Məhkəmə qərarları › İş №e-2-2(113)-423/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-423/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-423/2024 25.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş sənədin mötəbərliyi, dəbbə pulunun azaldılması, dəbbə pulu və qanuni faizin nisbəti, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 31 may 2022-ci il tarixli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə 2520 manat ƏDV, 17000 manat əsas borc, 6642 manat penya və əsas borca illik 5 faizlə hesablanmaqla 974 manat olmaqla ümumilikdə 27136 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22- AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsinə əsasən iddiaçı qanuni əsaslarla ona məxsus olan müqavilədə göstərilən maşın-mexanizmləri və avadanlıqları cavabdehin icarəsinə verməyi, cavabdeh isə həmin avadanlıqlardan təyinatına uyğun olaraq istifadə etməyi və müqaviləyə uyğun olaraq aylıq icarə haqqını tərtib olunmuş akta əsasən ödəməyi və ödəmə mənbəyindən tutulan vergini ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bağlanan 31 may 2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli 1 nömrəli müqaviləyə əlavəyə əsasən hesablanmış icarə haqqı borcunu dəfələrlə xəbərdarlıq edilsə də, bu günədək ödəməmişdir. Belə ki, xəbərdarlıq məktubunu cavabdeh iki aydan artıqdır, alsa da, ötən müddət ərzində ödənişlər edilməmiş, həmçinin mediasiya sessiyasına iştirak edilməmişdir. Ona görə də icarə haqqı borcunun alınması üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2, 424.5, 700.1-ci və s. maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsini, cavabdehdən 3000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini xahiş etmişdir.

5. İddiaya etiraz faktiki cəhətdən onunla əsaslandırılmışdır ki: 5.1. iddia tələbində göstərildiyi kimi, həqiqətən də iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli TİC-22-AC-İO-004 nömrəli icarə müqaviləsi və onun xx.xx.2022-ci il tarixli 1 nömrəli Əlavəsi mövcuddur. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.10-cu bəndinə əsasən, cavabdeh iddiaçıya aylıq icarə haqqını tərtib olunmuş akta əsasən ödəyir və ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini vergi orqanına təqdim edir. Müqavilənin bu müddəasından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş nəqliyyat vasitələrinin adları, iş günləri və icarə haqqı məbləğinin tərtib olunmuş aktlara əsasən ödənilməsi razılaşdırılmışdır. 5.2. Lakin iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş xx.xx.2023-cü il tarixli akt üzrə göstərilən nəqliyyat vasitələri cavabdehin icarəsində olmamışdır və iş materiallarına əlavə edilmiş həmin akt nə cavabdeh təşkilatın direktoru tərəfindən imzalanmış, nə də möhürlə təsdiq edilmişdir. Belə ki, aktda möhür hazırkı iş üzrə Cavabdeh MMC-yə yox, “X1” MMC-yə məxsusdur. Eyni zamanda həmin akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimə də cavabdehin direktoru tərəfindən yox, “C.Pirişov” adlı başqa bir şəxs tərəfindən imzalanmışdır. Nəzərə alınmalıdır ki, göstərilən akt üzrə hesablanmış icarə haqqı 14000 manat üstəgəl 2520 manat ƏDV məbləğidir. İddiaçının tələb etdiyi 17000 manat əsas borcun 14000 manatlıq hissəsi, 2520 manat ƏDV isə tam olaraq bu akta əsaslanır. Halbuki həmin akt cavabdeh tərəfindən qəbul edilməmiş və rəsmiləşdirilməmişdir. Tərəflər arasında bağlanmış adıçəkilən müqaviləyə görə isə ödənişlər yalnız tərtib olunmuş aktlara əsasən həyata keçirilməlidir. 5.3. Həmçinin tərəflər arasında iki dəfə icarə verilmiş nəqliyyat vasitələri ilə bağlı akt bağlanmış və həmin aktlara əsasən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilən məbləğlər tam şəkildə ödənilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, EBBZ 467669 seriya və nömrəli elektron qaimə (əsas borc 17600 manat + 3168 manat ƏDV) əsasında hesablanmış 17600 manat məbləğində əsas borc xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində avans, xx.xx.2022-ci il tarixdə 10000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 2600 manat məbləğində ödəniş tapşırıqları əsasında cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Eyni zamanda 3168 manat ƏDV ödənişi xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat və xx.xx.2022-ci il tarixdə 468 manat olmaqla tam şəkildə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. xx.xx.2022-ci il tarixli, EBCG 657108 seriya və nömrəli elektron qaimə (əsas borc 12949,99 manat + 2331 manat ƏDV) əsasında hesablanmış 12949,99 manat məbləğində əsas borc isə xx.xx.2022-ci il tarixdə 2949,99 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 4000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğində olmaqla ödəniş tapşırıqları əsasında cavabdeh tərəfindən iddiaçıya ödənilmiş və cəmi 3000 manat borc qalmışdır. Həmin qaimə üzrə 2331 manat ƏDV ödənişi xx.xx.2022-ci il tarixdə tam şəkildə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. 5.4. Beləliklə, göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçıya cəmi 3000 manat məbləğində əsas borcu mövcuddur. Məhkəməyə təqdim olunmuş və başqa təşkilatın nümayəndələrinin imzası və möhürü ilə təsdiqlənmiş akt cavabdeh tərəfindən qəbul edilmir və hazırkı kommersiya işi üzrə mötəbər sübut sayıla bilməz. Həmin akt üzrə hesablanmış borc məbləğini iddiaçının cavabdehdən istəməyə hüququ yoxdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş həmin akt başqa hüquqi şəxs tərəfindən imzalanıb möhürlənmiş, cavabdeh tərəfindən təsdiq edilməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli elektron qaiməni də hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir. Həmin elektron qaimə tərəflər arasında bağlanmış akt əsasında tərtib olunmalıdır. Elektron qaimə müstəqil şəkildə borc öhdəliyini yaradan sənəd deyildir və müqavilə şərtlərində icarə haqqı məbləğlərinin tərəflər arasında imzalanmış aktla təsdiq edilməsi birbaşa razılaşdırılmışdır.

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 442, 675, 700.1-ci və s. maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 76, 88-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə üç hesab-faktura tərtib edilmiş, xx.xx.2022-ci il tarixli hesab-fakturanın dəyəri tam ödənilmiş, xx.xx.2022-ci il tarixli hesabfaktura üzrə 3000 manat borc qalmış, xx.xx.2023-cü il tarixli hesab-faktura isə, ümumiyyətlə, ödənilməmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, iddia tələbində nəzərdə tutulmuş əsas borca illik 5 faizlə tutulan məbləğ üzrə hesablama 2023-cü ilin fevral ayının 16-dan etibarən aparılmışdır.

9. Məhkəmənin baxış iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, iddiaçıya xx.xx.2022-ci il tarixli hesab-faktura üzrə 3000 manat məbləğində borcları mövcuddur, lakin iddiaçı fəaliyyətini 2022-ci ilin noyabr ayından etibarən dayandırmışdır, bu səbəbdən xx.xx.2023-cü il tarixli hesab-fakturadan xəbərdar olunmamışdır. xx.xx.2023cü il tarixli hesab-faktura əsasında tərtib edilən elektron qaiməyə cavabdehin möhürü vurulsa da, “C.Pirişov” adlı şəxs imza etmişdir, cavabdehin isə belə bir işçisi olmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli aktda da digər hüquqi şəxsin möhürü vardır.

10. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, xx.xx.2023-cü il tarixli hesab-faktura əsasında tərtib edilən elektron qaimə ləğv edilməmiş, sistem tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli akta vurulan möhürün aid olduğu “X1” MMC ilə cavabdehin direktorunun eyni olması cavabdehin əvəzinə “X1” MMC-nin möhürünün yanlışlıqla vurulması mənasına gələ bilməz.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 31 may 2022-ci il tarixli TİC-22-AC-İO-004 nömrəli maşınmexanizmlərin və avadanlıqların icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilədə göstərilən maşın-mexanizmləri və avadanlıqları cavabdehə icarəyə verməyi, cavabdeh isə onları öz xidməti ehtiyaclarına uyğun olaraq istifadə etməyi və akta əsasən hər ay üçün köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və 2 aylıq bağlanmışdır. Daha sonra müqavilənin müddəti və maşın-mexanizm və avadanlıqların növləri ilə bağlı müqaviləyə 1 nömrəli əlavə bağlanmış, müqavilənin müddəti 31 mart 2023-cü il tarixədək uzadılmış, maşın növlərinə əlavələr edilmişdir. Adıçəkilən müqavilə üzrə xx.xx.2022-ci il tarixli hesab-faktura və EBBZ 467669 seriya və nömrəli elektron qaimə tərtib edilmiş və icarə haqqı ƏDV daxil 20768 manat müəyyən edilmişdir. Həmin icarə haqqının 5000 manatı avans ödənişi qaydasında xx.xx.2022-ci il tarixdə, qalan hissəsi isə xx.xx.2022-ci il tarixdə 10000 manat və xx.xx.2022-ci il tarixdə 2600 manat olmaqla tam ödənilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixli aktlar, xx.xx.2022-ci il tarixli hesab-faktura və EBCG 657108 seriya və nömrəli elektron qaimə tərtib edilmiş və icarə haqqı ƏDV daxil 15280,99 manat müəyyən edilmişdir. Həmin icarə haqqı üzrə xx.xx.2022-ci il tarixdə 2949,99 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat və xx.xx.2022-ci il tarixdə 3000 manat olmaqla ödənişlər edilmiş, 3000 manat qalıq borc qalmışdır. Hər iki elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 468 manat və 2331 manat olmaqla ƏDV tam ödənilmişdir.

15. İddiaçı cavabdehin etiraf etdiyi 3000 manat məbləğində icarə haqqı borcu ilə yanaşı həmçinin xx.xx.2023-cü il tarixli akt, hesab-faktura və xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 16520 manat pulun cavabdehdən tutulmasını tələb edir.

16. Cavabdeh adıçəkilən müqavilə üzrə cəmi 3000 manat borcun mövcud olduğunu qeyd edir, lakin xx.xx.2023-cü il tarixli aktın cavabdehin möhürü ilə möhürlənmədiyini, xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimənin C.Pirişov adlı şəxs tərəfindən imzalandığını bildirərək 16520 manat icarə haqqının tutulması hissəsində iddianın rədd olunmasını xahiş edir.

17. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Məhkəməyə təqdim edilən: - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 31 may 2022-ci il tarixli TİC-22-AC-İO- 004 nömrəli müqaviləyə əsasən istifadəyə verilmiş avadanlıqlar və iş günləri göstərilmiş, həmin akt iddiaçının direktoru tərəfindən imzalanmış və iddiaçının möhürü ilə möhürlənmiş, cavabdehin direktoru X2 tərəfindən imzalanmış, lakin “X1” MMC-nin möhürü ilə imzalanmışdır; - xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, 2520 manat ƏDV daxil olmaqla iddiaçı tərəfindən 16520 manat icarə haqqı hesablanmışdır; - xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimədən görünür ki, ƏDV daxil olmaqla 16520 manat icarə haqqın üçün həmin qaimə-faktura tərtib edilmiş, iddiaçının direktoru tərəfindən imza edilmiş və iddiaçının möhürü ilə təsdiqlənmiş, cavabdehin möhürü ilə təsdiqlənmiş, C.Pirişov adlı şəxs tərəfindən imzalanmışdır.

19. Məhkəmə tərəflər arasında formalaşmış işgüzar praktikaya əsasən qeyd edir ki, 31 may 2022-ci il tarixli TİC-22-AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə hər ay üçün icarə haqqının müəyyənləşdirilməsi prosesində bir qayda olaraq akt, hesab-faktura və elektron qaimələr tərtib edilmişdir. Həmin sənədlərdən hesab-fakturalar birtərəfli qaydada, elektron qaimə və aktlar isə ikitərəfli qaydada təsdiq olunmuşdur. Cavabdeh elektron qaimə nömrələrinə istinad edərək köçürmə yolu ilə icarə haqqını ödəmişdir.

20. Bu mənada hazırda mübahisələndirilən icarə haqqının (16520 manat) müəyyənləşdirilməsi üçün də birtərəfli qaydada xx.xx.2023-cü il tarixli hesab-faktura, ikitərəfli qaydada xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaimə və xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli akta müqavilədə, ona 1 nömrəli əlavədə və digər aktlarda olduğu kimi, X2 imza etmiş, xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaiməyə isə cavabdehin möhürü vurulmuşdur.

21. Belə olan halda, mübahisələndirilən icarə haqqının müəyyənləşdirilməsi prosesi, vəhdət halında götürülsə, cavabdehin möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir. Bu isə onu deməyə əsas verir ki, icarə obyektlərindən 16520 manat həddində istifadə edilməsi həqiqətə uyğundur.

22. Cavabdehin nümayəndəsi və vəkilinin xx.xx.2023-cü il tarixli akta “X1” MMC-nin möhürünün vurulması (X2 tərəfindən imza edilsə də) və xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaiməyə C.Pirişov adlı şəxsin imza etməsinin (cavabdehin möhürü vurulsa da) 16520 manat icarə haqqının əsassızlığına dəlalət etdiyi barədə mövqeyi ilə isə məhkəmə razılaşmır.

23. Belə ki, xx.xx.2023-cü il tarixli EBCP ******* seriya və nömrəli elektron qaiməyə cavabdehin möhürü vurulmuşdur.

24. Qanunverici möhürdən istifadəni Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələb kimi tərəflərin iradəsindən asılı etmişdir.

25. Belə ki, Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

26. Məhkəmə vurğulayır ki, mülki qanunvericilikdə müəssisənin adından tərtib olunan sənədlərdə onun möhürünün əks olunmasının zəruriliyi ilə bağlı bir sıra imperativ qaydalar da nəzərdə tutulmuşdur (MM-in 107-6.1, 362.5-ci maddələri və. s).

27. Bundan başqa, sənədlərin təsdiq olunması zamanı möhürün əhəmiyyəti həmçinin özündə hüquqi şəxslərin ləğvinə dair qaydaları əks etdirən Mülki Məcəllənin 61-ci və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-1 və 16.1-1.3-cü maddələrində göstərilmişdir. Belə ki, həmin maddi hüquq normalarında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürlərinin müvafiq icra hakimiyyəti orqanına təhvil verməli olması, möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərin verilməyəcəyi, möhür itirildiyi halda isə bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın təqdim edilməli olduğu nəzərdə tutulur.

28. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır.

29. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur.

30. Bu baxımdan hazırkı halda, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən əqdi, əksi sübut edilməyənədək, bəyənmişdir. Hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin onların möhürü ilə təsdiqlənmə halında möhürlə bağlı xüsusiyyətini tam araşdırmadan mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin (müqavilənin) birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.

31. Bu mənada nə qədər ki cavabdeh müvafiq möhürün itirildiyi və ya oğurlandığı barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyi, mətbu orqanda bu barədə məlumat dərc etdirdiyi və kontragentlərinə vaxtında məlumat verdiyinə dair sübutlar təqdim edə bilmir, məhkəmə möhürlə təsdiq olunmuş elektron qaimənin mötəbərliyinin şübhə altına alınmasını qeyri-ciddi qəbul edir. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh həmin elektron qaiməni ləğv və ya dəyişdirmə üçün göndərməmiş, sistem tərəfindən təsdiqlənməsinə etiraz etməmişdir.

32. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli akta “X1” MMC-nin möhürünün vurulması məsələsi işin nəticəsinə birbaşa təsir etmir. Lakin qeyd edilməlidir ki, cavabdeh ilə “X1” MMC-nin hazırkı qanuni təmsilçilərinin eyni şəxs olması (Qanuni nümayəndə) həmin akta digər şəxsin möhürünün yanlışlıqla vurulması ehtimalını istisna etmir.

33. İşin müəyyən edilmiş hallarına uyğun olaraq məhkəmə icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

34. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

35. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

36. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

37. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

38. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

39. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

42. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

43. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 31 may 2022-ci il tarixli icarə müqaviləsi üzrə 2520 manat ƏDV daxil olmaqla 19520 manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. b) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

44. İddia ərizəsində iddiaçı həmçinin 6642 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

45. 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22-AC-İO-004 nömrəli maşınmexanizmlərin və avadanlıqların icarə müqaviləsinin 2.1.6-cı bəndinə əsasən, icarəçi hazırkı müqavilə üzrə maşın-mexanizmlərin və avadanlıqların icarə haqqını icarəyə verənə müəyyən olunmuş müddət ərzində ödənilməsini ləngidərsə, icarəçi hər ötən gün üçün müqavilə dəyərinin 0,01%-i həcmində cərimə ödəməlidir.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

47. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

48. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

49. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22-AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə, sonuncu elektron qaimə də xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

50. Beləliklə, məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında cərimə məbləğinin 980 manat müəyyən olunması ağlabatan və ədalətlidir və Cavabdeh MMC-dən həmin məbləğ tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) İcarə müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

51. İddiaçı həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 974 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş edir.

52. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin icarə müqaviləsi üzrə öhdəliklərin icrası gecikdirilərkən qüvvədə olan redaksiyası).

53. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

54. Lakin əvvəla qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsi istisna olunur. Hazırda iddiaçı 31 may 2022-ci il tarixdə bağlanmış TİC-22-AC-İO-004 nömrəli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsinin 2.1.6-cı bəndindən çıxış edərək daha böyük məbləğ tələb edir.

55. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

56. Hazırkı işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 974 manat məbləğində pulun tutulması mümkün deyildir.

57. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilməklə 974 manat pul məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.

d) Məhkəmə xərcinin tutulması ilə bağlı

58. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 210 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

59. İddia ərizəsinə əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli, MŞB/1/2023-00235 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

60. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

61. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

62. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

63. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

64. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

65. İş materialları ilə müəyyən olunur ki, icarə haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

66. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli maşın-mexanizmlərin və avadanlıqların icarə müqaviləsi üzrə 2520 (iki min beş yüz iyirmi) manat ƏDV daxil olmaqla 19520 (on doqquz min beş yüz iyirmi) manat əsas borc, 980 (doqquz yüz səksən) manat dəbbə pulu olmaqla ümumilikdə 20500 (iyirmi min beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar