Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4223/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəymiş zərərin ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44225 (qırx dörd min iki yüz iyirmi beş) manat pul vəsaiti və ödənilmiş 223 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 06/4255/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 01 ədəd “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür, lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə 32 ay müddətinə bağlanmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. Müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. Müqavilənin 8.1-ci bəndinə əsasən təhvil-təslim aktına əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti maliyyə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin itirilməsi (məhv olması), digər çatışmazlıqlar və ya zədələnmə risklərindən lizinq obyektinin ümumi dəyərindən az olmayan miqdarda lizinq alan tərəfindən onun vəsaiti hesabına sığortalanır. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən sığorta müqaviləsi lizinq verənin seçdiyi sığorta şirkətində sığortalanır və sığortalı və faydalanan şəxs qismində lizinq verən göstərilir və bütün risklər üzrə fayda götürən lizinq verən hesab edilir. Avtomobil kasko sığorta olunmuş və sığorta olunduğu tarixdən sonra xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin razılığı əsasında 23000 manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 manat hissəsi xx.xx.2023-ci il tarixdə lizinq müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 manat məbləğ isə xx.xx.2023ci il tarixdə iddiaçının “RabitəBank”-da olan hesabına köçürülmüşdür. Köçürülməli məbləğin 5775 manat deyil, maşının borca görə silinməli məbləği çıxılmaqla qalan bütün məbləği olmalı olduğu halda, 49500-17225=32275 manat edilməli olduğunu və bununla da, 32275-5775= 26500 manat az pulun iddiaçıya köçürüldüyünü nəzərə alaraq, həm "xxxx" ASC-yə, həm də Cavabdeh MMC-yə qarşı iddia qaldırılsa da, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü ildə e-2-2(113)-6477/2024 saylı qətnaməsi ilə iddia sığorta pulu ilə əlaqədar subyektiv hüququnun olmamasına görə təmin edilmədi. Həmin qətnamədən apellyasiya şikayəti verilmədi. Belə ki, qətnamədən göründüyü kimi, maşını sığortalayan iddiaçı yox, Cavabdeh MMC olmuşdur. Faydalanan şəxs də buna görə iddiaçı yox, Cavabdeh MMC, yəni maşını iddiaçıya lizinqə verən olubdur. Buradan göründüyü kimi, lizinq şirkəti sığorta təşkilatından özü istədiyi qədər, yəni 23000 manat almış və aldığı pulun 5775 manatını iddiaçıya vermiş, qalanını isə maşının qəzadan sonrakı dövr üzrə borcuna silmişdir. Lizinq şirkəti bundan sonra maşının iddiaçıya məxsusluğu barədə arayış, lizinq şirkətinə borcun olmaması barədə arayış vermiş, lakin həmin vaxtdan maşını bərpa etməmiş və nə maşını iddiaçıya verməmiş, nə də maşına görə lizinq şirkətinə ödənilən pulu qaytarmamışdır. Bir halda ki, lizinq şirkəti kasko sığorta etdirdiyi maşını bərpa edib qaytarmayıb, iddiaçının sığorta şirkətinə qarşı ödənmiş sığorta pulunun azlığından narazılığıla əlaqədar qaldırılan iddia subyektiv hüququn lizinq şirkətinə məxsus olması əsası ilə subyektiv hüququmun olmamasına görə rədd edilib, lizinq şirkəti isə sığorta pulunun azlığı ilə əlaqədar sığorta şirkətinə qarşı iddia qaldırmayıb, onda lizinq müqaviləsinə görə maşının dəyəri kimi qeyd edilmiş müqavilədə göstərilən 50000 manat (faizlər çıxılmaqla, məhz maşının dəyəri) məbləğdən mənə ödədikləri 5775 manatı çıxıb, qalan məbləği, yəni 50000-5775=44225 manat cavabdehdən tutulmalı və ya lizinq şirkəti həmin maşını saz vəziyyətdə iddiaçıya qaytarılmalıdır. Maşının yanaraq tam məhv olduğunu, bərpasının mümkün olmadığını nəzərə alaraq maşının lizinqə götürülərkən satış dəyəri olan 50000 manatdan ödənilmiş 5775 manat çıxılmaqla, qalan məbləğin, yəni 44225 manatın cavabdehdən tutulması tələb edilir. Bununla bağlı könüllü mediasiya keçirildi, lakin cavabdeh qeyd edilən məbləği ödəməkdən imtina etdi.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747.2, 747.3, 748-1, 748-2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "Xəzər Lizinq” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "Ford Mustang" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avotmobil müqavilənin şərtlərinə və tərtib olunmuş təhviltəslim aktına əsasən xx.xx.2021-ci tarixindən İddiaçı istifadəsinə verilmişdir. Beləliklə, avtomobil kasko sığorta olunmuş və sığorta olunduğu tarixdən sonra xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi xx.xx.2023-cü il tarixdə lizinq müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğ isə xx.xx.2023-ci il tarixdə iddiaçının “RabitəBank”-da olan hesabına köçürülmüşdür. Belə olan halda maşının yanaraq tam məhv olduğunu, bərpasının mümkün olmadığını nəzərə alaraq, "xxxx" ASC tərəfindən ödənilmiş 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi "Xəzər Liziq” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən yaranmış borca silinmişdir. Tərəflər arasında bağlanmış 11,08.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı maliyyə lizinqi müqaviləsinin 4.4.8-ci bəndinə əsasən sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması quraşdırılması və istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması,yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımağı razılaşdırılmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. Müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, lizinq verən qismində Cavabdeh MMC ilə lizinq alan qismində İddiaçı arasında xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinə əsasən lizinqə verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əladə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2017-ci il buraxılışlı olan, “Ford Mustang” minik markalı, mühərrik, ban nömrəsi 1FA6P8TH6J5122765 olan nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür; 3.1-ci bəndinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 32 ay müddətində bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir; 4.1.6-cı bəndinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə «lizinq alan»ın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq alan tərəfindən ödənilməsini tələb etmək lizinq verənin hüququdur; müqaviləsinin 4.4.8-ci bəndinə əsasən sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması quraşdırılması və istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması,yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımaq lizinq alanın vəzifəsi kimi müəyyən edilmişdir; 5.1-ci bəndinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir; 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. 6.3cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadə zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır; Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
8. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə məxsus “Ford Mustang” markalı, 1FA6P8TH6J5122765 şassi, mühərrik, **-AX-*** qeydiyyat nişanlı avtomobil müştəriyə təhvil verilmişdir. Akt tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli iltizamın məzmunundan müəyyən edilir ki, İddiaçı tərəfindən lizinq predmetinin könüllü təhvil verilməsi və ya Cavabdeh MMC tərəfindən lizinq predmetinin birtərəfli qaydada götürülməsi halında Cavabdeh MMC-yə qarşı istər həmin anda, istərsə də sonradan heç bir iddia və tələbinin olmaması barədə üzərinə öhdəlik götürmüşdür.
10. ”Atəşgah” Sığorta Şirkəti tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nqəliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, sığorta məbləği 50000 manat, sığorta haqqı 1300 manat və hər bir itki və zərər üzrə şərtsiz azadolma 500 manat nəzərdə tutulmuşdur.
11. xx.xx.2021-ci il tarixli, 016971 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, **-AX-*** dövlət qeydiyyat nişanlı, “Ford Mustang minik” markalı, göy metallik rəngli nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir.
12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq 27000 manat kasko sığorta ödənişinin 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmənin mövqeyi
15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "Xəzər Lizinq” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "Ford Mustang" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avotmobil müqavilənin şərtlərinə və tərtib olunmuş təhvil-təslim aktına əsasən xx.xx.2021-ci tarixindən İddiaçı istifadəsinə verilmişdir. Avtomobil kasko sığorta olunmuş və sığorta olunduğu tarixdən sonra xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi xx.xx.2023-cü il tarixdə lizinq müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğ isə xx.xx.2023-ci il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Maşının yanaraq tam məhv olduğunu, bərpasının mümkün olmadığını nəzərə alaraq, "xxxx" ASC tərəfindən ödənilmiş 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən yaranmış borca silinmişdir.
16. İddia tələbini Cavabdeh MMC-dən dəymiş zərərə görə 44225 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması təşkil edir.
17. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin şərtlərini, müqavilə ilə lizinq alan və lizinq verənin öz üzərlərinə götürdükləri öhdəlikləri, Azərbaycan Respublikası qanunvericiliyinin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 6.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadə zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Eləcə də MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd olunanlar nəzərə alınaraq belə nəticəyə gəlinir iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
18. Eləcə də, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova