Məhkəmə qərarları › İş №e-2-2(113)-4229/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4229/2025

24.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4229/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əlaqəli hüquqların müdafiəsi və kompensasiya” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: müəlliflik və əlaqəli hüquqların pozulması, əldən çıxmış fayda Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Audiovizual Şurası və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələbirəli sürməyən üçücü şəxs qismində cəlb edilməklə) “əlaqəli hüquqların müdafiəsi və kompensasiya” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X5” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ “X1 Limited” Şirkətinə (bundan sonra EBEL) məxsusdur, sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavələrə əsasən həmin hüquq xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçıya verilmişdir.

2. İddiaçı ilə EBEL arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sonuncu iddiaçıya Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ, o cümlədən iddiaçının aldığı hüquqları tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququ vermişdir.

3. İddiaçı ilə EBEL arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə 2 nömrəli əlavəyə əsasən EBEL lisenziya sahibləri ilə bağlanmış müvafiq lisenziya müqavilələri əsasında müvafiq mövsümlərdə Azərbaycan Respublikasının ərazisində qeyd olunan idman yarışlarının kanallar (Seriya A, Liqa 1, X6, NBA, Formula 1, X2 Liqası, X9, La liqa, Bundesliqa, WTA, NHL, ATp Masters 1000, ATP Finalları, ATP 500, ATP 250 Pool, Next Gen ATP Finalları və ATP Uncovered, Hollandiya Liqası, Avroliqa, X7 Liqası, UFC, X3, EFL) vasitəsilə yayım hüququna malikdir. Əlaqəli hüquqlar (kanallar vasitəsi ilə yayım hüquqları) “X1 Limited” şirkətinə aid yuxarıda sadalanan idman yarışları Azərbaycan Respublikası ərazisində Setanta Sports 1 və Setanta Sports 2 kanalları vasitəsi ilə təqdim olunur. Tərəflər arasında bağlanmış müqaviləyə və bu əlavəyə əsasən iddiaçı eksklyuziv distrbyutor olaraq xx.xx.2023-cü il tarixindən müqavilənin qüvvədə olduğu tarixinədək həmin kanalların yayım hüquqlarının satışını və müəllif hüquqlarının qorunmasını həyata keçirir.

4. İddiaçı ilə EBEL arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əlavə olan 2 saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti xx.xx.2023xx.xx.2025-ci il tarixədək uzadılmışdır.

5. İddiaçı ilə EBEL arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əsasən Setanta Sports 1 və Setanta Sports 2 kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ İddiaçı MMC-yə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, EBEL Operatora icazə (lisenziya ) verir ki, kanalı qəbul edib abunəçilərə yayımı həyata keçirir. 1.2-ci bəndinə əsasən, Operator EBEL ilə əvvəlcədən razılaşdırmaq şərti ilə EBEL-dən aldığı kanal hüquqlarını qismən və ya tam şəkildə fiziki və ya hüquqi şəxslərə ötürmək hüququna (sub-lisenziya) hüququna malikdir.

6. Azərbaycan Respublikası Audiovizual Şurasının iddiaçıya ünvanladığı 02 may 2025-ci il tarixli, 3-49/2-312/2025 saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı və platforma operatoru lisenziyasından irəli gələn fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq Şura tərəfindən tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

7. Azərbaycan Respublikası Audiovizual Şurasının Cavabdehnə ünvanladığı 02 may 2025-ci il tarixli, 3-49/2-312/2025 saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı, monitorinqlər nəticəsində Cavabdeh MMC-nin “Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə İddiaçı MMC-nin hüquqlarının pozulduğunun təsbit olunduğu, qısa müddət ərzində platforma operatoru lisenziyasından irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirməyi, yəni, yalnız buna hüquq verən sənədlərin (lisenziya, razılıq, icazə, müqavilə və s) mövcudluğu halında xarici televiziya kanalının retranslyasiyasını aparılması tələb olunmuş, əks təqdirdə Şura tərəfindən qanunvericiliyə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

8. İddiaçı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə Audiovizual Şuraya müraciət edib yuxarıda adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu "xxxx" Şirkəti tərəfindən ona verildiyinə istinad edərək Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” ("xxxx") Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində qanunsuz yayımlandığını və bununla da iddiaçıya məxsus hüquqların pozulduğunu bildirmişdir. Müraciətə Şuranın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... Cavabdeh MMC ... tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. Azərbaycan Respublikası Audiovizual Şurasının iddiaçıya ünvanladığı 05 may 2025-ci il tarixli, 3-49/2-340/2025 saylı məktubunda qeyd edilmişdir ki, Həmçinin bildiririk ki, Audiovizual Şura tərəfindən operatorlara göndərilmiş 02 sentyabr 2024-cü il tarixli məktuba qoşma edilmiş 5-ci Əlavə artıq təqdim olunmur. Belə ki, həmin əlavəyə görə bir sıra idman kanalları (“МАТЧ! ФУТБОЛ “МАТЧ! ФУТБОЛ “МАТЧ! ФУТБОЛ 3: “МАТЧ! ПРЕМЬЕРА”, “МАТЧ! ИГРА", “МАТЧ! АРЕНА”, “МАТЧ! СТРАНА”, “МАТЧ!”) retranslyasiya paketlərinə о şərtlə daxil oluna bilərdi ki, həmin anallarda yayımlanan idman oyunlarının (xüsusən futbol oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım və ya retranslyaşiya hüququ müstəsna və ya geyri-müstəsna olaraq hər hansı bir subyektə məxsus olmasın. Lakin keçən dövr ərzində operatorlar tərəfindən bu ıstiqamətdə ciddi pozuntular qeydə alınmışdır. Həmçinin, bir sıra beynəlxalq idman yarışlarının Azərbaycanda yayım hüququnun sahibi olan “EBEL" şirkətinin rəsmi nümayəndəsi olan İddiaçı MMC həmin operatorları məhkəməyə vermişdir. Bu səbəbdən, bundan sonra qevd olunan idman kanallarının “pirat” retranslyasiyasını həyata keçirən operatorlar Audiovizual Şura tərəfindən ciddi tədbirlərə məruz qalacaqlar.

10. İddiaçı ilə “ATV”+ arasında aylıq ödəniş 20000 manat olmaqla kanal yayımı barədə xx.xx.2024-cü il tarixində 3 saylı sublisenziya sazişi bağlanmışdır.

11. İddiaçı ilə "xxxx" MMC arasında kanal yayımı barədə xx.xx.2024-cü il tarixində 1 saylı sublisenziya sazişi bağlanmışdır.

12. Cavabdehlə "X8” QSC arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 1100-04- 22/07-471 nömrəli İP TV Xidmət üzrə müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə “X8” QSC tərəfindən standartlara uyğun Rəqəmsal TV platformasının “AZT”-ə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

13. İddiaçı ilə “X8” QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 8 nömrəli Sublisenziya sazişinin 2.2-ci bəndinə əsasən Sublisenziat Kanalı və ya Kanalda olan proqramları nə yenidən sata, nə onlara əlavə sublisenziya verə, nə də nümayiş etdirə, nə icazə və ya lisenziya verə, habelə Kanalın və ya Kanalda olan proqramların Sistemdən başqa hər hansı cari və ya gələcəkdə yaradılacaq vasitələrlə yayılmasına icazə verə bilməz. Bu Müqaviləyə əsasən, Sublisenziar tərəfindən Sublesenziata açıq-aşkar verilməyən bütün hüquqlar Sublisenziar tərəfindən qorunub saxlanılır.

14. Həmin sazişin 3.3-cü bəndinə əsasən Sublisenziat Kanala girişin yalnız müvafiq abunə haqqını tam ödəyən Abunəçilərə icazə verilməsini təmin etmək üçün bütün mühüm tədbirləri görməlidir. Sublisenziat başqalarına Kanalın hər hansı hissəsini köçürməyə, qeydə almağa, yaddaşda saxlamağa, təkrar nümayişə və ya digər şəkildə təkrar istehsal etməyə icazə verə bilməz və verməməlidir. X4 hər hansı bir hissəsinin icazəsiz surətinin çıxarılması, qeydə alınması, yaddaşda saxlanması, təkrar ötürülməsi və ya istifadəsindən xəbərdar olarsa, o, Sublisenziarı dərhal xəbərdar etməli və Sublisenziranın bütün sorğuları ilə bağlı onunla əməkdaşlıq etməli və bu cür fəaliyyəti dayandırmaq üçün bütün lazımi tədbirləri görməlidir. Sublisenziat başqalarına Sistemdən savayı Kanalı almağa, yaymağa və ya göstərməyə icazə verə bilməz və verməməlidir.

15. İddiaçı MMC ilə “X8” QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 8 nömrəli Sublisenziya sazişinə xx.xx.2024-cü il tarixli, 02 saylı Əlavə Razılaşma ilə müqavilə üzrə müddət xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən 03 saylı Əlavə Razılaşma ilə xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixli 04 saylı Əlavə Razılaşmaya əsasən isə xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cavabdeh İXM-nin 381.11 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 manat cərimə edilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

17. İddiaçı "xxxx" MMC tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikasının ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X5” idman yarışlarının (oyunlarının) 2025-ci ilin aprel ayında qanunsuz yayımlanması nəticəsində vurulmuş əldən çıxmış fayda qismində zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun, eləcə də ödənilmiş 120 manat dövlət rüsumunun "xxxx" MMC-nin hüquqi varisi olan cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

18. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən aşağıda qeyd olunan lisenziyalı idman yarışlarının yayım hüquqlarının EBEL-ə məxsus olduğu təsdiq edildiyindən sözügedən Şura tərəfindən Azərbaycan Respublikası ərazisində xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən operatorlara (siyahı üzrə), o cümlədən hazırkı iş üzrə cavabdehə ünvanlanmış 12 iyun 2023-cü il tarixli, 092/G-2023 nömrəli məktubda Azərbaycan Respublikasının Audiovizual Şurasına EBEL şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışlarının (futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X5” yarışlarının oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun EBEL-ə (“Setanta Sports”) məxsus olmasına dair müvafiq məlumatlar cavabdehə verilməklə yanaşı, cavabdehdən platforma və multipleks operatoru olaraq yuxarıda sözügedən idman yarışlarının yayımının dayandırılması tələb olunmuş əks təqdirdə ona qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi bildirilmişdir. İddiaçı ilə EBEL arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və xx.xx.2025-ci il tarixinədək qüvvədə olan “Yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən EBEL-ə məxsus yuxarıda sözügedən lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqlarını iddiaçıya verilmişdir. Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, aidiyyatı dövlət orqanının yuxarıda sözügedən xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçı tərəfindən yayım hüquqları EBEL-ə (Azərbaycan Respublikasının ərazisində "ADRESCON” MMC-yə) məxsus olankontentləri ООО "Национальный Спортивный Телеканал” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitələri ilə yuxarıda sözügedən idman yarışlarını buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də iddiaçıya aid TvinTvoperatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə də nəticələnmişdir. Onu da qeyd etməyi zəruri hesab edirik ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli 3(004)-747/2025 saylı qərarı ilə cavabdeh Az.Res.İXM-nin 381.11-ci (Media haqqında qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hüquq sahibinin müvafiq icazəsi olmadan yuxarıda göstərilən yayımın qanunsuz retranslyasiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, bu əməli törədən hüquqi və ya fiziki şəxslər (fərdi sahibkarlar) "Müəllif hüququ və əlaqəli hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə də cəlb olunurlar. Yuxarıda göstərilənlərlə yanaşı iddiaçı tərəfindən müvafiq pretenziya ilə cavabdehə müraciət olunaraq həmin pretenziyanın aldındığı gündən ən geci 3 gün ərzində yuxarıda göstərilən idman yarışlarının yayımının hüquq sahibi olan EBEL-in (Azərbaycan Respublikasının ərazisində "ADRESCON” MMC-yə məxsus olan) Beynəlxalq və milli qanunvericilik aktları ilə təsbit olunan və qorunan hüquqlarının təmin edilməsi, bununla da ООО "Национальный Спортивный Телеканал” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 cavabdeh"AZTELEKOM” MMC-yə aid TvinTvoperatoru vasitəsi ilə yayımının dayandırılmasının təmin edilməsi xahiş olunsa da cavabdeh sözügedən pretenziyada göstərilən tələbə, eləcə də ona ünvanlanmış 06/23 saylı, 20 oktybar 2023-cü il tarixli məktubda göstərilən xahişə əhəmiyyət verməyərək hazırkı vaxtadək qanunsuz retranslyasiya etdiyi yayımın dayandırılmaısnı təmin etməmişdir. xx.xx.2025-ci il tarixində AVİS vasitəsilə cavabdehə hazırkı iddia ərizəsinə əlavə olunan tələblərlə yeni pretenziya ünvanlanmış, lakin lakin cavabdeh sözügedən pretenziyada göstərilənlərə əməl etməməklə yanaşı qeyd olunan pretenziyanının cavablandırılmasını təmin etməmişdir.

19. Həmçinin, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə əriəsində qeyd etmişdir ki, “14” may 2025-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4229/2025 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC hüquqi varisi cavabdeh ilə əvəz edilmişdir. Yaranmış əsaslarla əlaqədar hazırda yuxarıda göstərilən iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikasında yayım hüquqları iddiaçıya məxsus olan müxtəlif lisenziyalı beynəlxalq idman yarışları (futbol üzrə X6, İtaliya Seria A, Fransa Liqa 1, Almaniya Bundesliqa, NHL, UFC, Bellator, NBA, Avropa Liqası, Formula 1, X5 və s.) "xxxx" MMC tərəfindən heç bir lisenziya və müqavilə əsası olmadan qanunsuz olaraq yayımlanmışdır. "xxxx" MMC tərəfindən qanunsuz yayımın həyata keçirilməsi nəticəsində iddiaçı hüququ pozulmasaydı, qanuni yayım hüquqlarından istifadə edərək adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq əldən çıxmış fayda qismində zərər hesab olunur. İş materiallarına əlavə olunmuş iddiaçı ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələri ilə mübahisəsiz qaydada müəyyən olunur ki, yuxarıda göstərilən idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15.000 manat təşkil edir. Nəticədə "xxxx" MMC-nin həyata keçirdiyi qanunsuz yayım nəticəsində iddiaçı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi aylıq 15.000 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. Bu baxımdan iddiaçının cavabdehdən yalnız ona vurulmuş 1 aylıq (2025-ci ilin aprel ayı) zərərin əvəzini tələb etməsi, o cümlədən tələb olunan həmin zərər məbləğinin də aylıq vurulmuş zərər məbləğindən daha az miqdarda (10.000 manat) olması iddiaçının direktorunun humanist mövqe nümayiş etdirməsinin bariz göstəricisidir. "xxxx" MMC tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikasının ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X5” idman yarışlarının (oyunlarının) 2025-ci ilin aprel ayında qanunsuz yayımlanması nəticəsində iddiaçıya vurulmuş əldən çıxmış fayda qismində zərərin əvəzində 10.000 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul "xxxx" MMC-nin hüquqi varisi Cavabdehdən tutulmalıdır.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

20. Cavabdeh yazılı etirazında bildirmişdir iddiaçı ilə EBEL arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və xx.xx.2025-ci il tarixədək qüvvədə olan “Yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən EBEL-ə məxsus lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqları iddiaçıya verilmişdir. İddiada o da qeyd olunmuşdur ki, aidiyyəti dövlət orqanının xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən yayım hüquqları “EBEL-ə (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə) məxsus olan kontentləri OOO "Национальный Спортивный Телеканал” şirkətinə, aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitəsilə yuxarıda sözügedən idman yarışlarını buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də "xxxx" MMC-yə aid televiziya operatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla iddiaçının qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Sözügedən kanalların yayımı iddiaçı ilə "xxxx" QSC arasında olan mövcud müqavilə ilə tənzimlənir. "xxxx" MMC isə "xxxx" QSC ilə bağlanmış 01,06.2023-cü il tarixli 3 nömrəli müqavilə ilə "xxxx" QSC tərəfindən yayımlanan kanalların satışını həyata keçirir. Həmin müqavilənin 1.1 -ci bəndinə əsasən, bu müqavilə “X8” tərəfindən standartlara uyğun RƏQƏMSAL TV platformasının (bundan sonra “Platforma" adlandırılacaq”) “Az-Evro Tel" MMC-yə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Həmin müqavilənin 2.1.1 və 2.1.3-cü bəndlərində qeyd edilənlərə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində RƏQƏMSAL TV xidməti üzrə ərazilərdə satışların həyata keçirilməsi və satışdan əldə edilən gəlirin müvafiq hissəsini "Az-Evro Tel” MMC-nin öhdəliyi hesab edilir. Yuxarıda qeyd edilən (qoşmaya əlavə olunur) müqaviləyə əsasən, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş müvafiq, o cümlədən iddia ərizəsində adları qeyd edilən kanalların daxil olduğu kanallardan ibarət RƏQƏMSAL TV Platforması yalnız satışını həyata keçirir. Həmin xidmətin özü ilə bağlı bütün iqtisadi texniki və hüquqi münasibətlər isə artıq "xxxx" tərəfindən tənzimlənir. Müqavilədən də məlum olduğu kimi “Az-Evro Tel" MMC-nin sözügedən kanallarla bağlı müqavilə bağlama səlahiyyəti və ya öhdəliyi mövcud deyildir. Müqavilənin predmeti olan xidmətin göstərilməsi üçün "xxxx" MMC-nin yalnız müvafiq lisenziyasının olması tələb edilir ki, bu da müqavilənin 2.2.6-cı bəndində göstərilmişdir. Bundan əlavə, iddiada qeyd edilənlərlə bağlı onu da bildiririk ki, iddiaçı yayım hüquqlarının həqiqətən də onlara məxsus olduğunu təsdiq edən sübutları (müqavilələrin tərcümə-təsdiq variantları) yalnız məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə birlikdə təqdim etmiş, məhkəməyəqədər mərhələdə olan "xxxx" MMC-yə müraciəti zamanı hər hansı belə sənədi təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

9. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişlər.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu:

15. Maddə 35. Verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək; öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi; verilişin yazılmasını yaymaq.

16. Maddə 45, 1-ci hissə. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

17. Maddə 45, 1-ci hissə. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

18. Maddə 45, 5-ci hissə. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.

“Media haqqında” Qanunun

19. Maddə 1.1.21. Platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.

20. Maddə 32.4. Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir.

21. Maddə 32.8. Platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.

22. Maddə 38.1. Proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Audiovizual Şuraya təqdim edilməlidir.

23. Maddə 38.2. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

29. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

30. Məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi zəruridir. Çünki subyektiv hüquq, hüquq normalarına əsaslanmaqla konkret bir şəxsə (subyektə) məxsus olan, qanunun onun üçün tanıdığı hədlər daxilində hüquq və vəzifələrini həyata keçirməyə, nəyisə tələb etməyə, həmin hədlər çərçivəsində özünü başqalarının hüquq pozuntusundan dövlətin müəyyən etdiyi hüquqi mexanizmlərdən istifadə etməklə müdafiə etməyə imkan verən hüquqi səlahiyyətdir. Subyektiv hüququn mövcudluğu iddianın əsaslılığına bir başa təsir göstərən şərtlərdəndir.

31. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsi müəlliflik hüququnu tanıyır və bütün şəxslərin müəlliflik hüquqlarının qorunmasına təminat verir (Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. AR Konstitusiyasının 30-cu maddənin İ və İİ hissəsləri).

32. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı ilə EBEL arasında xx.xx.2023-cü il tarixli “Kanalın yayımı barədə” müqavilə bağlanmış (sonradan bu müqaviləni müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır) və həmin müqaviləyə əsasən EBEL özünə məxsus olan İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X5” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ iddiaçıya vermişdir.

33. Həmçinin, Azərbaycan Respublikası Audiovizual Şurasının Cavabdehnə ünvanladığı 02 may 2025-ci il tarixli, 3-49/2-312/2025 saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı, monitorinqlər nəticəsində Cavabdeh MMC-nin “Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə İddiaçı MMC-nin hüquqlarının pozulduğu qeyd edilmişdir.

34. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının EBEL-lə aralarında xx.xx.2023cü il taridə bağlanmış “Kanalın yayımı barədə” müqaviləyə əsasən iddiaçı Seriya A, Liqa 1, X6, NBA, Formula 1, X2 Liqası, X9, La liqa, Bundesliqa, WTA, NHL, ATp Masters 1000, ATP Finalları, ATP 500, ATP 250 Pool, Next Gen ATP Finalları və ATP Uncovered, Hollandiya Liqası, Avroliqa, X7 Liqası, UFC, X3, EFL kimi kanalların Azərbaycan Respublikası ərazisində yayımı hüququna malik olan yeganə şəxs olmuşdur. İddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olması növbəti addım kimi onun dəymiş zərərin ödənilməsi barədə tələbinə hüquqi qiymət verməyə imkan verir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər.

35. Dəymiş zərərin ödənilməsi tələbinə gəldikdə, istər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu, istərsə də “Media haqqında” AR Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Yayım təşkilatının isə verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüququ, o cümlədən öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi hüququ vardır. Yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsini, yəni retranslyasiyasını həyata keçirən platforma operatoru ilə proqramın müəllifi və ya xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlanmalı, bağlanmış müqavilənin surətini isə Audiovizual Şuraya təqdim edilməlidir. Belə ki, “Media haqqında” Qanunun 43.1, 46-cı maddələrinə əsasən Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti Audiovizual Şura həyata keçirir və platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında bağlanmış müqaviləni, retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını Audiovizual Şuraya təqdim etməlidir

36. İşin şərh olunan hallarında da göründüyü kimi, qeyd edilən kanalların yayım hüququnun EBEL-ə məxsus olduğu idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımının tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququnun verildiyi iddiaçı hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüquqa malikdir və həmin idman yarışlarının retranslyasiyasını həyata keçirən bütün hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlamalı, cavabdeh müqavilə ilə tərəfin müəyyənləşdirdiyi həcmdə qonorar ödəməli idi. Lakin cavabdeh iddiaçı ilə belə bir müqavilə bağlamamışdır. Bu halda isə, iddiaçının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə uyğun olaraq tələb hüququ yaranmışdır.

37. Həmin müddəadan görünür ki, qanun hüquq sahibinə (müəllifə və ya əlaqəli hüquq subyektinə) ona dəymiş zərərin bir neçə üsulla ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Bunlara daxildir: real zərərin ödənilməsi üsulu (45-ci maddənin 1-ci hissəsi); zərərin kompensasiya edilməsi üsulu (45-ci maddənin 2-ci hissəsi); məhv etmə və ya müsadirə üsulu (45-ci maddənin 3 və 4-cü hissələri) və əldən çıxmış faydanın tələb edilməsi üsulu (45-ci maddənin 5-ci hissəsi).

38. İddiaçı da cavabdehin hərəkəti nəticəsində ona dəymiş zərəri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu 45-ci maddənin 5-ci hissəsinə uyğun olaraq tələb edir. Yəni, iddiaçı hüquq pozuntusuna yol verən cavabdehdən müəlliflik hüququ obyektinə dair digər şəxslərlə bağlayacağı müqavilələr əsasında əldə edə biləcəyi gəlir (qonorar) formasında dəymiş zərərin ödənilməsini tələb edir (əldən çıxmış fayda üsulu).

39. İddiaçı tələbinin həmin hissəsini iddia ərizəsinə dəqiqləşdirmə verməklə belə əsaslandırmşdır ki, digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələri ilə mübahisəsiz qaydada müəyyən olunur ki, idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15000 manat təşkil edir. Nəticədə "xxxx" MMC-nin həyata keçirdiyi qanunsuz yayım nəticəsində iddiaçı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi aylıq 15000 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. İddiaçının cavabdehdən yalnız ona vurulmuş 1 aylıq (2025-ci ilin aprel ayı) zərərin əvəzini tələb etməsi, o cümlədən tələb olunan həmin zərər məbləğinin də aylıq vurulmuş zərər məbləğindən daha az miqdarda (10000 manat) olması iddiaçının humanist mövqeyindən irəli gəlir.

40. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilə üzrə "xxxx" MMC tərəfindən 2025-ci ilin yanvar – may ayları ərzində cəmi 118000 manat (müxtəlif məbləlğlərdə olmaqla 7000-20000 manat) ödəniş edilmişdir. İddiaçı isə hazırda cavabdehdən yalnız 2025-ci ilin aprel ayı üzrə əldə çıxmış fayda şəklində zərər tələb edir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının ərazisində yayımın distribütorluq hüquqları İddiaçı MMC-yə məxsus olan lisenziyalı idman yarışlarının yayım hüquqları cavabdeh "xxxx" MMC tərəfindən qanunsuz yayımlanması nəticəsində vurulmuş 10000 manat məbləğində zərərin əvəzi və ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar