Məhkəmə qərarları › İş №e-2-2(113)-424/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-424/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-424/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Khachishvili Konstantin, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Khachishvili Konstantin, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Khachishvili Konstantin, Cavabdeh3 və Cavabdeh4 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 33305,3 manat, faiz borcuna görə 3417,06 manat, dəbbə borcuna görə 2795,71 manat, cəmi 39518,07 manat məbləğində pulun və 209 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin Kaspian Filialı ilə Cavabdeh4 MMC arasında bağlanmış 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsinə əsasən illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 70000 (yetmiş min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 23 fevral 2023-cü il tarixdə İddiaçıASC-nin Kaspian Filialı ilə digər cavabdeh(lər) Cavabdeh3Tamerlanovna, Cavabdeh1 və Konstantin Khachishvili arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh4 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 23-dən gec olmayaraq hər ay 4433,24 (dörd min dörd yüz otuz üç manat iyirmi dörd qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh4 MMC-nin 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 33305,3 (otuz üç min üç yüz beş manat otuz qəpik) manat, faiz borcuna görə 3417,06 (üç min dörd yüz on yeddi manat altı qəpik) manat, dəbbə borcuna görə 2795,71 (ikimin yeddi yüz doxsan beş manat yetmiş bir qəpik) manat, borcun cəmi məbləği 39518,07 (otuz doqquz min beş yüz on səkkiz manat yeddi qəpik) manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Məmmədova iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəmə icraatı dövründə iddiaçıya hər hansı ödəniş edilməmiş, ekspert tərəfindən müqavilə üzrə edilmiş ödənişlər üzrə düzgün silinmələr aparılmadığı üçün iddia ərizəsi ilə rəy arasında fərq yaranmışdır. Bu səbəbdən iddianın tam şəkildə təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 23 fevral 2023-cü il tarixli, RB/KF- 90 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 17 % (onyeddi) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 70000 (yetmiş min) manat məbləğində kredit verilmişdir.

8. Müqavilənin 6.2-ci bəndinə görə borcalan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş gün üçün hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.

9. İddiaçı ASC-nin Kaspian filialı ilə Khachishvili Konstantin arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB-KF-90 saylı zaminlik müqaviləsinə görə, sonuncu 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borcalanın öz öhdəliklərini icra etməsi ilə bağlı onunla birlikdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

10. İddiaçı ASC-nin Kaspian filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB-KF-90 saylı zaminlik müqaviləsinə görə, sonuncu 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borcalanın öz öhdəliklərini icra etməsi ilə bağlı onunla birlikdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

11. İddiaçı ASC-nin Kaspian filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB-KF-90 saylı zaminlik müqaviləsinə görə, sonuncu 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borcalanın öz öhdəliklərini icra etməsi ilə bağlı onunla birlikdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

12. Zaminlik müqavilələrinin 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

13. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, RB-02/PK-3604 saylı maliyyə arayışına görə 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı müqavilə üzrə Cavabdeh4 MMC-nin xx.xx.2024-cü il tarixə olan əsas borcu 33305,3 manat, faiz borcu 3417,06 manat və cərimə borcu 2795,71 manat təşkil edir.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9749 nömrəli ekspert rəyinə görə 23 fevral 2023-cü il tarixli, RB/KF-90 saylı müqavilə xx.xx.2024-cü il tarixə olan əsas borc 33793,23 manat, faiz borcu 3077,21 manat, xx.xx.2024-cü il tarixə olan əsas borc 33793,23 manat, faiz borcu 4992,16 manat təşkil edir.

15. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (müqavilənin bağlandığı vaxt qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

18. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh4 MMC-yə iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli krеdit müqaviləsinə əsasən illik 17 faizlə 18 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə digər cavabdehlərlə iddiaçı arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh4 MMC krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Bununla yanaşı iddia ərizəsində ödənilməli olan əsas borcun 33305,30 manat, faiz borcunun məbləğinin isə 3417,06 manat olmasını göstərilmişdir.

24. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir.

25. Lakin ekspert rəyində göstərilmiş əsas borc məbləği (33793,23 manat) iddia ərizəsində tələb edilən əsas borcdan çox müəyyən edilmiş, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün tutulacaq əsas borc məbləği iddia ərizəsində göstərilən həddə müəyyən edilməlidir.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcun tutulması hissəsində əsaslı olduğundan qismən (faiz hissədə ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlərdən birgə qaydada 33305,30 manat əsas borc, 3077,21 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 2795,71 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 1500 manat məbləğində müəyyən edilməlidir.

31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 33305,30 manat əsas borc, 3077,21 manat faiz borcu, 1500 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 33305,30 manat əsas borc, 3077,21 manat faiz borcu, 1500 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 203,65 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, 5,35 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

34. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Khachishvili Konstantin, Cavabdeh3 birgə (müştərək) qaydada 33305,30 manat əsas borc, 3077,21 manat faiz borcu, 1500 manat dəbbə pulu, 203,65 manat dövlət rüsumu, ümumilikdə 38086,16 (otuz səkkiz min səksən altı manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5,35 (beş manat otuz beş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Khachishvili Konstantin, Cavabdeh3 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar