olunmuş ödənişlər- 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021-ci illər üzrə xx.xx.2022-xx.xx.2022 dövr üzrə Cavabdeh MMC-nin arabağlantı trafikinə görə ödəyəcəyi məbləğ 75.655.000 manat, İddiaçı arabağlantı trafikinə görə ödəyəcəyi məbləğ 51.848.065 manat müəyyən edilmişdir.

13. Daha sonra Cavabdeh AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı, İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə “AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-10060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10060/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1363/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1363/2023 nömrəli qərarından Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı, İddiaçı MMC üçüncü şəxs kimi cəlb edilməklə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarının ləğv edilməsi” ilə bağlı inzibati işi ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı Cavabdehnə qarşı “elektron qaimələrin verilməsi və təsdiq edilməsi vəzifəsinin qoyulması və s. tələbinə dair e-2-2(113)-420/2023 saylı kommersiya işi üzrə icraat dayandırılmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1849/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 1363/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.

17. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı qanuni qüvvəyə mindiyindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 420/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

18. İşin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı arabağlantı ilə əlaqədar yaranan mübahisəyə dair inzibati iş üzrə” qəbul edilmiş 24 may 2022-ci il tarixli G-4/22 saylı qərar üzrə ödənişlər barədə cədvəl-arayışdan da göründüyü kimi, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021-ci illər üzrə xx.xx.2022-xx.xx.2022 dövr üzrə Cavabdeh MMC-nin arabağlantı trafikinə görə ödədiyi ümumi məbləğ 75.660.000 (cədvəldə qeyd olunan məbləğdən 5000 artıq), İddiaçı ödədiyi ümumi məbləğ 51.848.066 manat təşkil edir.

19. Göründüyü kimi, həm İddiaçı, həm də Cavabdeh tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarında nəzərdə tutulmuş ödənişlər icra olunmuşdur.

20. Bundan başqa, iş materiallarına əlavə olumuş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş elektron qaimələr barədə məlumat cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 07 eqaimə təqdim olunmuş, onlardan biri EBBY seriyalı, 023725 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə Cavabdeh MMC tərəfindən təsdiq olunsa da, digər 06 e-qaimələrin (EBCA seriyalı, 957448 nömrəli; EBCB seriyalı, 971363 nömrəli; EBCD seriyalı, 246695 nömrəli; EBCH seriyalı, 401319 nömrəli; EBCİ seriyalı, 730432 nömrəli, EBCL seriyalı, 126159 nömrəli) təsdiq olunmasından imtina olunmuşdur.

21. Vergi Məcəlləsinin yuxarıda qeyd edilmiş maddəsindən də, göründüyü kmi, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilir.

22. Məhkəmə qeyd edir ki, elektron qaimələrin verilməsinin, vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilməsi təsadüfi deyil, məhz ölkə ərazisində malların verilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi sahəsində şəffaflığın artırılmasına yönəlmişdir. Həmçinin də, elektron qaimənin verilməsi gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını almağa xidmət edir.

23. Məhkəmə qeyd edir ki, işdən də göründüyü kimi, artıq tərəflər arasında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı ilə bağlı mübahisə yekunlaşmışdır.

24. Belə olan halda Məhkəmə hesab edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı üzrə həyata keçirilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək və İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

25. Belə ki, ilk növbədə elektron qaimənin verilməsi vergi ödəyicisinin vəzifəsi olmaqla yanaşı, qeyd edilmiş elekron qaimələrin təqdim və göndərilmiş elektron qaimələrin təsdiq edilməməsi elektron qaydada aparılan maliyyə hesabatında səhvə yol verilməsinə səbəb ola bilər. Həmçinin də, qeyd edilmiş elektron qaimələr olmadan ƏDV məbləğinin də, əvəzləşdirilməsi mümkün deyildir.

26. Göründüyü kimi, elekron qaimələrin təqdim və göndərilmiş elektron qaimələrin təsdiq edilməsi öhdəliyi həm iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsinə həmçinin də, gələcəkdə hüquqlarının pozulmasının qarşısının alınmasına xidmət edir.

27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilməli elektron qaimələr Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qanuni qüvvəyə minmiş 24 may 2022-ci il tarixli G-4/22 saylı qərarının icrası ilə bağlı olduğundan edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G- 4/22 saylı Qərarına istinad edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

28. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 15333 nömrəli qəbzdən görünür ki, medisasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq iddiaçı tərəfindən Bakı 04 saylı Mediasiya təşkilatına 20 manat məbləğində pul ödənilmişdir.

29. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

31. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı çərçivəsində edilmiş ödənişlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifə kimi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı çərçivəsində edilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək vəzifə Cavabdeh MMC-nin üzərinə qoyulsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı çərçivəsində edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G- 4/22 saylı Qərarına istinad edilməsi vəzifə Cavabdeh MMC üzərinə qoyulsun. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 20 manat (iyirmi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar