Məhkəmə qərarları › İş №e-2-2(113)-4222/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4222/2023

06.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4222/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi, mənəvi zərər, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, nümayəndəsi (oğlu) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat pulun, 1000 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə işlərinin aparılması ilə bağlı (çəkilmiş və çəkilməli olacaq xərclər) 1000 manat, cəmi 19000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 14000 manat pulun, 1000 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə işlərinin aparılması ilə bağlı (çəkilmiş və çəkilməli olacaq xərclər) 1000 manat, cəmi 18000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəflərindən ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə sonuncuya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması ilə bağlı danışıqlar aparmış, binanın qazlaşdırılması cari smetaya uyğun 35000 (otuz beş min) manata həyata keçirilməsi razılaşdırılmışdır. Razılıq tərəflər arasında razılaşma qəbzi formasında şərtləşdirilmiş, hər iki şəxs qəbzə imza atmışdır. Razılaşmadan sonra İddiaçı tərəfindən çoxmənzilli binanın qazlaşdırılması üçün tikinti materiallarının bir çoxu öz şəxsi vəsaiti hesabına (qaz sayğacları, tikinti materialları və s.) alınmış, bir qismi isə tanıdığı, etibar etdiyi mağazalardan nisyə olaraq götürülmüş və işə başlanılmışdır. Hazırda binada qazlaşdırılma yekunlaşma ərəfəsindədir. Həmin işlərin həyata keçirilməsi ilə bağlı Cavabdeh tərəfindən İddiaçı mülki etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında İddiaçı cari quraşdırma işləri tamamlandıqdan sonra Azərqaz İB və ASAN xidmət mərkəzlərinə müraciət etmiş, binanın qazlaşdırılması ilə bağlı sənədləşmələri həyata keçirimişdir. Hazırda yaşayış binasına qazın verilməsi ərəfəsində işin natamam qalması bina sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, nəinki qazın verilməsi, eyni zamanda bina sakinləri dövlət reyetrindən verilən çıxarışla da təmin olunmamışdır. Sakinlər müqavilə əsasında ödəniş etsə də, binanın tikinti normalarına cavab verməsi ilə bağlı sənədlər ekspertizadan keçirilmədiyinə görə onları çıxarışla təmin etmək mümkün olmamışdır. Bu vəziyyətə görə artıq İddiaçı Cavabdeh tərəfindən aldadıldığı qənaətindədir. Tərəflər arasındakı razılaşma şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 20000 (iyirmi min) manat vəsait ödənilmişdir. Ödənişlər əvvəlcə normal şəkildə edilsə də sonradan müxtəlif təsir tədbirlərindən sonra həyata keçirilmişdir. Hazırda Cavabdeh tərəfindən ödənilməli olan qalıq məbləğin miqdarı 15000 (on beş min) manat təşkil edir. İddiaçı dəfələrlə Cavabdeh telefonla zəng etsə də, onunla görüşüb qalıq məbləğin ödənilməsi üçün müzakirə aparılması istənilsə də o, həmin vəsaiti qaytarmaqdan yayınır, telefon zənglərinə cavab vermir. Hazırda İddiaçı əhəmiyyətli dərəcədə maddi və mənəvi ziyanla üzləşmişdir. Bundan başqa vəsait vaxtında ödənilmədiyinə görə İddiaçı xərclədiyi öz vəsaitinin adi mülki dövriyyə şəraitində əlavə gəlirlərindən də məhrum olmuşdur. Eyni zamanda müxtəlif dükan və mağazalardan Cavabdeh xeyrinə götürdüyü nisyə tikinti quraşdırma mallarının pulunu ödəmədiyinə görə çətin vəziyyətə düşmüşdür. Bundan başqa hazırda Cavabdeh İddiaçı ödəyəcəyi qalıq məbləğin qaytarılması üçün bütün imkanlar tükəndiyindən məhkəmə müdafiəsi hüququndan istifadə edilməsi zərurəti ortaya çıxmışdır. Cavabdehlə danışıqlar nəticə vermədiyi üçün tərəfindən mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş və müvafiq arayış alınmışdır. Tərəf mediasiya prosesindən də yayındığı üçün hazırda iş məhkəməyə göndərilir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən cavabdeh iddiaçının adından həmin binanın qazlaşdırılmasının təmin edilməsi öhdəliyini üzərinə götürmüş, bu məqsədlə cavabdeh ona yazılı etibarnamə vermiş, iddiaçı da cavabdehin adından “Azəriqaz” İB ilə müqavilə imzalamış, texnixi şərt almış, bu məqsədlə rəsmi olaraq 992 manat və 2742 manat pul ödəmiş, qalan vəsait isə tərəfindən qeyri-rəsmi ödənildiyi üçün bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmir. Belə ki, tələb etdiyi əsas borcun 9000 manat hissəsi bu vaxta qədər çəkdiyi, lakin cavabdeh tərəfindən ödənilməmiş hissəsidir. Qalan vəsait cavabdeh tərəfindən ona görə ödənilməlidir ki, cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi baş çatdırmalı, 6000 manata balans sayğacı almalı, 1000 manat vəsaitə isə onu dövlət yoxlamasından keçirməlidir. Belə ki, sayğac “Azəriqaz” İB tərəfindən onlara təhvil verilsə də, bu günə qədər dəyəri ödənilməmişdir. Texiniki şərtin alınmasına isə ümumilikdə 16000 manat vəsait xərcləmişdir. Cavabdehin adından həmişə “Azəriqaz” İB ilə münasibətlərdə o çıxış etdiyi üçün sayğacın dəyərinin ödənilməsi və onun dövlət yoxlamasından keçirilməsi ondan tələb edilir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

7. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən cavabdeh ... “Azəriqaz” İB-də ... onu təmsil etməyi, kommunal xəttləri çəkməyi, kommunal müqavilələr bağlamağı, müqavilələr imzalamağı, rəy, texnixi şərt, smart kart, sayğac və sair sənədləri almağı, bununla əlaqədar olaraq bütün sənədləşmə işlərini aparmağı, sənədləri təqdim etməyi və hazır olan sənədləri götürməyi, imzalamağı, ərizə ilə mrüciət etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.

10. "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən Cavabdeh məxsus 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılmasına dair işçi layihəsi təsdiq edilmişdir.

11. Cavabdehlə (sifarişçi) “Azəriqaz” İB (icraçı) arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli 893 SQ nömrəli xidmət müqaviləsi “Azəriqaz” İB-nin 14-2-2/3-5-1405 saylı xx.xx.2023-cü il tarixli məktubu əsasında Abşeron rayonunda yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasına məxsus 1 ədəd turbin tipli G65 markalı 908345 nömrəli qaz sayğacının Dövlət yoxlamasından keçirilməsi və quraşdırılması ilə əlaqədar sifarişçi və icraçı arasında olan münasibətləri tənzimləyir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən qanunvericiliyə uyğun müəyyənləşdirilmiş formada icraçının göstərdiyi bank hesabına 991,05 manat (ƏDV daxil) ödəmə aparır.

13. "xxxx" QSC və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0368 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 28 ədəd LoraWan markalı smart ötürücü cihazın bu müqavilənin şərtlərinə əsasən satır. Alıcı isə malı alır. Hər bir malın dəyəri ƏDV daxil 97 manat 94 qəpik olmaqla, cəmi ƏDV daxil 2742,32 manat məbləği bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

14. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən cavabdehin adından qaz çəkilişi ilə əlaqədar olaraq 2742,32 manat məbləğində "xxxx" QSC-yə vəsait ödənilmişdir.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh (nümayəndəsi İddiaçı) müəssisəyə ƏDV daxil 350 manat borcu vardır.

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-18-3/2-Q-5-42/23 nömrəli məktubdan görünür ki, ünvan 1ində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qaz təchizatının Agentliyə təqdim olunmuş layihə sənədinə (Sifariş №371xx-xx-01806-QT) verilmiş müsbət ekspertiza rəyi (**-LS-***5-2023) təsdiq olunmuş və layihə 19 yanvar 2023-cü il tarixdə 06/032/06-S nömrə ilə qeydiyyata götürülmüşdür.

17. "xxxx" MMC tərəfindən verilmiş E/R/6 nömrəli **-LS-***5-2023 nömrəli təhlükə potensiallı obyekt olan qaz təsərrüfatının layihələndirilmə sənədinin texniki təhlükəsizliyinə dair ekspertiza rəyindən görünür ki, ünvan 1ində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılmasına dair (Sifariş № 371xx-xx-01806-QT) layihə sənədini texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun hesab edilir.

18. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh (nümayəndəsi İddiaçı) müəssisəyə ƏDV daxil 5900 manat borcu vardır.

19. "xxxx" QSC (icraçı) ilə iddiaçı (sifarişçi) arasında bağlanmış 24 noyabr 2022-ci il tarixli qaz təchizatı layihəsinin hazırlanması üçün müqaviləyə əsasən icraçı tərəfindən 371xx-xx-01806 saylı sifariş əsasında Abşeron rayonu, Masazır kəndi ünvfanında yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması layihəsinə dair layihənin işlənməsi üçün sifarişçi icraçının bu müqavilənin 5-ci bəndində göstərilən "xxxx" ASC-dəki hesablaşma hesabına ƏDV daxil olmaqla 5900 manat məbləğində vəsait ödəməlidir.

20. “Azəriqaz” İB ilə cavabdeh (nümayəndəsi olan İddiaçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və onun əlavəsinə əsasən qaz sayğacının dövlət yoxlamasından keçirilməsi üçün – 111,46 manat, qaz sayğaclarının quraşdırılması üçün – 703,20 manat, sayğacın yerinə quraşdırılması üçün – 25,21 manat, ümumilikdə ƏDV daxil olmaqla 991,05 manat ödənilməlidir.

21. xx.xx.2023-cü il tarixli BPM**********37 nömrəli mədaxil qəbzindən görünür ki, cavabdehin adından etibarnamə üzrə nümayəndə tərəfindən “Azəriqaz” İB-nin hesabına qaz sayğacının dövlət yoxlamasından kecirilməsi və quraşdırılması üçün 992,05 manat məbləğində pul köçürülmüşdür.

22. “Azəriqaz” İB tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli 37170 nömrəli qaz təchizatı üçün texniki şərtdən görünür ki, Cavabdeh müraciəti əsasında ünvan 1i ünvanında yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasında müvafiq qurumlar tərəfindən təsdiqlənmiş işçi layihənin memarlıq həlli hissəsində nəzərdə tutulan mənzillərin sayı qədər quraşdırılacaq qaz sayğacları “Azəriqaz” İB tərəfindən ödənişsiz təmin olunacaqdır.

23. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 35 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus ünvan 1ində yerləşən 28 mənzilli çoxmərtəbəli yaşayış binasına 371xx-xx-01806-QT saylı texniki şərt və layihə əsasında binanın giriş hissəsinə nəzərdə tutulmuş G 65 markalı bir ədəd qaz sayğacı və bir ədəd sayğac üçün qutu borc olaraq verilir. Ödənilməli məbləğ ümumilikdə 5000 manat təşkil edir.

24. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir: 14000 manat əsas borcun ödənilməsi; 1000 manat əldən çıxmış faydanın ödənilməsi; 2000 manat mənəvi zərərin ödənilməsi.

25. Məhkəmə ilk öncə iddia tələblərinin birinci hissəsinə münasibət bildirməyi zəruri hesab edir.

26. Belə ki, məhkəmə araşdırması zamanı işin araşdırılan hallarından, habelə iddiaçının özünün izahatlarından müəyyən edilmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi imzalanmış, iddiaçı cavabdehə məxsus daşınmaz əmlakın qazlaşdırılması işləri ilə əlaqədar onun nümayəndəsi kimi çıxış etmişdir. Hazırda iddiaçı çəkdiyi və çəkməli olduğu xərclərin cavabdehdən ödənilməsini tələb edir.

27. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.

28. Belə ki, materiallardan görünür ki, iddiaçı cavabdehin nümayəndəsi olaraq xx.xx.2023-cü il tarixdə qaz çəkilişi ilə əlaqədar olaraq 2742,32 manat məbləğində "xxxx" QSC-yə vəsait ödəmiş, xx.xx.2023-cü il tarixdə isə “Azəriqaz” İB-nin hesabına qaz sayğacının dövlət yoxlamasından kecirilməsi və quraşdırılması üçün 992,05 manat məbləğində pul köçürmüşdür.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

30. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

31. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

32. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının çəkdiyi xərclərin əvəzi olaraq ümumilikdə 3934,37 manat (2742,32 manat + 992,05 manat) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Belə ki, iddiaçı izahatında G 65 markalı bir ədəd qaz sayğacı və bir ədəd sayğac üçün qutunun borc olaraq cavabdehə verildiyini, buna görə ödənilməli məbləğin ümumilikdə 5000 manat təşkil etdiyini göstərsə də, məhkəmə hesab edir ki, həmin sayğac iddiaçıya deyil, cavabdehə təhvil verilmiş, vəkalət alan şəxs olaraq iddiaçı vəkalət verənin öhdəliklərinə görə də məsuliyyət daşımır.

35. Bundan əlavə, iddiaçı onun tərəfindən əlavə xərclərin çəkildiyini bildirmiş, lakin bunu təsdiq edən sənədləri (ödənişlər qeyri-rəsmi şəkildə edildiyi üçün) məhkəməyə təqdim edə bilməyəcəyini bildirmiş, bununla da MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsini icra edə bilməmişdir.

36. Məhkəmə iddia tələblərinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

37. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

40. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

41. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

42. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

43. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

44. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

46. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

47. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

48. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

49. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

51. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

52. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

53. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

54. Məhkəmə iddia tələblərini mənəvi ziyanın tələb edilməsi hissəsində də əsassız hesab edir.

55. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

56. Belə ki, işin araşdırılan halları ilə cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halı müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, 2000 manat mənəvi ziyanın tutulması barədə iddia tələbi də təmin edilməməlidir.

57. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3934,37 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

60. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3934,37 (üç min doqquz yüz otuz dörd manat otuz yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar