Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4202/2021 11.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2981,41 manat icarə haqqı, 27 manat inzibati xətaya görə cərimə borcu cəmi 3008,41 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin arasında bağlanılmış 20022020 №li, 20.02.2020-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan bir ədəd “MİTSUBİSHİ L200” markalı, H029981 dövlət qeydiyyat nişanlı avtomobil aylıq icarə haqqı 1200 manat olmaqla 20.02.2020-ci il tarixdən 20.07.2020-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh qeyd edilən icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunu tam olaraq ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəmə gedişatında tələb olunan icarə haqqında 590 manatın ödənilməsinə baxmayaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə Cavabdeh MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20022020 №li nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı MMC “MİTSUBİSHİ L200” markalı, H029981 dövlət qeydiyyat nişanlı avtomobili aylıq icarə haqqı 1200 manat olmaqla Cavabdeh MMC-yə icarəyə vermişdir. İddiaçı MMC-nin mühasibat arayışından görünür ki, Cavabdeh MMC-nin 26.10.2021-ci il tarixə 2391,41 manat icarə və 27 manat inzibati xətaya görə cərimə, cəmi 2418,41 manat borcu qalmışdır. Otokoç Azərbaycan” MMC-nin təqdim etdiyi elektron qaimələrdən görünür ki, Cavabdeh MMC-dən 3224,41 manat məbləğində vəsait tələb olunur. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675 və 700.1-ci maddələri). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməyərək icarə haqqını ödəməmişdir. İddiaçı MMC-nin Cavabdeh MMC-dən 2981,41 manat icarə haqqı ödənilməsini tələb etsə də, məhkəməyə təqdim olunan sənədlərdən və nümayəndənin verdiyi izahatından müəyyən edilir ki, cavabdeh tərəfindən tələb olunan məbləğdən məhkəmə gedişatında 590 manat ödənilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 2391,41 manat icarə haqqı, 27 manat inzibati xətaya görə cərimə borcu cəmi 2418,41 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 80,38%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 80,38%-i, yəni 24,11 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2391,41 manat icarə haqqı, 27 manat inzibati xətaya görə cərimə borcu cəmi 2418,41 manat və dövlət rüsumu kimi ödənilmiş 24,11 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4202/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4202/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver