Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4211/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, restrukturizasiya, zaminliyə xitam, dəbbə pulunun azaldılması, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1368,98 ABŞ dolları əsas, 525,28 ABŞ dolları faiz, 2213,71 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 198,74 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 4306,71 ABŞ dolları məbləğində pulun və ödənilmiş 93,22 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncuya əsas vəsaitin artırılması məqsədi ilə 18 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə iddiaçı arasında 280009367/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. 2.2. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4331,74 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. 2.3. Lakin borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması iddiaçının lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449, 739-cu və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4211/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, bank ləğv edildiyində ödənişləri icra edə bilməmişdir, əsas və faiz borcu ilə razıdır.
8. Cavabdeh2 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məhkəmənin hazırlıq iclasında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə adıçəkilən cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olduğu ünvanlara məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmışdır. Lakin adıçəkilən cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddiaçı (kreditor qismində) ilə Cavabdeh2 (borcalan qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, həmin müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir (1.1). Kreditor borcalana 6300 ABŞ dolları məbləğində kredit verir (2.1). Bu müqaviləyə əsasən kredit borcalana əsas vəsaitin artırılması məqsədilə verilir (2.2). Kredit 18 ay müddətinə verilir (2.3). Kreditin istifadəsinə görə borcalan kreditora illik 33 faiz ödəyir (2.4). Güzəşt müddəti yoxdur (2.6).
14. Sözügedən müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, kreditin ilk ödəmə tarixi xx.xx.2014-cü il, son ödəmə tarixi xx.xx.2016-cı il, hər ay 448,55 ABŞ dolları (sonuncu ay isə 448,32 ABŞ dolları) olmaqla ümumilikdə 6300 ABŞ dolları əsas borc, 1773,67 ABŞ dolları faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
15. İddiaçı (kreditor qismində), Cavabdeh2 (borcalan qismində) ilə Cavabdeh1 (zamin qismində) və Cavabdeh3 (zamin qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 280009367/ZM nömrəli zaminlik müqaviləsinə əsasən, həmin müqavilənin predmeti ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş öhdəlik: 6300 ABŞ dolları təşkil edən kredit məbləği (2.1); 18 ay təşkil edən kreditin qaytarılma müddəti (2.2); 33% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi (2.3); 60% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik, 5,50% isə aylıq cərimə faiz dərəcəsi (2.4).
16. 12.03.2014-cü il tarixli 67632649 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4331,74 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2331,12 ABŞ doları əsas borc, 1209,85 ABŞ dolları faiz borcu və 790,77 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir (1.2). Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduqda, kreditorun təşəbbüsü ilə X2 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X2 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur Bu zaman Borcalanın güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə qüvvədə olan məzənnəsi ilə yenidən hesablanır və bu fərq Borcalan tərəfindən dərhal Kreditora ödənilir (1.6).
17. Həmin əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2017-ci il, son ödəniş tarixi xx.xx.2021-ci il, hər ay 56,91 ABŞ dolları olmaqla ümumilikdə 2331,12 ABŞ dolları əsas borc, 400,56 ABŞ dolları faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
18. xx.xx.2014-cü il tarixli 280009367/ZM nömrəli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4331,74 ABŞ dolları təşkil edir (1.1.1). Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir (1.2). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8% təşkil edir (1.3).
19. İddia ərizəsinə əlavə edilmiş 13 may 2024-cü il tarixli **********393 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 01 may 2024-cü il tarixə əsas borc 1368 ABŞ dolları, müqavilə müddətinə faiz borcu isə 525,28 ABŞ dolları təşkil edir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 6300 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 18 ay müddətinə, illik 33% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra adıçəkilən müqavilə üzrə 4331,74 ABŞ dolları məbləğində qalıq borc xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş ilə restrukturizasiya edilmiş, xx.xx.2021-ci il tarixədək hər ay 56,91 ABŞ dolları olmaqla ümumilikdə 2331,12 ABŞ dolları əsas borc, 400,56 ABŞ dolları faiz borcun ödənilməsi razılaşdırılmışdır. xx.xx.2014cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli 280009367/ZM nömrəli zaminlik müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişlər bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh2 kredit məbləğini təşkil edən 6300 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən kredit müqaviləsi və ona əlavə saziş üzrə 1368,98 ABŞ dolları əsas borc və 525,28 ABŞ dolları faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
22. Cavabdeh2 bank ləğv olunduqdan sonra ödənişləri həyata keçirə bilmədiyini, əsas və faiz borcu ilə razı olduğunu bildirir.
23. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmir.
24. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
25. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
27. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
29. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
30. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
31. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, hazırkı halda borcalan əsas və faiz borcu məbləği ilə razı olduğundan prosessual qənaət və hüquqi həqiqət prinsiplərinə uyğun olaraq, həmçinin hesabdan çıxarış məlumatlarının maliyyə arayışı ilə müqayisəsini nəzərə alaraq 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 20 iyun 2017-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə borc məbləğləri maliyyə arayışına uyğun olaraq əsas borc üzrə 1368,98 ABŞ dolları, faiz borcu üzrə isə 525,28 ABŞ dolları olaraq müəyyən edilməldir.
32. Məhkəmə zaminlər Cavabdeh1 və Cavabdeh3 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
33. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
34. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
35. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
36. xx.xx.2014-cü il tarixli 280009367/ZM nömrəli nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə xitam verilir: zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda.
37. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə başa çatdığından və iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək zaminlərdən pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsi və tərəflər arasındakı razılaşmanın 5.1.4-cü bəndinə uyğun olaraq Cavabdeh1 və Cavabdeh3 zaminliyinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və onlara qarşı xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən (əlavə saziş daxil olmaqla) irəli gələn iddia təmin oluna bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Saziş üzrə 1368,98 ABŞ dolları əsas borc, 525,28 ABŞ dolları faiz borcu Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
39. İddiaçı xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Saziş üzrə illik 5 faizlə hesablanmış 198,74 ABŞ dolları məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş edir.
40. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).
41. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
42. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
43. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2024-cü il tarixədək (1046 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 196,16 (1368,98*5/100/365*1046) ABŞ dolları təşkil edir.
44. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 196,16 ABŞ dolları məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §32-37).
c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
45. İddia ərizəsində iddiaçı 2213,71 ABŞ dolları cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
46. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişin 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
47. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
48. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
49. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
50. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh öhdəliyi hissəvi icra etməmiş, pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
51. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 tutulmalı cərimə məbləğinin 40 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
52. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 40 ABŞ dolları Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §32-37).
d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
54. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əsas borc, faiz borcu, dəbbə pulu və qanuni faiz məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
e) Məhkəmə xərcləri ilə bağlı
55. İddiaçı eləcə də ödənilmiş 93,22 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
56. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 93,22 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat pul Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2014cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 20 iyun 2017-ci il tarixli 01 nömrəli əlavə saziş üzrə 1368,98 ABŞ dolları əsas borc, 525,28 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 196,16 ABŞ dolları olmaqla ümumilikdə 2130,42 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova