Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-424/2024 16.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Yigitler Serhata qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, prosessual maraq, dövlət zəmanəti, dəbbə pulunun azaldılması, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Yigitler Serhata qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Yigitler Serhata qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsinə əsasən 6700,41 manat əsas borc, 510,92 manat faiz borcu, 1107,14 manat cərimə borcu olmaqla ümumilikdə 8318,47 manat məbləğində pulun və ödənilmiş 4 manat dövlət rüsumunun, 100 manat mediasiya xərcinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-03800LE/2019 saylı razılaşma imzalanmışdır. Həmçinin adıçəkilən cavabdehlə iddiaçı arasında xx.xx.2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsi imzalanmış və iddiaçı tərəfindən Azərbaycan Respublikası X2 12 mart 2021-ci il tarixli ZM-647/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Cavabdeh2 MMC-yə illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 18692 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 MMC-nin iddiaçı qarşısında olan DCS00312710-02 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə cavabdeh Yigitler Serhat arasında xx.xx.2021-ci il tarixli DGS**********41 saylı zaminlik müqaviləsi bağlanmışdır 2.2. Lakin Cavabdeh2 MMC DCS00312710-02 saylı müqavilə üzrə öhdəliklərini 316 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən iddiaçıya ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. 2.3. Göstərilənlərə əsasən iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubları göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. 2.4. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 100 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1, 465.2-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5917/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, xx.xx.2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsi üzrə faiz borcunun bir hissəsinin ödənilməsinə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəmanət verilsə də, Cavabdeh2 MMC tərəfindən kredit təyinatı üzrə istifadə edilmədiyindən həmin 07 mart 2023-cü il tarixli məktubla zəmanət ləğv edilmiş, müqavilə şərtlərinə uyğun olaraq həmin faiz məbləği də hazırda cavabdehlərdən tələb edilir. Eləcə də 2022-ci ilin oktyabr ayından kredit müqaviləsi üzrə borcalan tərəfindən ödənişlər edilmədiyindən fond tərəfindən də ödənişlər dayandırılmışdır. Bundan başqa, iddia ərizəsində tələb edilən faiz borcu müqavilə müddətinə hesablanan faiz borcudur.
8. Cavabdehlər Yigitler Serhat və Cavabdeh2 MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri sonuncunun X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, sonuncunun hüquqi ünvanına, digər cavabdehin rəsmi qeydə alındığı ünvanlara göndərilməklə, cavabdeh Yigitler Serhatın (eyni zamanda digər cavabdehin qanuni təmsilçisi) mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Bank qismində) ilə Cavabdeh2 MMC (Müştəri qismində) arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmanın şərtlərindən görünür ki, Müştəri bu Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang.az/” link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.3 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.
13. Məhkəməyə təqdim edilən iddiaçı (Kreditor qismində) ilə Cavabdeh2 MMC (Borclu qismində) arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 01 aprel 2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsinin müqavilənin predmeti ilə bağlı şərtlərindən görünür ki, Kreditor Azərbaycan Respublikası X2 12 mart 2021-ci il tarixli ZM- 647/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borcluya 18692 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 (altı) ay olmaqla) kredit verir (1.1). Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir (1.2). Kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün Borclunun AZ1100, ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir (1.3). Borclu kredit vəsaitini digər kredit öhdəliklərinin icrasına yönəltməyəcəyini, özünün maliyyə vəziyyəti, üçüncü şəxslər qarşısında olan öhdəlikləri barədə Kreditorun tələb etdiyi qaydada tam və dəqiq məlumat verdiyini və əmlakı üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, girov/ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud olmadığını bəyan edir. Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi Kreditora əsas öhdəliyin vaxtından əvvəl icrasının və ya bu müqavilənin şərtlərinin dəyişdirilməsini, yaxud bu müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir (1.4).
14. Adıçəkilən müqavilənin kredit üzrə faizlərin hesablanması və ödənişlərin həyata keçirilməsi barədə şərtlərindən görünür ki, kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. Əgər ödəniş günü iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş iş günü hesab olunmayan gündən sonra gələn növbəti iş günü ödənilir (2.1). Kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir (2.2). Kredit müqaviləsinə uyğun olaraq Borclu tərəfindən aparılan ödənişlər Kreditor tərəfindən akseptsiz qaydada aşağıdakı ardıcıl istiqamətlərə yönəldilir (2.3): bu müqavilənin 3.2.11-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa); Borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən Kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); dəbbə pulu (əgər varsa); hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); əsas borc üzrə ödənişlər.
15. Həmin müqavilənin faiz subsidiyası ilə əlaqədar şərtlərindən görünür ki, Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir (7.1). Fond tərəfindən 12 mart 2021-ci il tarixli ZM-647/2021 nömrəli Zəmanət məktubu ləğv ediləcəyi təqdirdə (zəmanət verilmiş kreditin restrukturizasiyası və təyinatına uyğun istifadə edilməməsi halları istisna olmaqla), Kreditor kreditin illik faiz dərəcəsini faiz subsidiyası üzrə Fond tərəfindən ödəniləcək 7,5% faiz bəndi həcmində aşağı salır və bununla bağlı tərəflər bu müqaviləyə dəyişikliklər edirlər (7.2). Bu müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, digər hallarda faiz subsidiyasının ödənilməsi ləğv edildikdə, Fond tərəfindən faiz subsidiyasının ödənilməsi dayandırılan dövr də daxil olmaqla Borclu kredit müqaviləsi üzrə illik faiz dərəcəsinə uyğun olaraq hesablanmış faizləri ödəməyə davam edir (7.3).
16. 01 aprel 2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsinə əlavə edilən faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2021-ci il, son ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla ümumilikdə 18692 manat əsas borc, 3700,68 manat faiz borcu ödənilməsi nəzərdə tutulmuş, faiz borcundan 1850,34 manat məbləğində hissəsinin subsidiya ödənişini təşkil edəcəyi razılaşdırılmışdır.
17. İş materiallarında olan iddiaçı (Kreditor qismində) ilə Cavabdeh2 MMC (Borclu qismində) və Yigitler Serhat (Zamin qismində) arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 01 aprel 2021-ci il tarixli DGS**********41 saylı zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Zamin Kreditor və Borclu arasında Bakı şəhərində bağlanmış 01 aprel 2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün Borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür (1.1). Kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir (1.2): kreditin məbləği 18692 manat; kredit üzrə illik 15 faiz dərəcəsinə əsasən hesablanan faizlər; kreditin qaytarılma tarixi 24 ay müddətinə 01 aprel 2023-cü il tarixinədək (Zaminin əlavə razılığı olmadan, Kreditor ilə Borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər); kredit üzrə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli ilə müəyyən edilmiş olan ödənişlər (əsas borc və ona hesablanan faizlər kredit müqaviləsində müəyyən edilmiş qaydada ödənilir. Borclu tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti ödənişlərin məbləği kredit müqaviləsinin şərtlərinə müvafiq qaydada azaldıla bilər). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Borclu Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (1.3). Zamin Kreditor qarşısında kredit məbləğinin, ona hesablanmış faizlərin, cərimə məbləğinin, borc tutulması üzrə məhkəmə xərclərinin, təminatın sığorta xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (1.4).
18. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının X2 iddiaçıya ünvanladığı 07 mart 2023-cü il tarixli 3-21-8/2-764/2023 nömrəli məktubdan görünür ki, ZM-647/2021 nömrəli xx.xx.2021-ci il tarixli zəmanət məktubu əsasında Cavabdeh2 MMC-yə ayrılmış kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək məqsədilə fond tərəfindən bankın nümayəndəsinin və sahibkarlıq subyektinin iştirakı ilə keçirilmiş monitorinq nəticəsində kreditlərin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 10.3.6-cı yarımbəndinə əsasən zəmanət verilmiş kredit məbləği kredit müqaviləsinə uyğun olaraq təyinatı üzrə istifadə edilmədikdə kredit üzrə verilmiş zəmanət ləğv edilir. Qeyd edilənlərə əsasən, dövlət zəmanəti verilmiş kreditdən təyinatı üzrə istifadə edilməməsi səbəbindən Cavabdeh2 MMC-yə ayrılmış kredit üzrə dövlət zəmanəti ləğv edilmişdir.
19. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, DCS00312710-02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin iddiaçıya olan əsas borcu 6700,41 manat, faiz borcu isə 510,92 manat təşkil edir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün, qaytarılmaq, faizlər ödəmək və əsas borcun ödənilməsinə 6 ay möhlət verilməsi şərti ilə cavabdehə 18692 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin adıçəkilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdeh Yigitler Serhat ilə 01 aprel 2021-ci il tarixli DGS**********41 saylı zaminlik müqaviləsi bağlanmış, sonuncu, Cavabdeh2 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 MMC kredit məbləğini təşkil edən 18692 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 6700,41 manat əsas borc, 510,92 manat faiz borcunun tutulmasını xahiş edir.
22. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
23. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
26. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
27. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
28. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
32. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
33. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
34. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər ilə) bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
35. Cavabdeh2 MMC-yə məxsus İddiaçı ASC-də açılmış AZ30PAHA40060AZNHC********** nömrəli bank hesabından xx.xx.2021 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışlardan görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək edilmiş ödənişlərdən 11991,59 manat əsas borca, 1806,87 manat faiz borcuna silinmişdir.
36. Həmçinin təqdim edilən AZ07PAHA25019AZN nömrəli hesabdan xx.xx.2021 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1596,7 manat faiz borcu ödənmişdir.
37. Bundan başqa, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş dövlət zəmanəti 07 mart 2023-cü il tarixli məktubla ləğv edilsə də, fond tərəfindən edilmiş sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmişdir.
38. Bu halla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 9.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatı hər ay üzrə hesablanmış faizlərin subsidiya nəzərə alınmaqla yarı hissəsinin sahibkarlıq subyektləri tərəfindən faktiki ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti növbəti ayın ilk 3 (üç) iş günü müddətində Fonda təqdim edir. Həmin Qaydanın 9.2-ci bəndinə əsasən, fond bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 5 (beş) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə müvəkkil kredit təşkilatının hesabına köçürür: bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – cədvəldə göstərilən məbləğdə; bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.
39. Bu mənada məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən faiz məbləği üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə aparıldığından fond tərəfindən həmin tarixdən dövlət zəmanətinin ləğv edildiyi xx.xx.2023-cü il tarixədək hər hansı ödənişin aparılmaması bilavasitə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”ndan irəli gəlir.
40. Belə olan halda, Cavabdeh2 MMC-nin 01 aprel 2021-ci il tarixli DCS00312710- 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 6700,41 manat, faiz borcu isə 510,92 manat təşkil edir.
41. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
42. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
43. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
44. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 01 aprel 2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsi üzrə 6700,41 manat əsas borc, 510,92 manat faiz borcu cavabdehlər Cavabdeh2 MMC və Yigitler Serhatdan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
45. İddiaçı 1107,14 manat cərimə məbləğinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
46. Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 01 aprel 2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
47. Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 01 aprel 2021-ci il tarixli DGS**********41 saylı zaminlik müqaviləsinin 1.2.3-cü maddəsinə əsasən, kredit üzrə ödəniş öhdəliyi vaxtında icra edilmədikdə illik 15 dərəcəsinə əsasən hesablanan cərimə də zamin durulan öhdəliyin məzmununa daxil edilmişdir.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
51. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilsə də, iddiaçı uzun müddət sonra, yəni kredit müqaviləsinin müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
52. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 335 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
53. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 335 manat pul cavabdehlər Cavabdeh2 MMC və Yigitler Serhatdan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
54. İddiaçı 100 manat mediasiya xərcinin və ödənilmiş 4 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.
55. İddia ərizəsinə əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli MŞB\9\2023-01792 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, hər iki tərəf prosesinin davam etdirilməsinə razılıq verməmiş və mediasiya xərci olaraq 100 manat iddiaçı tərəfindən ödənilmişdir.
56. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən 4 manat məbləğində dövlət rüsumu ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
59. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
60. Göründüyü kimi, kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
61. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
62. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §51) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.
63. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 manat cavabdehlər Cavabdeh2 MMC və Yigitler Serhatdan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 01 aprel 2021-ci il tarixli DCS00312710-02 saylı kredit müqaviləsi üzrə 6700 (altı min yeddi yüz) manat 41 (qırx bir) qəpik əsas borc, 510 (beş yüz on) manat 92 (doxsan iki) qəpik faiz borcu, 335 (üç yüz otuz beş) manat cərimə borcu olmaqla ümumilikdə 7546 (yeddi min beş yüz qırx altı) manat 33 (otuz üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Yigitler Serhatdan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Yigitler Serhatdan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova