Məhkəmə qərarları › İş №e-2-2(113)-424/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-424/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-424/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən icarə haqqına görə yaranmış 10240,7 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC-nin “GHC” filialı arasında 28 fevral 2020-ci il tarixində, 22/4 saylı Əməliyyat sahəsinin icarəsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC 01 mart 2020-ci il tarixindən Azərbaycan Respublikası, Bakı şəhəri, X2 Aeroportu ünvanında yerləşən Bakı Karqo Terminal inzibati binasında sahəsi 19 kv/m olan əməliyyat sahəsini icarəyə götürmüş, aylıq ƏDV xaric 2850 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 01 sentyabr 2020-ci il tarixində icarə sahəsi 9,4 kv/m dəyişdirilmiş və icarə haqqı aylıq ƏDV xaric 1410 manat olmuşdur. Lakin, cavabdeh 2021-ci ilin yanvar, fevral, aprel və may aylarının ödənişindən yayındığına görə 01 iyun 2021-ci il tarixinə onun müqavilə üzrə əsas borc üzrə 6655,20 manat, dəbbə pulu üzrə 3585,50 manat, ümumilikdə 10240,7 manat borcu yaranmışdır. Cavabdehin icarə haqqını ödəməməsi səbəbindən müqavilənin 10.3-cü bəndinə əsasən iddiaçı tərəfindən 01 iyun 2021-ci il tarixindən müqaviləyə bir tərəfli qaydada xitam verilmişdir. Həmçinin, cavabdeh zəmanət məktubu ilə iddiaçıya müraciət edərək borcunun 5000 manat məbləğində vəsaitin 1000 manat məbləğində hissəsini 16 aprel 2021-ci ildə, 2000 manat məbləğində olan hissəsinin 2021-ci il aprel ayının sonunadək, digər 2000 manat məbləğində hissəsinin isə 10 may 2021-ci il tarixinədək ödəməsinə dair zəmanət vermişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli, 22/4 saylı əməliyyat sahəsinin icarə müqaviləsinə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış 19 kv.m olan əməliyyat sahəsini 6 ay müddətinə icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını icarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Əməliyyat sahəsi üzrə icarə haqqı ƏDV nəzərə alınmadan, hər kv.m 150 manat olmaqla, 19 kv.m sahəyə görə 2850 manat təşkil edir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli, 22/4 saylı əməliyyat sahəsinin icarə müqaviləsinin 01 sentyabr 2020-ci il tarixli 2 saylı əlavəsinə əsasən əməliyyat sahəsi üzrə icarə haqqı ƏDV nəzərə alınmadan, hər kv.m 150 manat olmaqla, 9,4 kv.m sahəyə görə 1410 manat təşkil edir. - 26.01.2021-ci il tarixli, EBAW seriyalı, 571453 saylı elektron qaiməyə əsasən yanvar ayı üzrə sahənin icarəsi ilə bağlı 1663,8 manat, 27.02.2021-ci il tarixli, EBAY seriyalı, 014249 saylı elektron qaiməyə əsasən fevral ayı üzrə sahənin icarəsi ilə bağlı 1663,8 manat, 29.04.2021-ci il tarixli, EBBA seriyalı, 945115 saylı elektron qaiməyə əsasən aprel ayı üzrə sahənin icarəsi ilə bağlı 1663,8 manat, 26.05.2021-ci il tarixli, EBBC seriyalı, 260136 saylı elektron qaiməyə əsasən may ayı üzrə sahənin icarəsi ilə bağlı 1663,8 manat məbləğində borcu yaranmışdır. - Cavabdeh MMC-nin direktoru Rəşad Seyidovun İddiaçı MMC-nin “GHC” filialının direktoruna ünvanladığı məktubun surətindən görünür ki, cavabdeh tələb olunan borc məbləğindən 5000 manat hissəsini etiraf etmiş və hissə-hissə ödənişlər həyata keçirmək öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli, 22/4 saylı əməliyyat sahəsinin icarə müqaviləsinin 01 sentyabr 2020-ci il tarixli 2 saylı əlavəsi üzrə 6655,2 manat əsas borc və 3585,5 manat məbləğində dəbbə pulu üzrə borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin borcun qismən qəbul edilməsi barədə iddiaçıya ünvanlanmış məktubu və elektron qaimələrlə təsdiqini tapdığından iddia tələbinin təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli, 22/4 saylı əməliyyat sahəsinin icarə müqaviləsinin 01 sentyabr 2020-ci il tarixli 2 saylı əlavəsi üzrə 6655,2 manat əsas borca 3585,5 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli, 22/4 saylı əməliyyat sahəsinin icarə müqaviləsinin 01 sentyabr 2020-ci il tarixli 2 saylı əlavəsi üzrə hesablanmış 3585,5 manat dəbbə pulunun miqdarı azaldılaraq 350 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 6655,2 manat məbləğində əsas borc və 350 manat məbləğində dəbbə pulu olmaqla cəmi 7005,2 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 83 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar